İncə rənglər, səmimi duyğular

 

Xalq rəssamı Nadir Əbdürrəhmanovun 90 illiyinə həsr olunmuş sərgi

 

Noyabrın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Əbdürrəhmanovun (1925-2008) 90 illiyinə həsr edilmiş sərginin açılışı oldu. Mədəniyyət və Turizm NazirliyiMilli İncəsənət Muzeyi tərəfindən təşkil edilən sərgidə rəssamın 50-yə yaxın əsəri nümayiş etdirilir.

 

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev görkəmli fırça ustasının həyat və yaradıcılığından söz açdı. Bildirdi ki, Azərbaycan rəssamlıq sənətinin inkişafında Nadir Əbdürrəhmanovun müstəsna xidmətləri var. O, zəngin yaradıcılıqla bərabər, ölkəmizdə gənc rəssamlar nəslinin yetişməsində də fəal iştirak edib. Sənət yolunda ilk addımlarından özünə xas olan yeni forma axtarışları, realist üslubminiatür sənəti ilə səsləşən orijinal dəst-xətti ilə seçilib. Dekorativliyə və kolorit zənginliyinə xüsusi diqqət yetirməsi onun zəngin üslubundan xəbər verir.

Sənətkarın müxtəlif janrlarda yaratdığı əsərlər qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə daxil olub. Əl işləri bir çox xarici ölkələrin sərgi salonlarında uğurla nümayiş etdirilib və incəsənət həvəskarları tərəfindən rəğbətlə qarşılanıb. Çoxillik yaradıcılıq təcrübəsini gənc rəssamlarla bölüşən Nadir Əbdürrəhmanov milli rəssamlıq məktəbinin inkişafına öz töhfəsini verib.

Xalq rəssamları Ömər Eldarov, Fərhad Xəlilov, Ağaəli İbrahimov sənətkarla bağlı xatirələrini bölüşdülər.

Qeyd olundu ki, Nadir Əbdürrəhmanov bütün mənalı ömrü boyu yaradıcılıqla yanaşı, Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısı olub. Onun yaradıcılığında obrazların psixoloji aləminin, fərdi keyfiyyətlərinin təcəssümü, kompozisiyanın tamlığı diqqəti xüsusilə cəlb edir. Xalqımızın tarixi keçmişini rənglərin dili ilə tablolarda dolğun əks etdirən rəssamın əsərləri milli qürur hissi aşılayır. Rəsmləri saf, cəlbedici, melodiksakitdir. O, əsərlərinin çoxunda müasir modifikasiyalı realist üsluba sadiqdir. Rəssam təbii motivlərdən ruhlanaraq naturadan çəkməyi çox sevirdi.

Deyirlər, sənətkarın yaratdığı hər bir sənət əsəri bütünlüklə öz müəllifini xarakterizə edir. Nadir Əbdürrəhmanovun sənəti bu fikri tam təsdiq edir. Ünsiyyətdə sadə, mehriban olan rəssamın əsərləri də mehribanlığın təcəssümüdür.

Sənətkarın ailəsi adından çıxış edən oğlu, Əməkdar rəssam Arif Əbdürrəhmanov tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.

Xatırladaq ki, Nadir Əbdürrəhmanov 1925-ci il dekabrın 5-də Laçın rayonunda anadan olub. 1944-cü ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1953-cü ildə Repin adına Leninqrad (indiki Sankt-Peterburq) Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirib. Dərin realistik obrazları, daha çox plastik təsvirləri ilə seçilən sənətkar yaradıcılığının ilkin mərhələlərində iriformatlı tematik rəsm əsərləri yaradıb. 1960-cı ildə Əməkdar rəssam, 1964-cü ildə Xalq rəssamı fəxri adlarına layiq görülüb. Sənətkar 2008-ci il iyulun 26-da vəfat edib.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 23 dekabr.- S. 9.