Respublika Uşaq
Kitabxanasının 50 illik yubileyi
qeyd olundu
Dekabrın 22-də
Beynəlxalq Muğam Mərkəzində Firidun bəy Köçərli adına Respublika Uşaq
Kitabxanasının 50 illik yubileyinə həsr
olunmuş təntənəli mərasim keçirildi.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirdi.
İştirakçılar əvvəlcə mərkəzin foyesində uşaq kitablarından ibarət sərgi ilə tanış oldular.
Yubiley mərasimində öncə kitabxananın fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi.
Tədbirdə çıxış edən nazir Əbülfəs Qarayev ölkəmizdə kitabxana sisteminin inkişafı sahəsində həyata keçirilən dövlət proqramlarından danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin bu sahənin inkişaf etdirilməsi məqsədilə imzaladığı dövlət proqramlarının icrası kitabxana işinin yeni mərhələyə qədəm qoymasına səbəb olub. Son dövrlər informasiya texnologiyalarının inkişafı ilə əlaqədar kitaba marağın azalmasına baxmayaraq, ölkəmizdə uşaq kitablarına münasibət dəyişməyib: “Nazirliyin fəaliyyətinin prioritet istiqamətlərindən biri də kitabxana sisteminin işini müasir tələblər səviyyəsinə çatdırmaqdır. Bu məqsədlə müvafiq addımlar atılır. Bu il bizə uşaq kitablarının nəşr olunması üçün çoxlu müraciətlər olub. Bunları nəzərə alaraq gələn il nəşr edəcəyimiz kitabların sırasında uşaq ədəbiyyatına daha çox üstünlük verəcəyik”.
Respublika Uşaq Kitabxanasının fəaliyyətindən danışan Əbülfəs Qarayev bildirdi ki, Azərbaycanda kiçikyaşlı oxucuların maariflənməsində kitabxana mühüm rol oynayır: “Bu gün 50 illik yubileyini qeyd etdiyimiz kitabxana öz işini günün müasir tələbləri səviyyəsində qurmağa nail olub. Biz uşaqlarımızın gələcəyini təmin etmək üçün onlarda kiçik yaşlarından kitaba maraq oyatmalıyıq. Ölkəmizdə bu vacib işi həyata keçirən mədəniyyət müəssisələrindən biri də Respublika Uşaq Kitabxanasıdır”.
Nazir kitabxana işçilərini təbrik edərək onlara gələcək işlərində uğurlar arzuladı.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edərək yarıməsrlik tarixi olan kitabxananın fəaliyyətini yüksək qiymətləndirdi. Qonaq dost, qardaş Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etdi.
Sonda kitabxana sahəsində səmərəli fəaliyyətinə görə və Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi münasibətilə bir qrup kitabxana işçisinə nazirliyin fəxri fərmanı və pul mükafatı təqdim edildi. Almaz Əşrəfova və Dürdanə Mazanova nazirliyin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olundular.
Yubiley tədbiri
konsert proqramı ilə davam etdi.
Qeyd edək ki, Respublika
Uşaq Kitabxanası
1965-ci il yanvarın 1-də Azərbaycan
SSR Nazirlər Sovetinin
qərarı ilə Maksim Qorki adına
kitabxana fondunun bazası əsasında yaradılıb. 12 sentyabr
1967-ci il tarixdən kitabxana Azərbaycan uşaq ədəbiyyatının inkişafında
mühüm xidmətləri
olan, ədəbi dilimizin saflığı uğrunda daim mübarizə aparmış
ədəbiyyatşünas, pedaqoq, maarifpərvər Firidun bəy Köçərlinin adını
daşıyır.
Yarandığı illərdən kitabxananın
zəngin metodik nəşrlər fondu formalaşıb. Fondda uşaqlara kitabxana
xidmətinin bütün
nəzəri, metodik və təcrübi nailiyyətlərini və
qabaqcıl təcrübəni
əks etdirən ədəbiyyat toplanıb.
Kitabxana
2012-ci ildən Beynəlxalq
Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür,
qurumun sərgi və konqreslərində iştirak edir. Şuraya üzv olmaqda əsas məqsəd Azərbaycanda
uşaq yazıçılarını,
rəssam və tərcüməçiləri müasir uşaq ədəbiyyatındakı problemlərə
yönəltmək, uşaq
ədəbiyyatı sahəsində
yeniliklərin tətbiqinə
nail olmaq, balaca oxucuları dünya uşaq ədəbiyyatı
nümunələri ilə
tanış etməkdir.
Kitabxana tərəfindən gənc
nəslin hərtərəfli
inkişaf etməsi və kamilləşməsi,
uşaqlarda vətənpərvərlik
hisslərinin daha da gücləndirilməsi,
təhsilə marağın
artırılması məqsədilə
“Göy qurşağı”
adlı uşaq jurnalı çap olunur. Hazırda 250 min nüsxəyə
yaxın kitab fondu olan kitabxanada
8 şöbə, 4 bölmə,
2 oxu zalı var, paytaxtın müxtəlif rayonlarında
3 filialı fəaliyyət
göstərir.
Fariz Hüseynov
Mədəniyyət.- 2015.- 23 dekabr.- S. 3.