“Darıxmışam, ana...”

 

Tanınmış şairə Nurəngiz Günün vəfatının ildönümü qeyd olunub

 

Ötən bir ildə yaxınları, doğmaları, dostları və oxucuları onu bir həzin xəyal kimi xatırlayıblar. Hər dəfə yada düşəndə yazdığı ölməz misralara tapınıblar. Onun ətrini, qoxusunu şeirlərindən alıblar. Hər misrasını sətir-sətir yaddaşlarına köçürərək Nurəngiz Gün yoxluğuna təsəlli arayıblar...

 

Dekabrın 19-da R.Behbudov adına Dövlət Mahnı Teatrında tanınmış şairə Nurəngiz Günün vəfatının ildönümünə həsr edilmiş “Darıxmışam, ana...” adlı ədəbi-bədii gecə keçirilib.

Əvvəlcə şairənin həyat və fəaliyyətini, özünün ifasında səslənən şeirləri, keçirdiyi görüşləri və çıxışları əks etdirən videoçarx nümayiş etdirilib.

Akademik Teymur Kərimli yaradıcılığında ülvi hislər tərənnüm olunan N.Günün həyata, insanlara tükənməz sevgisindən söhbət açıb.

Xalq şairi Nəriman Həsənzadə Nurəngiz Günün uzun illər bir diktor olaraq məlahətli səsi ilə efirdən insanların qəlbinə yol tapdığı kimi, poeziyası ilə də qəlblərə hakim kəsildiyini bildirib.

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar onu XX əsrin 70-ci illər ədəbi mühitinin yetirməsi, özünəməxsus dəst-xətti, yolu olan, şeirlərində səmimiliyi, ideya aydınlığı ilə seçilən qələm sahibi kimi xarakterizə edib.

Nurəngiz Günün yaradıcılığının tədqiqatçısı, şair-ədəbiyyatşünas Bahar Bərdəli onun sənət yolundan söz açıb. Bildirib ki, ədəbiyyata nəsrlə gələn N.Günün 1981-ci ildə “Ulduz” jurnalında çap olunan “Tanrı bəşər övladıdır” povesti onu tez bir zamanda ədəbi mühitə tanıdıb. Azərbaycan poeziyasının Məhsəti Gəncəvidən başlayan qadın şairləri sırasında özünəməxsus yer tutan N.Gün xalqımızın başına gətirilən faciələrə ürək ağrısı ilə silsilə şeirlər həsr edib.

Nurəngiz Günün Azərbaycan ədəbi fikir tarixindəki mövqeyindən, ədəbiyyatımıza verdiyi töhfələrdən danışan filologiya elmləri doktoru Vaqif Yusifli vurğulayıb ki, o, cənubla bağlı yazdığı şeirlərində kədərini ifadə etmək üçün istənilən qədər orijinal təşbeh, metaforalar işlədib. Bir qadın yazar kimi sevgidən yazanda daha çox həssas, emosional, kişi yazarlara nisbətən daha səmimi olub. XX əsr qadınının könül dünyasını tədqiq edənlərə Nurəngiz Günün şeirlərini oxumağı tövsiyə edən alim vurğulayıb ki, onun şeirləri Tanrıya edilən dualar kimi sirayətedicidir. Tədbirdə incəsənət ustaları N.Gün haqqında yazılan şeirləri və yaradıcılığı barədə deyilmiş dəyərli fikirləri səsləndiriblər. Gənc aktrisa Rada Nəsibova səhnədə şairin qızı Jalə Əliyevanın daxili dünyasını canlandırıb.

Gecədə N.Günə həsr edilmişBir bənd şeir” müsabiqəsinin qalibi Şəfiqə Şəfaya Yazıçılar Birliyinin diplomu təqdim olunub.

Sonda təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirən Milli Məclisin deputatı Jalə Əliyeva Azərbaycanda yaradıcı insanlara göstərilən diqqət və qayğıdan söz açıb, Nurəngiz Gün yaradıcılığının hər zaman poeziyasevərlərin diqqət mərkəzində olacağını vurğulayıb.

 

Mədəniyyət.- 2015.- 23 dekabr.- S. 13.