Böyük sənətkar haqqında miniatür kitab

 

Xalq yazıçısı Elçinin "Mən gedirəm, ağlama... Rəşid Behbudovun sənəti və şəxsiyyəti" kitabının təqdimatı keçirildi

 

Dekabrın 11-də Miniatür Kitab Muzeyində Xalq yazıçısı Elçinin “Mən gedirəm, ağlama... Rəşid Behbudovun sənəti və şəxsiyyəti” miniatür kitabının təqdimatı keçirildi.

 

Tədbiri Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova açaraq təqdim olunan kitab barədə məlumat verdi. Bildirdi ki, miniatür nəşrdə Xalq yazıçısının dünya şöhrətli müğənni Rəşid Behbudov haqqında xatirələri, onunla söhbətləri, eləcə də ifaçının bənzərsiz sənət dünyası ilə bağlı düşüncələri, fikirləri yer alıb. Vurğulandı ki, ölkə Prezidentinin görkəmli müğənni, ictimai xadim, SSRİ-nin və Azərbaycanın Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncama uyğun olaraq silsilə mədəni tədbirlər keçirilir. Sənətkar haqqında nəfis tərtibatlı kitabın işıq üzü görməsi də yubileyə bir töhfədir.

Qeyd olundu ki, kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Miniatür Kitab Muzeyi tərəfindən “İndiqo” mətbəəsində çap olunub. Azərbaycan dilində 136 səhifədən ibarət miniatür kitabda 41 ağ-qara fotoşəkil də yer alıb. Xüsusi zövqlə hazırlanmış kitabın forzasında isə Azərbaycanın xəritəsi əks olunub.

Tədbirdə çıxış edən Xalq yazıçısı Elçin bildirdi ki, Prezident İlham Əliyevin böyük musiqiçinin yubileyi ilə bağlı imzaladığı sərəncam əslində bütün Azərbaycan xalqının Rəşid Behbudov şəxsiyyətinə və sənətinə sonsuz hörmətinin, sevgisinin, məhəbbətinin ifadəsidir. "Mən gedirəm, ağlama... Rəşid Behbudovun sənəti və şəxsiyyəti" kitabının məhz bu muzeydə təqdimatı olduqca əlamətdar bir hadisədir. Çünki buradakı kitabların doğurduğu əhval-ruhiyyə, onların zərifliyi, buradakı səliqə-sahman, gözəllik Rəşid Behbudov sənəti və şəxsiyyəti ilə üst-üstə düşür. Nə qədər ki, Azərbaycan xalqı var, Rəşid Behbudovun da səsi daim yaşayacaq.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında nəşrin əhəmiyyətini diqqətə çatdırdı. Bildirdi ki, bu, miniatür bir kitab olsa da, oxucuya Rəşid Behbudov sənətinin və şəxsiyyətinin böyüklüyü haqqında çox dəyərli məlumatlar verir. Sənətkarın 100 illik yubileyi respublikamızın mədəniyyət ocaqlarında geniş şəkildə qeyd edilir. Bu yubiley tədbirləri bir daha sübut edir ki, görkəmli şəxsiyyətin həyat və yaradıcılığı çoxşaxəlidir. Nazir əlavə etdi ki, Rəşid Behbudovun dövlət səviyyəsində təntənəli yubiley tədbiri gələn il onun abidəsinin açılışı ilə eyni tarixdə keçiriləcək.

Xalq yazıçısı Elçinin əsərlərinin hər zaman geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını vurğulayan Əbülfəs Qarayev bu kitabın da oxunaqlı və Rəşid sənətinin özəlliklərini əks etdirən bir kitab olduğunu qeyd etdi.

Nazir Miniatür Kitab Muzeyinin fəaliyyətini yüksək dəyərləndirərək İçərişəhərə gələn bütün xarici qonaqların bu muzeyi ziyarət etdiyini bildirdimuzeyin Bakını tanıdan mühüm mədəniyyət məkanlarından birinə çevrildiyini xüsusi vurğuladı.

Tədbirdə çıxış edən əməkdar jurnalistlər Elmira Əliyeva, Qalina Mikeladze, Xalq artisti, rejissor Vasif Babayev, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, respublikanın keçmiş neft sənayesi naziri Kamil Akimov Rəşid Behbudovla bağlı xatirələrindən söz açdılar. Elçinin yaradıcılığından, əsərlərinin üslub və xüsusiyyətlərindən danışan natiqlər bildirdilər ki, oxucu bu kitabı oxuyarkən Rəşid Behbudov sənətinin zirvəsini yenidən kəşf edir.

Rəşid Behbudovun ailəsi adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını ifadə edən Kamil Şahverdiyev miniatür kitabın böyük sənətkar haqqında yazılan ən dəyərli nəşrlərdən biri olduğunu bildirdi.

 

L.Azəri

 

Mədəniyət.- 2015.- 16 dekabr.- S. 3.