Üzeyir Hacıbəylinin ev-muzeyinin
40 illik yubileyi qeyd olundu
Dekabrın 18-də
dahi bəstəkar Üzeyir
Hacıbəylinin ev-muzeyinin
yaranmasının 40 illik yubileyi
münasibətilə tədbir keçirildi.
Tədbiri muzeyin direktoru, Əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov açaraq qeyd etdi ki, bu gün mədəniyyət və sənət ocağı kimi fəaliyyət göstərən bu evdə Üzeyir bəy ömrünün 27 ilini yaşayıb. Dahi bəstəkar 1915-1942-ci illərdə bu evdə bir çox əsərlərini, o cümlədən ölməz “Koroğlu” operasını yaradıb. Ev-muzeyi kimi fəaliyyət göstərdiyi 40 ildə bu ocaqda bir-birindən maraqlı tədbirlər, yubileylər keçirilərək Üzeyir Hacıbəyli yad edilib, xatirəsi qəlbimizdə əbədiyaşarlıq qazanıb.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək bildirdi ki, dahi bəstəkar, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin ev-muzeyinin 40 illik yubileyinin qeyd edilməsi mədəniyyət tariximizdə əlamətdar hadisədir. Bu ev-muzeyinin yaradılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Nazir müavini diqqətə çatdırdı ki, hələ 1949-cu ilin fevralında, Üzeyir Hacıbəylinin vəfatından 3 ay sonra Azərbaycan hökuməti dahi bəstəkarın xatirəsini əbədiləşdirmək barədə qərar qəbul etmişdi. Lakin illər ötür, respublikanın rəhbərləri dəyişir, qərar isə həyata keçirilmirdi.
1969-cu ildə Azərbaycanda siyasi rəhbərliyə gələn Heydər Əliyevin elm və mədəniyyətin inkişafına verdiyi diqqət mədəniyyətin güzgüsü olan muzeylərin də fəaliyyəti üçün böyük zəmin yaratdı. Ölkəmizdə neçə-neçə muzeylər yarandı, mövcud muzeylər yenidən quruldu: “1975-ci il noyabrın 20-də Üzeyir Hacıbəylinin ev-muzeyinin açılışı Bakı əhalisi arasında əsl bayram əhval-ruhiyyəsi doğurmuşdu. Açılış mərasimində Heydər Əliyev başda olmaqla respublikanın rəhbər şəxsləri, görkəmli elm, incəsənət xadimləri iştirak edirdi. Biz bu gün də fəxrlə qeyd edirik ki, Heydər Əliyev Üzeyir Hacıbəylinin ev-muzeyinin yaradıcısı olmaqla bərabər, həm də ilk ziyarətçisi olub”.
Vurğulandı ki, ulu öndərin vaxtilə həyata keçirdiyi quruculuq işləri, mədəniyyətə diqqət və qayğısı, bu sahədə dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bunu mədəni həyatımızda hiss edirik. 2005-ci ildə Üzeyir Hacıbəylinin 120 illik yubileyi ərəfəsində, ölkə Prezidentinin sərəncamına əsasən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəstəkarın ev-muzeyi əsaslı təmir edildi, yenidənqurma işləri aparıldı.
Nazir müavini qeyd etdi ki, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Üzeyir Hacıbəylinin şəxsiyyətinə və yaradıcılığına yüksək dəyər verməsi hər bir azərbaycanlının qəlbində gözəl hisslər doğurur, “Üzeyir dünyası” layihəsi çərçivəsində görülən nəhəng işlər təqdir olunur, alqışlanır. Bəstəkarın heç vaxt çap olunmayan əsərlərinin nəşri, həyat və yaradıcılığına həsr olunmuş yeni kitabların işıq üzü görməsi, dünyaya səs salan Üzeyir Hacıbəyli beynəlxalq musiqi festivalları Heydər Əliyev Fondunun ölməz sənətkarın xatirəsinə ən gözəl töhfəsidir.
Sevda Məmmədəliyeva muzeyin kollektivini yubiley münasibətilə təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova çıxışında qeyd etdi ki, biz hər dəfə bu ev-muzeyinə gələndə mənən rahatlıq tapırıq, bizi dahi bəstəkarla mənəvi tellər bağlayır. Azərbaycan xalqının qəlbində Üzeyir adı və məhəbbəti əbədi yaşayacaq.
AMEA-nın Tarix İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Solmaz Tohidi qeyd etdi ki, mədəniyyət tariximizdə Üzeyir Hacıbəyli qədər şöhrət qazanan ikinci şəxs təsəvvür etmək olmur. O, Üzeyir bəyin bəstəkarlıq fəaliyyəti ilə vətənpərvərliyinin, ictimai-siyasi fəaliyyətinin vəhdətindən söz açdı, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin və bugünkü dövlətimizin himnini yazmasının tarixçəsindən bəhs etdi.
Xalq artistləri Canəli Əkbərov, Ramiz Quliyev, şair Ənvər Əhməd, Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, professor Telman Ağdamski, C.Məmmədquluzadənin ev-muzeyinin direktoru Pəri Mahmudova və başqaları çıxış edərək dahi bəstəkar haqqında öz ürək sözlərini dedilər.
Professor Zemfira Səfərovanın Üzeyir Hacıbəyli ilə bağlı iki kitabı, rəssam Hüseyn Hacıyevin “Sənsiz” əsəri muzeyə hədiyyə edildi.
Sonra söz musiqiyə verildi. Rauf Hacıyev adına 15 saylı musiqi məktəbi, Niyazi adına 22 saylı musiqi məktəbi, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin və Şuşa Dövlət Musiqili Dram Teatrının əməkdaşlarının ifasında bəstəkarın “Cəngi”, “Sevgili canan”, “Sənsiz” və s. əsərləri səsləndirildi.
Sonda tədbir iştirakçıları muzeyin 40 illik fəaliyyətini əks etdirən fotoşəkillər, eksponatlar və muzeyin nəşrlərindən təşkil edilən sərgiyə baxdılar.
Savalan Fərəcov
Mədəniyyət.- 2015.- 23
dekabr.- S. 8.