Böyük ekran adamı

 

Bir çox filmləri ilə keçmişi gələcəyə göstərən Həsən Seyidbəyli

 

Sağlığında yaxınları onu (və bir çox sənət işlərində birgə çalışdığı İmran Qasımovu) “qələm və ekran Mixaylosukimi də çağırırmışlar. Əlavə edərmişlər ki, bunların “Uzaq sahillərdə”ki qəhrəmanları alman kinoteatrlarından birini bomba ilə partladıb, bunlar isə neçə illərdir Azərbaycan kinoteatrlarını anşlaqlarla...

 

Maraqlıdır, Həsən Seyidbəylinin bu məşhur qəhrəmanının da adı Mehdidir, atasının da. Ata Mehdi Həsənin rəssam olmasını arzulayırmış, o filmdə (partizanların komandiri Luicinin “Bilmirəm, sən kəşfiyyatçısan, ya rəssam?” sualına “mən rəssamam” cavabını verən) “Mixaylo”-Mehdi isə onu dünyanın məşhur ssenarist və rejissorlarından biri kimi tanıtdı...

Həsən Mehdi oğlu Seyidbəyli 1920-ci il dekabrın 22-də Bakıda doğuldu, 1980-ci il iyunun 25-də Bakıda vəfat etdi. Bu nəqli və passiv informasiya belə bir aktiv sual da doğurur: bəs o bu 60 ildə nələr etdi?..

Bu suala konkret və müsbət cavab üçün onun üç-dörd filmini xatırlamaq da kifayət edərdi. Lakin, axı o mükəmməl filmlər mükəmməl təhsilsiz, gərgin axtarış, aramsız çaba-çalışmalarsız alına bilməzdi! Onu yaxından tanıyanların xatirələri də bu məziyyətlərdən soraq verir. Əvvəla, bir vaxtlar onun dostlarından, Azərbaycan radiosunun idman redaksiyasında çalışan qardaşı Adil Seyidbəylidən eşitdiklərimi deyim. Onlar danışırdılar ki, Həsən, həmsöhbətlərinin söz və hərəkətlərinə, üz-gözlərinə də, sanki rejissor traktovkasıyla, kamera gözüylə baxırdı. Belə söhbətlər öz yerində. Rəsmi sənədlər göstərir ki, Həsən Seyidbəyli bu sahədə ciddi bir yol keçib. 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943-1951-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında kinorejissor, 1963-1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri işləyib. Özübir çox başqa həmkarlarından fərqli olaraq, ekran işi üçün klassik əsərlər, müasir ssenaristlərdən çox, öz qələm məhsullarına müraciət edib. Onun bir çox dram əsərləri (“İmtahan”, “Qızıl axtaranlar”, “Bağlı qapılar”, İmran Qasımovla birgə yazdığı “İllər keçir”, “Dəniz cəsurları sevir”, “Sən niyə susursan?”), povestləri (“Kür sahillərində” və həm də ekranlaşdırdığı “Telefonçu qız”), romanları (“Cəbhədən cəbhəyə”, “Tərsanə”, “Çiçək”) öz dövrünün ədəbi-bədii inikası olmaqla, bu günöz oxunaqlıq dəyərini saxlamaqdadır. Ədibin yenə İ.Qasımovla birgə yazdığı “Uzaq sahillərdə” romanı və 1958-ci ildə görkəmli rejissor Tofiq Tağızadənin ekranlaşdırdığı eyniadlı film isə Azərbaycan ədəbiyyatı və kinosunun şedevrlərindən hesab edilir. Bu gözəl qələm və ekran işləri xalqımızın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirəsini, cəsurluq və fədakarlıq nümunəsi olan döyüş yolunu bütün dövrlərin oxucu və tamaşaçıları üçün əbədiləşdirmiş oldu.

Bir çox əsərləri müxtəlif xarici dillərə də tərcümə edilmiş Həsən Seyidbəyli dövrün ən üzdə olan ədəbiyyat və mədəniyyət adamı idi. Onun əsərləri bütün SSRİ xalqları oxucularında əks-sədalar doğurur, filmləri vaxtaşırı olaraq ümumittifaq kinofestivallarında mükafatdiplomlara layiq görülürdü. 1976-cı ildə layiq görüldüyü Azərbaycan SSR Xalq artisti adı, yuxarıda bir çoxunun adını çəkdiyim ədəbi əsərlərlə bahəm, özündə çoxsaylı və gözəl filmoqrafiya nümunələrini də ehtiva edirdi. BunlardanUzaq sahillərdə”, “Bizim Cəbiş müəllim”, “Cazibə qüvvəsi”, “Nəsimi”, “Möcüzələr adası”, “O qızı tapın”, “Sən niyə susursan?”, “Telefonçu qız” və başqa ekran işlərini xatırlamaq olar.

O, bir sıra rəngli kino oçerklərin, qısametrajlı filmlərin də müəllifidir. Dövrün ən maraqlı detallarını həssas kamerası ilə lentə alıb, iti qələmilə ifadə edən buçox istedadlı və çevik oğlan”ın şöhrəti elə yayılır ki, “Sovet Xəbərlər Bürosuonu xüsusi müxbirliyə dəvət edir. Kiçik həcmli xəbər və zarisovkalarda respublikamızın mədəni-ədəbi, milli-mənəvi detallarına da toxunur, tariximizdən, adət-ənənələrimizdən də bəhs açmağa cəhdlər edir. Deyək ki, bu fəaliyyət Həsən Seyidbəylinin gələcəyi üçün də səmərəli olacaqmış; o həm də peşəkar jurnalist-publisist kimiyetişirmiş. Sonralar ictimai-siyasi xadim kimi diqqət mərkəzində olan bu adam tez-tez xarici ölkələrdə səfərlərdə olacaq, hər qayıdışında da dövri mətbuat səhifələrində maraqlı oçerk, təəssürat, yol qeydləri ilə çıxış edəcəkdi.

Ancaq, Həsən Seyidbəyli xalqımızın ən gözəl, maraqlı, genişdən geniş ədəbi və vizual “xəbər”ləri üçün doğulubmuşo, çox sürətlə bu arzusuna doğru addımlayırdı.

Kino biliciləri kimi tanınan çağdaşları Həsən Seyidbəylini “böyük ekran şəxsiyyəti” kimi də obrazlaşdırmışlar. Klassik milli-mental dünyabaxışımızın sürətlə inkişaf edib formalaşmasında diqqətəlayiq xidmətləri olmuş bu soydaşımız nəinki Azərbaycan, habelə ümumsovet kinosunun da aparıcı rejissorlarından, ustad nümayəndələrindən hesab edilib.

O, ölümündən əvvəl İsa Hüseynovla birgə “Nizamifilminin ssenarisiniyazmağa başlamışdı. Amma əcəlin öz ssenariöz quruluşları varmış...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2015.-23 dekabr.- S. 14.