Türk ölkələrinin arxitekturası: tarix və bu gün

 

Ölkəmiz beynəlxalq konfransda təmsil olunub

 

Dekabrın 7-dən 12-dək İtaliyanın Florensiya şəhərində Del Bianko Fondu və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə “Türk ölkələrinin arxitekturası: tarix və bu gün” adlı beynəlxalq konfrans keçirilib. Tədbirin rəsmi hissəsində Del Bianko Fondunun prezidenti Romualdo del Bianko, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Türk Dünyası Mühəndislər və İnşaatçılar Birliyinin baş katibi İlyas Demirci, Qazaxıstanın İnşaat və Mülki Mühəndislik Akademiyasının rektoru Amirlan Kusainov çıxış ediblər. G.Məmmədova və R. del Bianko çıxışlarında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Fondla əməkdaşlığını xüsusi vurğulayıblar.

Konfransda Mədəniyyət və Turizm Nazirliyinin Qoruqlarla iş, tarix-mədəniyyət abidələrinin monitorinqi və təbliği sektorunun müdiri Könül Cəfərova və “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimli də iştirak edib. Tədbirdə “Azərbaycanda restavrasiya işlərinin metodologiyası”, “Azərbaycan saraylarının arxitekturası”, “İçərişəhər - canlı tarix”, “Azərbaycan memarlığında sütun-qübbəli məscidlərin tipoloji xüsusiyyətləri”, “Azərbaycanın tranzit yolları üzərində qurulmuş tarixi körpülərin memarlığı”, “Azərbaycanda alman memarlığının mühafizəsi və müasir istifadəsi” və s. mövzularda çıxışlar da dinlənilib.

 

Mədəniyyət.- 2015.- 16 dekabr.- S. 4.