Daşkənddə
Azərbaycan və özbək milli geyimləri
nümayiş etdirilib
Daşkənddə
Azərbaycan və özbək milli geyimlərinin
təqdimatı keçirilib. Tədbir ölkəmizin Özbəkistandakı səfirliyi
və onun nəzdindəki Heydər
Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi,
Azərbaycan Dövlət Rəsm Qalereyası, Bakıdakı Milli Geyim Evi
və Daşkənddəki Kəmaləddin Behzod
adına Rəssamlıq və Dizayn İnstitutunun birgə əməkdaşlığı
nəticəsində reallaşıb.
Mədəniyyət mərkəzində keçirilən tədbirdə Azərbaycanın Qarabağ, Şirvan, Gəncə, Naxçıvan və ölkəmizin digər bölgələrinə dair geyimlər təqdim olunub. Daşkənddəki "Zarkaynar" Milli Libaslar Evinin təqdim etdiyi və özündə milli koloriti əks etdirən xüsusi kolleksiyalar da göstərilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov və başqaları çıxış edərək milli geyimlərin hər iki xalqın tarixinin, mədəniyyətinin göstəricisi olduğunu bildirib, Azərbaycan və özbək xalqlarının zəngin geyim mədəniyyəti haqqında söhbət açıblar.
Azərbaycan milli geyimləri Bakıdakı Milli Geyim Evinin, özbək geyimləri isə Daşkənddəki Kəmaləddin Behzod adına Rəssamlıq və Dizayn İnstitutunun kolleksiyaları əsasında təqdim olunub. Paltarları institutun tələbələri nümayiş etdirib.
Sərginin sonunda milli geyimli oğlan
və qızın Azərbaycan və Özbəkistan
bayraqlarını səhnəyə gətirməsi
tamaşaçıların alqışları ilə
qarşılanıb.
Mədəniyyət.- 2015.- 18
dekabr.- S. 16.