Musiqi festivalı çərçivəsində elmi konfrans

 

Dekabrın 15-də Bəstəkarlar İttifaqında Xalq artisti, tanınmış bəstəkar Tofiq Bakıxanovun 85 illiyinə həsr olunan musiqi festivalı çərçivəsində elmi konfrans keçirildi.

 

Tədbirdə çıxış edən qurumun sədri, Xalq artisti, professor Firəngiz Əlizadə festival çərçivəsində keçirilən tədbirlərdən danışdı. Bildirdi ki, Tofiq Bakıxanov yaradıcılığı bənzərsizdir. O, professional bir sənətkar kimi musiqinin demək olar ki, bütün janrlarına müraciət edib, bir-birindən gözəl əsərlər yaradıb. Onun insanların ruhunu oxşayan musiqi əsərləri xalqlar və ölkələr arasında dostluğu, qardaşlığı və sülhü təbliğ edib. Bəstəkar rus, gürcü, özbək, qazax şairlərinin əsərlərinə musiqilər yazıb. Firəngiz Əlizadə qocaman sənətkara cansağlığı və yeni yaradıcılıq uğurları arzu etdi.

Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxışında qeyd etdi ki, Tofiq Bakıxanovun yaradıcılıq yolu bəstəkar, ifaçı və pedaqoq kimi sənətə fədakar bağlılıq nümunəsidir. Müasir insanın obrazı, zəngin daxili aləmi və nikbin dünya duyumu onun əsərlərinin əsas məzmununu təşkil edir.

Əməkdar incəsənət xadimləri, professorlar İmruz Əfəndiyeva, Telman Hacıyev, BMA-nın dosenti, sənətşünaslıq namizədi Hökümə Əliyeva, Həsən Cəbrayılov, Nərminə Bayraməlibəyli, filologiya üzrə fəlsəfə doktoru Gülzar İbrahimqızı və digər çıxış edənlər Tofiq Bakıxanovun yaradıcılıq məziyyətlərindən, mövzu rəngarəngliyindən söz açdılar.

Sonda yubilyar çıxış etdi və tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.

 

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 16 dekabr.- S. 6.