Uşaq rəqs kollektivlərinin respublika müsabiqəsinin qalibləri
mükafatlandırıldı
Yetişən nəsillərin milli rəqs sənətimizə marağının artırılması və yeni istedadların üzə çıxarılması istiqamətində reallaşan daha bir layihə başa çatdı. Uşaq, yeniyetmə və gənclər arasında rəqs sənətinin təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dekabr ayında Bakıda keçirilən uşaq rəqs kollektivlərinin respublika müsabiqəsinin nəticələri elan edildi. Uşaq incəsənət məktəbləri, mədəniyyət mərkəzləri, sarayları və evlərinin 20 kollektivinin qatıldığı müsabiqənin mükafatlandırma mərasimi və yekun konserti dekabrın 22-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirildi.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva qalibləri təbrik edərək onlara daha böyük nailiyyətlər arzuladı.
Uşaqlarımızın erkən yaşlardan milli ruhda tərbiyəsi üçün milli rəqs sənətinə sevgi və maraq ruhunda yetişməsinin əhəmiyyətini vurğulayan nazir müavini balacaları bu sahəyə yönəldən valideynlərə və onlara rəqs sənətinin sirlərini öyrədən müəllimlərə təşəkkür etdi.
Ölkə Prezidenti İlham Əliyevin mədəniyyətin, incəsənətin, o cümlədən rəqs sənətinin inkişaf etdirilməsinə xüsusi qayğı göstərdiyini vurğulayan nazir müavini Bakı Xoreoqrafiya Akademiyasının yaradılmasını bu sənətin yaşadılması və professional səviyyədə tədrisinə diqqətin bariz nümunəsi kimi dəyərləndirdi. Qeyd olundu ki, dövlətin diqqət və qayğısı gənc istedadların xüsusi təqaüdlərə layiq görülməsində, adlarının “Qızıl kitab”a salınmasının və ən müxtəlif beynəlxalq müsabiqələrdə iştiraklarının təmin olunmasında da özünü göstərir.
Nazir müavini istedadlı uşaqların üzə çıxarılması, onların dəstəklənməsi, yaradıcı gənclərin iştirakı ilə milli incəsənətimizin, eləcə də rəqs sənətimizin dünyanın nüfuzlu səhnələrində nümayiş olunmasında ölkənin birinci xanımı Mehriban Əliyevanın xidmətlərini xüsusi qeyd etdi.
Bildirildi ki, Mədəniyyət və Turizm Nazirliyi də bu istiqamətdə sistemli iş aparır, mütəmadi müsabiqələr, digər tədbirlər keçirilir. Sevda Məmmədəliyeva bu müsabiqənin qalibləri arasından da nadir istedadların üzə çıxacağına ümidvar olduğunu dedi.
Müsabiqənin münsiflər heyətinin sədri, Xalq artisti Yusif Qasımov, münsiflər heyətinin üzvləri, Xalq artisti Təranə Muradova, Əməkdar artist Nailə Məmmədzadə çıxış edərək nazirliyin təşəbbüsü ilə gerçəkləşən müsabiqənin əhəmiyyətini vurğuladılar. Fərqlənən kollektivlərin arasında istedadlı, gələcəyin yüksək səviyyəli rəqqaslarının olduğu qeyd edildi, belə istedadların sayəsində bu böyük milli irsimizin yaşayıb daha da inkişaf edəcəyinə əminlik ifadə olundu.
Sonra müsabiqənin laureatı adına layiq görülmüş və fərqlənmiş rəqs kollektivlərinə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq dərəcəli diplomları, fəxri fərmanları və pul mükafatları, digər iştirakçılara isə tərifnamələr təqdim edildi.
Beləliklə, I mükafat və I dərəcəli diploma Füzuli şəhər S.Şuşinski adına 1 saylı uşaq incəsənət məktəbinin “Mədinə” rəqs kollektivi, II mükafat və II dərəcəli diploma Şuşa şəhər 6 saylı onbirillik incəsənət məktəbinin “Odlar yurdu” rəqs kollektivi və Bakı şəhər F.Əmirov adına 6 saylı onbirillik incəsənət məktəbinin “Aysel” rəqs kollektivi layiq görüldü. III mükafata isə Bakı şəhərində fəaliyyət göstərən V.Mustafazadə adına 2 saylı uşaq incəsənət məktəbinin “Aysel”, 3 saylı uşaq incəsənət məktəbinin “Şənlik” və Xətai rayon Mədəniyyət mərkəzinin “Təbəssüm” rəqs kollektivi layiq görüldü.
Müsabiqədə daha 4 kollektivə - Abşeron, Sumqayıt (2) və Füzuli şəhərlərinin təmsilçilərinə həvəsləndirici mükafat və fəxri fərmanlar verildi. Həmçinin 6 kollektiv müsabiqədə iştiraklarına görə təşkilat komitəsinin tərifnamələri ilə təltif olundu.
Mükafatlandırma mərasimindən sonra qalib kollektivlərin təqdimatında rəngarəng konsert proqramı təqdim olundu.
Həmidə
Mədəniyyət.- 2015.- 23
dekabr.- S. 2.