Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirildi

 

Dekabrın 21-də Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirildi.

İclası açıq elan edən nazir Əbülfəs Qarayev gündəlik barədə məlumat verdi. Bildirdi ki, kollegiyanın gündəliyində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının 2012-2015-ci illər ərzində fəaliyyəti, Sumqayıt, Mingəçevir və Şəki Dram teatrlarının yaradıcılıq fəaliyyəti və repertuar siyasəti, turizm sənayesi nümayəndələrinin xarici ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində fəaliyyəti və bunun ölkəni ziyarət edən əcnəbi turistlərin dinamikasına təsiri, Şirvan şəhər, Neftçala və Yardımlı rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemlərində mövcud vəziyyət və kitabxana-informasiya şəbəkəsinin fəaliyyətinin təkmilləşdirilməsi, Bərdə, Saatlı və Göyçay rayonlarının uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyəti, “Azərbaycan Respublikasında uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin inkişafı üzrə Xüsusi Fəaliyyət Proqramı (2016-2020-ci illər)” layihəsinin qəbul olunması, Mədəniyyət və Turizm Nazirliyinin 2016-ci ilin birinci yarımili üçün planının təsdiq edilməsi məsələləri var.

Birinci məsələ barədə nazirliyin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov məruzə ilə çıxış etdi.

Qeyd olundu ki, filarmoniyanın nəzdində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Simli Kvarteti və Dövlət Fortepiano Triosu fəaliyyət göstərir. Bu kollektivlər Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə keçirilən festivallarda, dövlət tədbirlərində fəal iştirak edirlər.

Həmçinin bu illər ərzində filarmoniyanın maddi-texniki bazasının gücləndirilməsi üçün müvafiq işlər görülüb, yeni musiqi alətləri alınıb. Bununla yanaşı, Dövlət Filarmoniyasının idarə olunmasında ciddi nöqsanlara da yol verildiyi aşkarlanıb. Bədii şuraların iclasları keçirilmir, kollektivlərin repertuarının yenilənməsi, bilet satışı lazımi səviyyədə deyil. Ölkəmizin regionlarında konsertlər təşkil olunmur, beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün müvafiq işlər görülmür. Tədbirlər haqqında ictimaiyyət əvvəlcədən lazımi səviyyədə məlumatlandırılmır.

Filarmoniyanın direktoru Murad Adıgözəlzadə müəssisənin fəaliyyəti haqqında danışdı, keçirilən tədbirlər, təşkil olunan konsertlər haqqında məlumat verdi.

Əbülfəs Qarayev Azərbaycan Dövlət Filarmoniyasının ölkəmizin ən aparıcı mədəniyyət müəssisələrindən biri olduğunu vurğuladı: “Elə buna görə də Dövlət Filarmoniyasının güclü fəaliyyət göstərməsi vacibdir. Bu mədəniyyət müəssisəsində istedadlı, peşəkar insanlar var. Filarmoniyanın kollektivləri ölkəmizdə keçirilən musiqi festivallarında, dövlət tədbirlərində, eləcə də xarici ölkələrdə yüksək səviyyədə çıxış edirlər. Amma, bununla yanaşı, idarəçilikdə çox ciddi nöqsanlar var. Təşəbbüskarlıq yox səviyyəsindədir”.

Nazir vurğuladı ki, Azərbaycan Dövlət Filarmoniyasının işinin günün müasir tələblərinə uyğun qurulması, dünyanın aparıcı filarmoniyaları ilə əlaqələrin yaradılması, ölkəmizin zəngin musiqisinin təbliğ edilməsi üçün fəaliyyəti gücləndirilməli, yeni təşəbbüslər irəli sürülməlidir.

Məruzələr və çıxışlardan sonra Azərbaycan Dövlət Filarmoniyasının 2012-2015-ci illər ərzində fəaliyyəti ilə bağlı kollegiyanın qərarı qəbul edildi.

Mədəniyyət müəssisəsinin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadəyə şiddətli töhmət verildi. Fəaliyyətsizliyə və vəzifə səlahiyyətlərinin öhdəsindən gəlmədiyinə görə direktor müavini Afət Məlikova ciddi xəbərdarlıq edildi.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin direktoru Şükür Səmədova, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru Nazilə Yaqubovaya, Dövlət Xor Kapellasının direktoru Xurşid Abdullayevaya, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru Elçin Abbasova, Azərbaycan Dövlət Rəqs Ansamblının direktoru Zahir Qasımova xəbərdarlıq edildi.

Kollegiyada qəbul olunan qərarların icra vəziyyətinə 6 aydan sonra yenidən baxılması ilə bağlı tapşırıqlar verildi.

 

Mədəniyyət.- 2015.- 23 dekabr.- S. 5.