“Gedək Günəşi
bərabər öpək...”
Nurəngiz Gün həsrətin, nisgilin, sevincin və ümidin şəklini sözlə çəkib
Dünyanı Günəşsiz təsəvvür edə bilmədiyimiz kimi, poeziyamızı da “dünya mülkünə atəş zəmzəmi” olan Günəşsiz təsəvvür etmək mümkün deyil. Elə şairlər var ki, Aya aşiq, Günəşə təşnədir. Təbiətin poeziyasını öz yaradıcılığına daşıyan Nurəngiz Gün (1938-2014) kimi. Onun poeziyası gücünü, qüvvəsini, enerjisini Günəşdən alırdı; Nurəngiz, Günəş və poeziya.
Günəşi, Ayı dərk etmək, əslində Göyü, bütün dünyanı dərk etməkdir. Dünyanı dərk edənlər üçünsə bu dünya həm yoldur, həm də yolçu. Bu yolun başı “olum”, sonu “ölüm”dür. “Gəlimli-gedimli, son ucu ölümlü dünyada” yolu bilən, bu yolun sonunadək yürüməyi bacaran da var, yolun yarısında düşüb qalan da. Yola çıxan yolu tanımalıdır. Nurəngiz Gün yolu tanıyanlardan və “yol olanadək” getmək istəyənlərdən idi. Bu baxımdan onun “Yol gedirəm” şeiri çox düşündürücüdür:
Ruhumda ana laylası,
Başımda məğlub eşqim
Yol gedirəm, sinəm qaralanadək...
Arxamda sarp enişlər,
Çiynimdə Günəş tayası,
Ağuşumda Jaləm və titrəyişim,
Yol gedirəm, yol olanadək...
Yolu bilən yol gedir. Naşılar yolun nə başını bilir, nə ayağını. Nurəngiz xanım yolun başını bildiyi kimi, sonunun olduğunu da bilirdi. Bilirdi ki, bu yolu getmək o qədər də asan deyil, amma maraqlıdır. Axı “arxasında sarp enişlər” olan bu yolçunun çiynində “Günəş tayası”, “ağuşunda Jalə”si vardı. Və bu yolçu yol olanadək getməkdə qərarlı idi. Bu yolçunun ümidi işığa - Günəşədir. Şairə “yol uzunu arzular”ında “cilvələrlə sayrışan” gecələrin qoynunu” da unutmur; “Ulduz Ayın köksündə, Ay başımız üstündə” (Deyirlər, “Günəşin bir arzusu var, yar Ayına qovuşmaq, Ulduzun bir arzusu var, ayparayla buluşmaq”).
Bəlli ki, bu yolçunun gündüzlərini Günəş, gecələrini Ay aydınladır. Göylərə “hayqıran” Nurəngiz Gün poeziyasında Günəş aparıcıdır. Günəşə tapınan şairənin “Gedək, sərvim, Günəşi bərabər öpək” şeirində “Tanrının qapısını döymək”, “Günəşi öpmək” istəyi də əfsunlayıcı gücə malikdir:
Əzəl gedək Tanrının qapısını döyək.
Yağış versin... günahımızı paklasın.
Sonra gedək Günəşi bərabər öpək”.
“Ay mərhəmət”ində “gördüm ki, Ay olmuşam özüm də”, - söyləyən şairənin yuxusunun sonu səlamətliklə bitir;
Ayın
İynə-iynə
Saçaqlarında
Qoşa uçub, Günəşə tapşırıldıq.
Sübh tezdən hər ikimiz
Sarı-qızıl
Şəfəqlərə yayıldıq...”
Bir an da olsun Günəşsiz olmayan şairə nə göylərə salam verməyi unudur, nə Ayı, nə də “pak buludları”...
“Salam, göy üzü! Salam...
Salam, pak buludlar, salam, Ay!
Salam çiynini öpdüyün
fağır dağlar...
Düşüncələrdən yorulan şairənin “döngəli dalana” dönüşü də
Günəşsiz deyil. Bu Günəş onu yandırıb-yaxdığı kimi, həm də yandırıb yaşadırdı.
Günəş məni yandıra-yandıra,
Günəşin altında yana-yana
Oturdum
Kimsəsiz evimin
Astanasına.
Atasının unudulmaz xatirəsinə
ithaf etdiyi “Amandı, dağlar” şeirində belə Günəşsiz olmayan Nurəngiz xanım “bu dünyada”kı “sıra dağlardan aralı, qərib-qərib
boylanan” “evin ağacları, ağaclarının
quşları, qıya
çəkən durnaları,
hay-haraylı qaranquşları,
çiçəyi, çəməni,
çəpəri” olan
bir evi tərənnüm
edir. Bu evin “çəpərindən o üzə
dam boyda bir kişi yaşarmış”
və “dam boyda bu kişinin dam boyda da sevgisi
varmış”.
“Bir səhər... Günəş doğarkən
məhəllə diksindi.
Ölmüşdü hündür kişi
Olum və ölüm... qaranlıq və işıq...”
Bütün varlığı ilə
Günəşə tapınan,
“kölgə sözü
yaddır mənə”,
- deyən şairənin
qibləgahı Günəşdir:
Zərrəyəm, hər nəyəm
Heç
nəyə əyilmərəm,
Heç kimə baş əymərəm.
əgər səcdə
edərsəm,
qibləm atəşgah
olacaq!
Təşəkkürüm buğda, çiçək,
Ana südü...
Su və könül atəşi,
Bir də Günəş olacaq.
Nurəngiz Günün “erkən yuxudan durmağı”, “Günəşi qarşılamağı”,
“Günəş çıxmayanda,
hava tutqun olanda darıxmağı” səbəbsiz deyilmiş. “Poeziyası
ümid, kədər,
məhəbbət və
qadın(lıq)... ətrinə bələnən”, “Ulu nənəm, Gün xanım, hey!” - deyən şairə “torpağın
ulu nənəsi”, “andım”, “Tanrım”, “imanım”, “eşqim, duam, qızıl banım!” - dediyi
Günəşə təşnədir.
Ona soyuqdur, Günəşə
çatmaq istəyir.
Çatarsa, “Odundan ovuc-ovuc udmaq” istəyir:
Bu torpağın ulu
nənəsi Gün xanım olub.
Gün xanım, Günəş xanım!
Andım,
Tanrım, imanım!
Gün xanım, Günəş xanım!
Eşqim,
duam, qızıl banım!
Mənə soyuqdur, Günəş...
Çatarsam,
Odundan ovuc-ovuc udacağam...
Eşidirsənmi, ulu nənəm,
hey!
Gün xanım, Günəş xanım!
Sapsarı xanimanım!
Deyirlər, türk şairi
Nazim Hikmət həbsxanada olarkən bir gün rəssam
Abidin Dınovdan qəfildən soruşub:
“Abidin, sən ümidin şəklini çəkə bilərsənmi?”
Abidinin ümidin şəklini çəkdiyini
və necə çəkdiyini deyə bilmərəm, amma Nurəngiz Gün şeirlərində həsrətin,
nisgilin, kədərin,
qəmin, sevincin və ən başlıcası ümidin
şəklini sözlə
çəkə bilib.
Gün xanımın sözlə çəkdiyi
şəkillərə ürəyinin
sızıltıları, nisgilləri;
sevinci, kədəri, qəhəri də hopub, elə Günəş sevgisi də...
Hər bir insan individualdır və ömrünü özünəməxsus şəkildə
yaşayır. Bütün insanları qəlibə
salmaq mümkün deyil, çünki hər biri özünəməxsus
bir aləmdir. Buna görə də
insan ömürləri
bir-birinə bənzəmir.
Bəziləri bu dünyadan
qaçıb getmək
istəyir, bəziləri
tabuları, qadağaları
yıxıb-dağıtmaq, azad olmağa çalışır. Bu mənada “Nurəngiz xanımın yaradıcılığında
bir azadlıq var. Daha doğrusu, azad olmaq istəyi.
Bəlkə Nurəngiz xanım
dünya adlı qəfəsdən azad olmaq üçün bu qədər səy göstərir, uçmaq istəyir”.
Bu giriftarlıq mənə İmaddədin
Nəsimini xatırladır.
Nurəngiz Günün
“giriftar”lığı lap “Ey bülbüli-qüdsi, nə giriftari-qəfəssən,
Sındır qəfəsi
tazə gülüstan
tələb eylə”,
- deyən Nəsimidə
olduğu kimidir. Azad düşüncə sahibi olan Nurəngiz
Gündə “dünya
adlı qəfəsdən
azad olmaq” istəyi güclüdür.
Nurəngiz xanımın taleyi yaradıcılığına, yaradıcılığı taleyinə
bənzəyir. Kamyu deyir ki, “Mənim faciəm ondadır ki, mən hər şeyi anlayıram”.
Nurəngiz xanım da hər şeyi anlayanlardan idi. Tarix boyu anlayanların qisməti qəm yemək olub (“Dərd əlindən dağa çıxan” Füzuli babamız kimi). Hər şeyə - anlayanlara
və anlamayanlara rəğmən həyat davam edir. Həyatda yaşamaq üçün
nəyəsə tutunacaq,
nəyəsə tapınacaqsan.
Bu tapınacağın şey
Günəş də
ola bilər,
Ay da ola bilər. Şairə Nurəngiz xanımın
tutanağı “Eşqim,
duam, qızıl banım!” dediyi “Bu torpağın ulu nənəsi Gün xanım, Günəş xanım”dır.
Şair ömrü yaşamaq tamam başqa bir şeydir. Şairlər “qara qələm kimi yazılır” - deyənlər nə qədər haqlıdır.
Təbii
ki, şeirlərindəki
hər bir məqam şairin nəfəsidir, ruhudur.
Bu nəfəs, bu ruh isə
şairin ovqatından
doğur. Şairin nəfəsi
şeirin ölçüsünə,
qəlibinə, formasına
çevrilir. Bəzən misralar
şairin nəfəsindən
asılı olaraq kiçilir, daralır və ya əksinə,
Nurəngiz Gün poeziyasında olduğu kimi, misra boyu
uzanır, heç bir qəlibə sığmır. Qəliblərdə yaşamağa öyrənmiş
insanlar duyğu-düşüncəsinə
görə ölçülərə,
çərçivələrə sığmayanları həmişə
qınamağa çalışıblar.
Lakin Nurəngiz xanım “Gün”dür...
Bir il öncə
bizlərə, tərənnüm
etməkdən doymadığı
Günəşə əlvida
deyən şairənin
poeziyasından boylanan
şəfəqlərin qarşısını
kəsmək mümkün
deyil! Nurəngiz Günün misralarından
düşən nur illər ötdükcə
daha da parlaq
olacaq.
Lütviyyə Əsgərzadə
Nizami adına Ədəbiyyat İnstitutunun
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru, dosent
Mədəniyyət.- 2015.- 23
dekabr.- S. 13.