Ulu öndərin xatirəsinə ithaf edilmiş musiqi axşamı

 

Dekabrın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş musiqi axşamı keçirilib.

 

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ulu öndər Heydər Əliyevin müasir Azərbaycan tarixində müstəsna yerindən, xalq və dövlət qarşısında misilsiz xidmətlərindən söhbət açıb. Qeyd olunub ki, Azərbaycan xalqı ümummilli liderin şəxsiyyətinə bəslədiyi hörməti qəlbində qoruyub saxlayır və Vətənin işıqlı gələcəyinə inanır.

Nazir deyib: “Ən çətin və qarışıq dövrdə - ötən əsrin 90-cı illərinin əvvəllərində ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı və ölkəni parçalanmaqdan qorudu, müstəqilliyimizi dönməz etdi, dövlətçiliyimizi möhkəmləndirdi. Bu gün Azərbaycan dünya miqyasında layiqli yer tutur. Heydər Əliyev məktəbinin yetirməsi və onun dövlətçilik xəttinin layiqli davamçısı olan Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan iqtisadi, mədəni yüksəliş yolunda irəliləyir”.

Əbülfəs Qarayev çıxışında onu da vurğulayıb ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində mədəniyyətimiz dünyada uğurla təmsil olunur.

Bakı dünyanın mədəniyyət mərkəzinə çevrilib. “Azərbaycan xalqı nə qədər yaşayırsa, Heydər Əliyevin də adı bir o qədər yaşayacaq”, - deyə nazir vurğulayıb.

Sonra ulu öndərin xatirəsinə həsr olunmuş konsert proqramı təqdim olunub. Gecədə Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər - Xalq artisti Gülbacı İmanova) çıxış edib. Proqramda Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Cüzeppe Verdi, Georq Hendel və Karl Orfun əsərləri səsləndirilib.

 

Mədəniyyət.- 2015.- 16 dekabr.- S. 8.