Bala Türkvizyon” müsabiqəsinin ilk qalibi azərbaycanlı ifaçılar olub

 

Dekabrın 14-də İstanbuldaTürkvizyon” mahnı müsabiqəsinin uşaq versiyasının - “Bala Türkvizyonun finalı keçirilib. “Türk Musiqi Birliyi” (TMB) kanalının təşkilatçılığı, TÜRKSOY-un dəstəyi ilə reallaşan layihə uşaq ifaçılar arasında ilk dəfə gerçəkləşib.

13 ölkənin - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Gürcüstan, Moldova, Belarus, İran, Rumıniya, Makedoniya, Albaniya və Kosovanın təmsil olunduğu yarışmanın balaca iştirakçılarının ifa və səhnə performansları peşəkar müğənnilərdən geri qalmayıb.

Azərbaycanı təmsil edən ifaçılar - 5 yaşlı Nuray Rəhman və 14 yaşlı Əhməd Əmirli “Bala Türkvizyonilk uşaq mahnı müsabiqəsinin qalibi olub. Onlar “Uşaqlıq illəri” mahnısı ilə 115 xal toplayaraq qalib gəliblər. İkinci yeri 113 xalla Qazaxıstan, üçüncü yeri isə 112 xalla Gürcüstan təmsilçiləri tutub.

Qeyd edək ki, Əhməd Əmirli və Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının fəallarından olan Nuray Rəhman “Azad Azərbaycan” televiziyasında yayımlanan “Azərbaycanın səsi - bala” yarışmasında qalib olaraq ölkəmizi bu müsabiqədə təmsil etmək hüququ qazanmışdılar.

Bala Türkvizyon” yarışması türk ölkələri və türkmənşəli xalqların ortaq mədəniyyət nümunəsi olanTürkvizyon” müsabiqəsinin 8-14 yaş qrupu üçün tərtib olunan versiyasıdır.

Böyüklər arasında “Türkvizyon” müsabiqəsinin finalı isə dekabrın 19-da olacaq. İştirakçılara balların 50 faizi tamaşaçılar tərəfindən sms ilə, 50 faizi isə münsiflər heyəti tərəfindən veriləcək.

 

Mədəniyyət.- 2015.- 18 dekabr.- S. 10.