Polşa universitetlərində Azərbaycanla bağlı tədbirlər

 

Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü ilə Vrotslav Universitetində “Koroğlu” dastanının tərcüməçisi, tanınmış polyak şərqşünası Aleksandr Xodzkoya həsr edilən xatirə lövhəsinin açılışı olub.

Səfirlikdən verilən məlumata görə, tədbirdə universitetin rektoru, professor Marek Boyarski Azərbaycan xalqının özünün dəyərli ədəbiyyat nümunələrinə qiymət verməklə bərabər, Aleksandr Xodzko kimi alimləri də unutmadığına görə dərin təşəkkürünü bildirib. O, xatirə lövhəsinin Azərbaycana marağın artmasına səbəb olacağına əminliyini ifadə edib.

Səfir Həsən Həsənov səfirlik tərəfindən həyata keçirilən “Biz unutmuruq” layihəsi çərçivəsində vaxtilə Azərbaycan və Polşa əlaqələrinin inkişafına töhfə vermiş şəxslərin xatirəsinə Polşanın bir sıra şəhərlərində 12 abidə, barelyef və lövhə qurulduğunu söyləyib.

Varşava şəhərindəki Lazarski Universitetində isə bir qrup azərbaycanlı tələbə tərəfindən “Azərbaycan günü” adlı tədbir keçirilib. Azərbaycanın Polşadakı səfirliyinin dəstəyi ilə gerçəkləşən tədbirdə universitetin tələbələri Fəridə Sadıqova, Riyad Quliyev, Aytən Xanbəyli, Kərim Nağıyev və müəllimə Humay Mirzəzadə Azərbaycanın tarixi, qədim və zəngin mədəniyyəti barədə təqdimatlarla çıxış ediblər. Ölkəmiz haqqında videoçarxlar nümayiş etdirilib, tələbələrin ifasında Azərbaycan milli rəqsləri təqdim olunub.

Sonra iştirakçılar Azərbaycanın milli xörəklərinin və şirniyyatlarının dadına baxıblar. Onlara ölkəmizin milli ornamentlərini özündə əks etdirən hədiyyələr təqdim edilib.

 

Mədəniyyət.- 2015.- 18 dekabr.- S. 3.