Qəbələdə beynəlxalq incəsənət sərgisi

 

Azərbaycan Mədəniyyət Fondunun və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə dekabrın 19-da Qəbələ IV Beynəlxalq İncəsənət Sərgisi açılıb. Bu il Azərbaycanda ilk dəfə keçirilmiş Avropa Oyunlarına həsr edilən “İdman, gözəllik və həyat” mövzulu sərgidə 19 ölkəni (Azərbaycan, Almaniya, Belarus, Çexiya, Estoniya, Gürcüstan, Koreya, Qazaxıstan, Latviya, Meksika, Monteneqro, Özbəkistan, Pakistan, Rusiya, Slovakiya, Türkiyə, Ukrayna, Yaponiya, Yunanıstan) təmsil edən 112 rəssamın 137 əsəri nümayiş etdirilir.

Heydər Əliyev Konqres Mərkəzində keçirilən mərasimdə əvvəlcə “Azərbaycan dövlətçiliyi və mədəniyyət” sənədli filmi nümayiş olunub.

SEBA-nın sədri Ruhəngiz Heydərova çıxış edərək artıq dördüncü dəfə təşkil olunan beynəlxalq sərginin əhəmiyyətini diqqətə çatdırıb, layihənin reallaşmasına dəstək göstərən Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya minnətdarlıq edib. Qeyd olunub ki, ildən-ilə sərgiyə marağın artması Azərbaycana, incəsənətimizə olan diqqətin daha bir göstəricisidir.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti Mehriban xanım Əliyevanın sərgi iştirakçılarına təbrik məktubunu oxuyub.

Gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Azərbaycan, Rusiya və SSRİ Xalq rəssamı, akademik Tahir Salahov, Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Çanq Gyu, Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov çıxış edərək ənənə halını alan Qəbələ incəsənət sərgisinin mədəniyyətlərarası dialoqun tərkib hissələrindən biri olduğunu vurğulayıblar. Onlar rəngarəng sənət əsərlərinin nümayiş olunduğu sərginin iştirakçıların yaddaşında daim qalacağına, Qəbələnin füsunkar təbiətinin rəssamlar üçün ilham mənbəyi olacağına ümid etdiklərini bildiriblər.

Çıxışlardan sonra sərginin açılışını bildirən qırmızı lent kəsilib və rəsm əsərlərinə baxış keçirilib. Sərginin tərtibatı, nümayiş olunan rəsm əsərləri tədbir iştirakçılarında xoş təəssürat yaradıb. Mütəxəssislər sərginin peşəkarcasına təşkil olunduğunu bir daha qeyd ediblər. Sərgi iştirakçısı olan rəssamlara sertifikat təqdim olunub. Sərgidə nümayiş etdirilən əsərlərin satışı da nəzərdə tutulur.

Mərasimdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Milli Məclisin sədr müavini Bahar Muradova, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, dövlət və hökumət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Açılış tədbirinin iştirakçıları arasında dünya şöhrətli aktyor, prodüser və müğənni Stiven Siqal da olub.

Beynəlxalq sərgi 2016-cı il yanvarın 17-dək davam edəcək.

 

Mədəniyyət.- 2015.- 23 dekabr.- S. 16.