Bakıda Moskva: beynəlxalq əməkdaşlıq günləri keçirilir

 

Dekabrın 16-da “Bakıda Moskva: beynəlxalq əməkdaşlıq günləri” başlayıb. Tədbir Azərbaycanın Rus İcması və Moskva Şəhəri Hökumətinin Xarici iqtisadi və beynəlxalq əlaqələr departamenti tərəfindən təşkil edilib.

Tədbir çərçivəsində Azərbaycan Dövlət Rus Dram Teatrında Moskva şəhərinin Yeni il ərəfəsində təqdimatı və rus yazıçısı Sergey Belorusets ilə görüş keçirilib.

Bu münasibətlə təşkil edilmiş Moskva yarmarkasında rusiyalı qənnadı ustaları qonaqlara şirniyyat təklif ediblər.

Uşaqların sevimlisi Qar qız onlardan moskvalı Şaxta babaya ünvanlanmış məktubları qəbul edib. Tədbirə gələnlərə Moskvaya aid soraq bukletləri, bələdçi kitabçalar və suvenirlər paylanıb. Yazıçı Sergey Belorusets oxuculara avtoqraflı kitablarını hədiyyə edib.

Axşam Azərbaycan Dövlət Rus Dram Teatrında “Qolosteleviziya müsabiqəsinin qalibi Sergey Volçkovun konserti olub. Konsertdə rusiyalı moda dizaynerlərinin defilesikeçirilib.

 

* * *

Həmin gün Bakı Slavyan Universitetində (BSU) silsilə tədbirlər çərçivəsində “Mədəniyyət vasitəsilə təhsil və təhsil vasitəsilə mədəniyyət” mövzusunda dəyirmi masa keçirilib.

BSU-nun prorektoru, filologiya elmləri doktoru Telman Cəfərov ali məktəbdə rusiyaşünaslıq, rus filologiyası və başqa istiqamətlər üzrə yüksəkixtisaslı kadrlar hazırlandığını diqqətə çatdırıb.

Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin qeyd edib ki, Azərbaycanda rus dilinə, ədəbiyyatına böyük hörmət bəslənilir. Moskva Beynəlxalq Əməkdaşlıq Mərkəzinin baş direktoru İqor Tkaç, Rusiyanın Azərbaycandakı səfirliyinin böyük müşaviri Arkadi Barkov humanitar sahədə əməkdaşlığın əhəmiyyətini diqqətə çatdıraraq Rusiyada da Azərbaycan mədəniyyətinə böyük maraq göstərildiyini bildiriblər.

Dəyirmi masa tarix elmləri doktoru Yuri Kojayevin moderatorluğu ilə işini davam etdirib.

 

Mədəniyyət.- 2015.- 18 dekabr.- S. 6.