Ümummilli liderin xatirəsi silsilə tədbirlərlə anılıb

 

Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsi Mədəniyyət və İncəsənət Universitetinin kollektivi tərəfindən silsilə tədbirlərlə qeyd olunub.

 

Dekabrın 10-da ADMİU-nun müəllim və tələbə heyətinin və 158 saylı orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə anım mərasimi keçirilib. Tədbirdə Heydər Əliyevin tarixi xidmətlərindən, bütün sahələrə göstərdiyi diqqət və qayğıdan, onun qoyduğu bu irsin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söz açılıb. Ulu öndərin sevdiyi mahnılar, musiqi nümunələri universitetin tələbələrdən ibarət instrumental ansamblın müşayiəti ilə İlqar Muradov, Zakir Əliyev və başqaları tərəfindən ifa olunub. Bədii qiraət ustaları Ağalar Bayramov, Azad Şükürov Heydər Əliyevə həsr olunan poeziya nümunələrini səsləndiriblər, ədəbi-bədii kompozisiya təqdim olunub.

Dekabrın 11-də universitetin professor-müəllim heyəti Heydər Əliyev Mərkəzini ziyarət edib, mərkəzin fəaliyyəti, Heydər Əliyev irsinin tədqiqi və təbliğinə xidmət edən layihələrlə tanış olublar.

Həmin gün ADMİU-nun foyesində Heydər Əliyevin büstü qarşısında xatirə mərasimi keçirilib. Universitetin rektoru, professor Fərəh Əliyeva Heydər Əliyevin Azərbaycan tarixində rolundan, mədəniyyət və incəsənətə göstərdiyi diqqət və qayğıdan söhbət açıb. Professorlar Aqşin Babayev, Zamiq Əliyev böyük şəxsiyyətlə bağlı yaddaşlarına həkk olan maraqlı xatirələrini bölüşüblər.

Sonra “Vəsiyyətin andımızdır” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

 

Mədəniyyət.- 2015.- 16 dekabr.- S. 7.