Qədim musiqi irsimizə
həsr olunan ömür
Dekabrın 21-də Musiqi Mədəniyyəti
Dövlət Muzeyində
Xalq artisti, sənətşünaslıq doktoru,
professor, Qədim Musiqi
Alətləri Ansamblının
yaradıcısı və
bədii rəhbəri
Məcnun Kərimovun
(1945-2013) anadan olmasının
70 illiyinə həsr edilən tədbir keçirildi.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi
Alla Bayramova tədbiri açaraq Məcnun Kərimovla 25 il sıx
əməkdaşlıq etdiklərini
dedi. Bildirdi ki, o, sənətinə
məhəbbəti, işinə
məsuliyyəti ilə
seçilirdi. Həmkarlarına qarşı çox həssaslıq göstərirdi.
Onun xatirəsi qəlbimizdə
daim yaşayacaq.
Muzeyin şöbə
müdiri Təranə
Zeynalova sənətkarın
həyat və fəaliyyətindən danışdı. Qeyd olundu
ki, Məcnun Təbriz oğlu Kərimov 1945-ci ildə Zəngəzur mahalında
dünyaya göz açıb. Ağdam orta
ixtisas musiqi məktəbini bitirib.
Bir müddət Zəngilanda uşaq musiqi məktəbinin direktoru işləyib. 1972-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının
xalq çalğı
alətləri şöbəsindən
məzun olub. Həmin dövrdən qədim musiqi alətlərinin öyrənilməsi və
bərpası istiqamətində
elmi tədqiqat işləri aparıb.
1975-ci ildə ilk qədim musiqi alətinin nümunəsini
hazırlayıb. Unudulmuş
11 musiqi alətini (çəng, bərbət,
çəqanə, çoğur,
tənbir, səntur, rubab, rud, qopuz,
ney, nüshə)
bərpa edib.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova qeyd etdi ki,
Məcnun Kərimovun hazırladığı musiqi
alətləri dəfələrlə
Azərbaycandan kənarda,
o cümlədən Moskvada
Şərq Xalqları Muzeyində sərgilənərək
mütəxəssislərin yüksək rəyini almışdı. Onun adı,
xatirəsi bərpa etdiyi musiqi alətlərində
yaşayacaq.
AMEA Memarlıq və İncəsənət İnstitutunun
əməkdaşı, Əməkdar
incəsənət xadimi
Sürəyya Ağayeva
bildirdi ki, Məcnun müəllimin ən böyük arzularından biri o idi ki, bu
qədim musiqi alətləri yalnız muzey eksponatları kimi sərgilənməsin.
Həm də ansambl şəklində səsləndirilsin.
Onun bu istəyi reallaşdı və
1996-cı ildə ümummilli
lider Heydər Əliyevin xeyir-duası ilə Qədim Musiqi Alətləri Ansamblına dövlət statusu verildi. Həmin ildən ansambl Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin nəzdində
fəaliyyət göstərir.
Bakı
Musiqi Akademiyasının
nəzdində fəaliyyət
göstərən musiqi
alətlərinin bərpası
laboratoriyasının müdiri
Maya Qafarlı, Azərbaycan
Milli Konservatoriyası
nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət
xadimi Nazim Kazımov və başqaları mərhum sənətkarın musiqi mədəniyyətimizin inkişafına
verdiyi töhfələrdən
danışdılar.
Məcnun Kərimovun ailəsi adından çıxış
edən həyat yoldaşı Hüsniyyə
Kərimova tədbirin
təşkilatçılarına və iştirakçılarına
öz dərin minnətdarlığını bildirdi.
Çıxışlardan sonra söz musiqiyə verildi. Əməkdar
artist Munis Şərifovun
rəhbərlik etdiyi Qədim Musiqi Alətləri Ansamblının
müşayiəti ilə
Əməkdar artist Nuriyyə
Hüseynovanın ifasında
“Sarı gəlin”, “Küçələrə su
səpmişəm”, “Qaragilə”
və digər mahnılar səsləndirildi.
Savalan Fərəcov
Mədəniyyət.- 2015.- 23
dekabr.- S. 5.