Rəşid Behbudovun doğum günündə xatirəsi yad edildi

 

Mahnı Teatrının qarşısında görkəmli müğənninin abidəsi ucaldılacaq

 

Dekabrın 14-də dünya şöhrətli müğənni, SSRİ-nin və Azərbaycanın Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun (1915-1989) anadan olmasının 100 illiyi münasibətilə Fəxri xiyabanda, sənətkarın məzarı önündə anım mərasimi keçirildi. Mərasimdə sənətkarın yaxınları, vaxtilə onunla birgə çalışmış musiqiçilər, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.

 

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək bildirdi ki, Rəşid Behbudov Azərbaycan mədəniyyəti tarixində böyük xidmətləri olan unudulmaz sənətkarlarımızdan biridir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 mart 2015-ci il tarixdə Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın icrası ilə bağlı tədbirlər davam edir. Sənətkarın adını daşıyan küçədə, Rəşid Behbudov adına Mahnı Teatrının qarşısında onun görkəmli abidəsi ucaldılacaq. Abidənin müəllifi Xalq rəssamı, professor Fuad Salayevdir”.

Bildirildi ki, Rəşid Behbudovun yubileyi ilə bağlı təntənəli tədbir də heykəlin açılışı ilə eyni vaxta - 2016-cı ilin aprel ayına nəzərdə tutulub.

Nazir müavini həmçinin əlavə etdi ki, sənətkarın yubileyi Moskva, Tbilisi, Mahaçqala və digər şəhərlərdə də qeyd ediləcək. Yubileylə əlaqədar Rəşid Behbudovun ifalarından ibarət musiqi albomu, fotoalbom, poçt markaları, həyat və yaradıcılığına həsr edilmiş sənədli film sənətsevərlərin ixtiyarına veriləcək.

Ədalət Vəliyev sənətkarın yaradıcılığı haqqında danışarkən bildirdi ki, Rəşid Behbudov mənalı və şərəfli bir ömür yaşayıb. Gənc yaşlarından musiqi təhsili alaraq mükəmməl, professional musiqiçi kimi yetişib. Azərbaycan mədəniyyətinin teatr, kino, solo ifaçılığı sahəsində öz dəst-xəttini, məktəbini yaradıb. Onun şah əsəri isə 1966-cı ildə yaratdığı və ömrünün sonuna kimi rəhbərlik etdiyi Mahnı Teatrıdır. Bu kollektivlə dünyanın bir çox ölkələrində Azərbaycanı təbliğ və tərənnüm edib, keçmiş SSRİ-nin ən böyük titullarına layiq görülüb.

Vurğulandı ki, Rəşid Behbudovun yaradıcılığı o dövrdə respublikaya rəhbərlik edən ulu öndər Heydər Əliyevin daim diqqətində olub. Onun 100 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin sərəncamı da böyük sənətkara bu diqqətin davamıdır. Rəşid Behbudov 27-ci ildir ki, aramızda deyil, amma səsi, xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayır.

Anım mərasimində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Xalq artisti Mübariz Tağıyev və digərləri bildirdilər ki, Rəşid Behbudovun səsi Azərbaycanı dünyaya tanıdıb. Üzeyir Hacıbəyli, Rauf Hacıyev, Tofiq Quliyev və digər bəstəkarlarımızın bəstələri onun ifasında qitələri fəth edib. Rəşid sənəti Azərbaycanı dünya xalqlarına sevdirib. Lirik-dramatik tenor səsi olan Rəşid Behbudov öz ifasında təmiz və səlis Azərbaycan dilinin gözəlliyini bizlərə təqdim edirdi. Onun obrazı və işıqlı xatirəsi daim bizimlədir.

Ailə üzvləri adından çıxış edən sənətkarın həyat yoldaşı Ceyran Behbudova silsilə yubiley tədbirlərinin təşkilinə görə əlaqədar təşkilatlara dərin təşəkkürünü bildirdi. Həyat yoldaşının keçdiyi sənət yolu, ictimai xadim kimi fəaliyyətini xatırlayan Ceyran xanım anım mərasiminə gələn hər kəsə minnətdarlığını ifadə etdi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 16 dekabr.- S. 4.