Unudulmaz aktyor Məmmədrza Şeyxzamanovun yubileyi qeyd edildi

 

Dekabrın 15-də Dövlət Film Fondunda Xalq artisti, görkəmli teatrkino aktyoru Məmmədrza Şeyxzamanovun 100 illik yubileyinə həsr edilmiş tədbir keçirildi. Tədbirdən əvvəl iştirakçılar aktyorun fondun arxivində qorunan fotoları ilə tanış oldular. Sərgilənən fotolarda sənətkarın müxtəlif filmlərdə yaratdığı obrazlar əksini tapıb.

 

Tədbiri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq Məmmədrza Şeyxzamanovun teatrkino yaradıcılığı haqqında məlumat verdi. Bildirildi ki, Azərbaycan kinosunda aktyorun özünəməxsus xidmətləri olub. Onun kinoda yaratdığı silsilə obrazlar daim tamaşaçıların yaddaşındadır. “Alma almaya bənzər” filminin sınaq çəkilişləri zamanı yaddaqalan xatirələrini bölüşən Cəmil Quliyev aktyorun kino yaradıcılığının bu günədək tədqiq edilmədiyini də vurğuladı.

Əməkdar artist Elxan Qasımov isə “Əhməd haradadır?” filmində birgə çəkilişlər zamanı unudulmaz xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Məmmədrza Şeyxzamanovun xarakterik xüsusiyyətləri, özünəməxsus obrazı barədə danışan aktyor onun qayğıkeş və səmimi bir insan olduğunu bildirdi.

Əməkdar incəsənət xadimi, kino tədqiqatçısı Aydın Kazımzadə aktyorun filmlərdə yaratdığı obrazların səciyyəvi xüsusiyyətləri haqqında danışdı. Eyni zamanda xatirələrini bölüşərək əlavə etdi ki, sənətkarın rol aldığı ekran əsərlərini iki qrupa bölmək olar. Birinci qrupda aktyor obrazı canlandırmaqla yanaşı sanki özünü oynayırdı, ikinci qrup filmlərdə isə o öz daxili aləmini də unudaraq tamamilə fərqli bir sənətkarlıq nümayiş etdirirdi. Bütün bu rollar onun keçdiyi keşməkeşli həyat yolunda aldığı dərslərin təsiri idi.

Bildirildi ki, Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 1954-cü ildən Azərbaycan Dövlət Akademik Dram Teatrında fəaliyyətə başlayıb. TeatrdaGöz həkimi”ndə Şahbazov, “Fərhad və Şirin”də Xosrov, “Vaqif”də Qacar, “Otelloda Otello, “Aydın”da Aydın kimi bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə yaradıb.

Məmmədrza Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə “Bəxtiyar” filmində Rəcəbov rolu ilə çıxıb. Sonrakı illərdə “Qızmar günəş altında”da Alı kişi, “Leyli və Məcnun”da Dərviş, “Bir qalanın sirri”ndə həkim Eldostu, “Əhməd haradadır?”da Şirin, “Onu bağışlamaq olarmı” filmində polkovnik Qurbanov, “Qatır Məmməd”də Gəncə qubernatoru, “Nəsimi”də Şeyx Əzəm kimi obrazlar yaradan aktyorun sənəti bu gün gənclər üçün bir məktəbdir. Məmmədrza Şeyxzamanov 1984-cü il yanvarın 25-də vəfat edib.

Tədbirin sonunda sənətkarın qızı Afaq Şeyxzamanova atası haqqında xatirələrini danışdı, təşkilatçı və iştirakçılara təşəkkürünü bildirdi.

 

Lalə

 

Mədəniyyət.- 2015.- 16 dekabr.- S. 3.