Hollivud ulduzu Stiven Siqal Bakıda konsert verib
Məşhur Hollivud ulduzu Stiven Siqal
dekabrın 16-da ilk dəfə
Bakıda, Heydər Əliyev Mərkəzində
konsert proqramı ilə çıxış
edib. Stiven Siqal
və onu müşayiət edən
qrup blüz musiqi proqramını təqdim edib.
Konsertin maraqlı məqamlarından
biri Hollivud ulduzunun səhnəni “Natiq” ritm qrupu
ilə paylaşması
olub. Stiven Siqal milli musiqiçilərlə maraqlı
kompozisiya təqdim edib.
Qeyd edək
ki, kinoaktyor, rejissor, eyni zamanda aykido ustası Stiven Siqal musiqiçi kimi də məşhurdur. Hətta o, musiqi
ifaçılığı ilə aktyorluqdan daha əvvəl məşğul olmağa
başlayıb. 12 yaşından gitarada ifa edir və
əsasən blüz janrına üstünlük
verir. Məşhur
blüz əfsanələri
- Bi Bi Kinq, Bo Didli, Con Li Huker, ona ən çox
təsir göstərmiş
gitaraçı Braun Klarens
“Qeytmaut” ilə birgə çıxış
edib.
2005-ci ildə işıq
üzü görən,
blüz, pop, rok kimi janrları birləşdirən “Kristal mağaradan
mahnılar” (“Songs from the Crystal Cave”) albomu Avropa bazarında
ən çox satılan albomlardan olub. 2006-cı ildə daha bir musiqi
albomu - “Mojo Priest” təqdim olunub və musiqişünaslar tərəfindən ilin ən yaxşı blüz albomu adlandırılıb.
1952-ci ildə ABŞ-da
anadan olan Stiven Siqal 1988-ci ildə “Qanundan yüksəkdə” adlı
ilk filmində Niko rolunu ifa edib. Əsasən
döyüş filmlərində
çəkilən aktyor
“Mühasirədə”, “Ölümcül
təhlükə”, “Məhvetmə
qərarı”, “Keçmişin
kölgəsi”, “Günəşin
altında” və digər filmlərdə rol alıb. Həmçinin prodüser kimi
tanınır, filmlərdə
döyüş səhnələrinə
quruluş verir.
Bu ilin sentyabrında
Bakıya gələn
Stiven Siqal Heydər Əliyev Mərkəzinin “Auditorium” zalına
heyran qalmış və burada konsert vermək arzusunu bildirmişdi.
Bir saatdan artıq davam edən konsert boyu ifaçının auditoriya ilə ünsiyyət qurması tamaşaçılara unudulmaz
anlar bəxş edib. Konsertdən sonra təəssüratlarını
jurnalistlərlə bölüşüb.
O, “Natiq” ritm qrupunun onunla birgə çıxış
etməsini şəxsən
istədiyini deyib və qrupu yüksək
qiymətləndirib.
Hollivud ulduzu dekabrın 17-də Heydər
Əliyev Mərkəzində
daha bir konsertlə çıxış
edib.
Mədəniyyət.- 2015.- 18 dekabr.- S.- 8.