Bölgə
teatrlarında premyeralar
Lənkəranda “Comərdin hünəri”, Qusarda “Nənənin kələyi”
Nəcəf bəy
Vəzirov adına Lənkəran Dövlət Dram
Teatrında yazıçı-jurnalist Ağaddin
Babayevin “Comərdin hünəri”
nağıl-tamaşasının premyerası olub.
Uşaqlar üçün nəzərdə tutulmuş səhnə əsərində sadə həyat tərzi keçirən, çörəyini halallıqla qazanan Comərdin igidliyindən söhbət açılır. Ağlı, zəkası və dərrakəsi hesabına bir sıra maneələr aşan Comərd bədheybət Divin mağarada dustaq saxladığı padşahın Hürü adlı qızını azad edərək, onu sağ-salamat ailəsinə qaytarır.
Uşaqların maraqla izlədikləri tamaşanın quruluşçu rejissoru Əməkdar artist Təvəkkül Əliyev, quruluşçu rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları Şahrud Mehdiyeva, Qızılgül Quliyeva, Əbülfəz Axundov, Emin Fərzullayev, Emil Rzayev, Niftulla Əsgərov, Hikmət Cəfərov, Şəbnəm Hüseynova, Günel Abbaszadə ifa edirlər.
* * *
Qusar Dövlət Ləzgi Dram Teatrında isə Əhməd Orucoğlunun ssenarisi əsasında hazırlanan “Nənənin kələyi” tamaşasının premyerası keçirilib.
Rejissor Bağır Əhmədovun quruluş verdiyi səhnə əsərində iki gəncin sevgisi və buna qarşı çıxan nənənin münasibəti canlandırılır. Musiqi tərtibatçısı Şaiq Qardaşov, rəssamı İlqar Burzıyev olan tamaşada rolları Tamara Məmmədova, Esmira Paşayeva, Namik Mustafayev və başqa aktyorlar ifa edirlər.
Teatrın direktoru Faiq Qardaşov bildirib ki, əsər rayonun kəndlərində də nümayiş etdiriləcək.
Mədəniyyət.- 2015.- 18
dekabr.- S. 11.