Gəncə Dram Teatrı paytaxt sənətsevərləri qarşısında çıxış edib

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Gəncə Dövlət Dram Teatrının aktyor truppası dekabrın 15-də S.Vurğun adına Rus Dövlət Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” pyesi əsasında eyniadlı tamaşanı nümayiş etdirib.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımov jurnalistlərə müsahibəsində bildirib ki, yeni yozumda qoyulan səhnə əsərinə teatrın baş rejissoru İradə Gözəlova quruluş verib. Azərbaycan milli peşəkar teatrının 143-cü mövsümü Gəncədə məhz bu tamaşa ilə açılıb. Baş rolları Xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Elxan Abbasov, İlham Hüseynov, Ramiz Vəliyev və Faiq Qasımov ifa edirlər. Onlarla yanaşı səhnə əsərində gənc aktyorlar - Salam İsmayılov, Sevda Orucova, Vasif İsmayılov - ümumilikdə 18 nəfər yer alıb. Tamaşanın rəssamı Elnur Axundovdur.

Direktor vurğulayıb ki, kollektiv uzun müddətdir Bakı səhnəsində bu əsəri təqdim etməyə hazırlaşırdı və son söz, təbii ki, tamaşaçılarındır.

 

Mədəniyyət.- 2015.-  18 dekabr.- S. 4.