Sankt-Peterburqda Beynəlxalq Mədəniyyət Forumu keçirilir

 

40-dək ölkənin qatıldığı forumda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir

 

Dekabrın 14-də Rusiyanın Sankt-Peterburq şəhərində IV Beynəlxalq Mədəniyyət Forumu işə başlayıb. Foruma 40-dək ölkədən 9 minə yaxın iştirakçı qatılıb. Azərbaycan Respublikasını mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

 

Mariinsk Teatrında keçirilən açılış mərasimində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, UNESCO-nun baş direktoru İrina Bokova, Rusiyanın mədəniyyət naziri Vladimir Medinski, müxtəlif ölkələrdən nümayəndə heyətləri iştirak ediblər.

UNESCO-nun 70 illik yubiley mərasiminə həsr olunan tədbirin əsas müzakirə mövzusu mədəni irsin qorunması, müasir dünya və mədəni həyatın inkişaf məsələləridir.

Tədbirdə çıxış edən Rusiya Prezidenti mədəni mülkiyyətin qorunması istiqamətində mübarizədə beynəlxalq səylərin birgə fəaliyyətinin zəruriliyini qeyd edib.

Mərasimdə bu il Rusiyada qeyd edilən “Ədəbiyyat ilinin başa çatdığı, bu mədəniyyət estafetini 2016-cı ildə “Kino ilinin davam etdirəcəyi elan olunub.

Dekabrın 15-də foruma qatılan xarici ölkə nümayəndələri Mixaylovsk Teatrında işgüzar səhər yeməyində bir araya gəliblər. Nazir Əbülfəs Qarayev tədbirdə iştirak edib. İşgüzar səhər yeməyinin sonunda Rusiya Federasiyası ilə bir sıra ölkələr arasında mədəni əməkdaşlığa dair sənədlər imzalanıb.

Həmin gün forum çərçivəsində kitab-nəşriyyat işi sahəsində dövlət və özəl sektorun tərəfdaşlığına həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov da iştirak edib. Dövlət kitabxanaları ilə özəl kitab şirkətləri arasında əməkdaşlıq sazişləri bağlanıb. Tədbirdə Rusiyada “Ədəbiyyat ilinin başa çatması münasibətilə “Rusiyanın ədəbiyyat üzrə Nobel laureatları” marka seriyasının təqdimatı olub.

Etnoqrafiya muzeyində Rusiya Mədəniyyət Nazirliyinin “Mədəniyyət məkanı” layihələrinin təqdimatı keçirilib. İlk ekskursiyanı Rusiyanın mədəniyyət naziri V.Medinski aparıb.

Dövlət Ermitajının Baş qərargahında “Sosial teatr: tarix, dünya təcrübəsi, inkişaf perspektivləri” mövzusunda müzakirələr keçirilib.

Qeyd edək ki, üçgünlük beynəlxalq forumun iştirakçıları şəhərin 82 müxtəlif yerində keçirilən 250-dən çox mədəni hadisənin iştirakçısı olacaqlar. Forum 12 müxtəlif bölmədən ibarətdir. IV Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu dekabrın 16-da işini başa vuracaq.

 

Mədəniyyət.- 2015.- 16 dekabr.- S. 2.