Çövkən oyunu üzrə Prezident Kuboku yarışında finalçılar müəyyənləşib

 

Dekabrın 23-də keçiriləcək son qarşılaşmada “Ağcabədi” və “Sərhədçi” komandaları üz-üzə gələcək

 

Dekabrın 16-da Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində keçirilən çövkən üzrə Prezident Kuboku uğrunda yarışlar final mərhələsinə çatıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yarışlar artıq 10-cu dəfədir keçirilir.

 

Budəfəki yarışlara 22 şəhər və rayonunun 24 komandası qatılıb. Komandalar 6 oyun növü üzrə - çövkən, sürpapaq, papaq, baharbənd, yaylıq və güc sınağı yarışlarında mübarizə aparıblar. Baharbənd və güc sınağı yarışları oyunların proqramına ilk dəfədir daxil edilib.

Dekabrın 21-də Prezident Kuboku uğrunda X çövkən milli oyunu üzrə yarışlar çərçivəsində sürpapaq oyununun final mərhələsi keçirilib. Final yarışını izləməyə gələn TÜRKSOY-un baş katibi Düsen Kaseinov və digər qonaqlar əvvəlcə Atçılıq Mərkəzində yaradılan şəraitlə tanış olub, çövkən oyunlarının tarixindən bəhs edən fotosərgiyə baxıb, çövkən milli oyunu üzrə nümunəvi yarışı izləyiblər.

Sonra Balakən və Laçın komandaları arasında final oyunu keçirilib. Rəqibini 5:2 hesabı ilə məğlub edən Balakən komandası sürpapaq milli oyunu üzrə qalib adını qazanıb. Üçüncü yer uğrunda Bakı (“Köhlən”) və Ağdam komandaları qarşılaşıblar. Ağdamlılar rəqiblərinə 6:1 hesabı ilə qalib gəliblər.

Bir gün öncə keçirilən papaq oyunu üzrə yarışda Şəki komandası birinci yeri tutub. Qazax komandası baharbənd, Xaçmaz komandası yaylıq, Zaqatala komandası isə güc sınağı yarışlarının qalibi adını qazanıb.

Sürpapaq üzrə final görüşündən sonra beş oyun növündə komandaların mükafatlandırılması mərasimi keçirilib. Fərqlənən komandalara Mədəniyyət və Turizm Nazirliyinin diplompul mükafatları təqdim olunub. Mükafatları TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin rəsmiləri təqdim ediblər.

Prezident Kuboku uğrunda çövkən milli oyununda həlledici qarşılaşmalar isə paytaxtda - Binə Atçılıq Mərkəzinin qapalı manejində davam etdirilir.

Dekabrın 22-də yarımfinal görüşləri keçirilib.

Meydana əvvəlcə “Ağstafa” və “Ağcabədi” komandaları çıxıblar. Görüş Ağcabədi təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Günün digər yarımfinal oyunu isə daha maraqlı idman mübarizəsi şəraitində keçib. “Sərhədçi” və “Polad” komandalarının görüşünün əsas vaxtında hesab açılmayıb. Oyuna əlavə olunmuş hissədə komandalar hərəyə bir dəfə fərqlənməyi bacarıblar. Nəticədə oyun sonrası penalti zərbələrindən istifadə olunub. Zərbələri daha dəqiq yerinə yetirən “Sərhədçi” komandası qələbə qazanıb.

Beləliklə, dekabrın 23-də keçiriləcək final qarşılaşmasında “Ağcabədi” və “Sərhədçi” komandaları üz-üzə gələcək.

 

Mədəniyyət.- 2015.- 23 dekabr.- S.  16.