Görkəmli pianoçu Nigar Usubovanın xatirə gecəsi

 

Dekabrın 18-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor Nigar Usubovanın 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Gecədə çıxış edən Əməkdar incəsənət xadimi Ülviyyə Mahmudova sənətkarın pedaqojielmi fəaliyyəti haqqında söz açıb. Bildirilib ki, görkəmli musiqi pedaqoqu A.B.Qoldenveyzerin tələbəsi olan Nigar Usubova uzun illər Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dərs deyib, musiqi təhsilinin inkişafında mühüm işlər görüb və Azərbaycan piano məktəbinə öz üslub və dəst-xəttini gətirib.

Gecədə dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının gənclər kamera orkestri çıxış edib. Həmçinin xalq artistləri Fərhad Bədəlbəyli, Yeganə Axundova, Murad Adıgözəlzadə, habelə pianoçular Həqiqət Məhərrəmova, Əfqan Salayev və başqalarının ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət kompozisiyalar səsləndirilib. Təqdim olunan musiqi nömrələri böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Nigar Usubova 1914-cü ildə Qazax rayonunun Salahlı kəndində anadan olub. Azərbaycan Dövlət Sənaye İnstitutunu və Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1952-ci ildən ömrünün sonunadək konservatoriyada işləyib. Fortepiano kafedrasının dosenti, kafedra müdiri, tədris-elmi işlər üzrə prorektor vəzifələrində çalışıb. 1995-ci il sentyabrın 15-də vəfat edib.

 

Mədəniyyət.- 2015.- 23 dekabr.- S. 11.