“Lavaş
türkün ortaq
mirasıdır”
Paytaxtımızda qədim çörəkbişirmə ənənəsinin təbliği ilə bağlı layihə həyata keçirilir
Dekabrın 17-də
Mədəniyyət və Turizm Nazirliyi və Türkiyənin ölkəmizdəki
səfirliyinin dəstəyi, Bakı Yunus
Əmrə İnstitutunun təşkilatçılığı
ilə paytaxtdakı “Qoç ət”
restoranında “Lavaş türkün
ortaq mirasıdır” mövzusunda
tədbir keçirildi. Tədbirdə “Lavaş günü” layihəsi
haqqında məlumat verildi.
Layihənin əsas məqsədi ictimaiyyətin diqqətini milli mətbəximizin qədim nümunəsi olan lavaşın Ermənistan tərəfindən mənimsənilməsi cəhdlərinə yönəltmək, türk xalqlarının ortaq mirası olan bu çörəkbişirmə ənənəsini təbliğ etməkdir.
Bir ay müddətində davam edəcək layihə çərçivəsində Bakıda şəhərdaxili sərnişin avtobuslarında lavaşın təbliğinə dair məlumatlar yer alacaq. Eləcə də “Nizami” metrosunun çıxışında insanlara lavaşa həsr edilmiş broşürlər paylanılacaq.
Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım bildirdi ki, məqsədimiz lavaşın bölgəmizin ortaq mətbəx ənənəsi və mirası olduğuna diqqət çəkmək və ictimaiyyəti məlumatlandırmaqdır. O, lavaşın türk xalqlarının çörək nümunəsi olaraq UNESCO tərəfindən qəbul olunacağına ümid etdiklərini dedi.
Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov ötən il erməni tərəfin lavaşı özlərinə məxsus çörək nümunəsi olaraq UNESCO-da qəbul etdirmək cəhdlərini, Azərbaycan tərəfin fəal müdaxiləsi ilə bunun qarşının alındığını xatırlatdı. Bu baxımdan “Lavaş günü” layihəsinin həyata keçirilməsinin əhəmiyyətini vurğuladı.
Bildirdi ki, türklərin ortaq çörəkbişirmə nümunəsi kimi həm lavaş, həm də yuxa (yufka) adı altında UNESCO-ya təqdim etmək barədə razılıq əldə olunub.
Tahir Əmiraslanov ermənilərin lavaşı özününküləşdirmək cəhdlərinin tarixi-mədəni əsası olmadığını vurğuladı, bununla bağlı bir sıra faktlara aydınlıq gətirdi: “1636-cı ildən 1906-cı ilədək 17 erməni lüğət kitabı çıxıb. Onlardan 6-sı izahlı lüğətdir. Bu lüğətlərdən heç birində lavaş sözü yoxdur. Yalnız iki lüğətdə “lav” sözü keçir ki, o da yaxşı deməkdir. Erməni alimi Sevartyan öz lüğətində yazır ki, bu çörək türklərdən gəlmədir”.
Bildirdi ki, lavaş təndirdə alova toxunan bizim yeganə çörəyimizdir: “Ona görə də ona “alov aş”, türkcə isə “yalov aş” demişik. Sonralar “alov” sözünün əvvəlindəki “a” hərfi düşüb və “lavaş” kimi qalıb. Odur ki, istər dilçilik nöqteyi-nəzərdən, istərsə də əkinçilik mədəniyyətimizə, folklorumuza, adət-ənənələrimizə əsasən deyə bilərik ki, lavaş bizim, türk xalqlarının çörək nümunəsidir.
Vurğulandı ki, lavaşın çörək nümunəsi kimi yaşı min illərlə ölçülür. Lavaşın bəzi növlərini quru halda uzun müddət saxlamaq mümkündür. Hərbi yürüşlər, səyahət zamanı, o cümlədən qışlaq-yaylaq təsərrüfat həyatı yaşayan çobanlar üçün çox əlverişli qida növü idi. Mahmud Kaşğarinin “Divani-lüğət-it-türk” və Yusif Balasaqunlunun “Kutatqu bilik” kitablarında da lavaşdan bəhs olunur.
Tədbir çərçivəsində həmçinin lavaşın hazırlanması və bişirilməsi qaydaları nümayiş olundu.
Fariz Hüseynov
Mədəniyyət.- 2015.- 18
dekabr.- S. 9.