“Mən fəxr edirəm ki, azərbaycanlıyam”

 

Tanınmış heykəltəraş-rəssam Vaqif Nəzirovun sərgisi

 

Dekabrın 22-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Əməkdar incəsənət xadimi, tanınmış heykəltəraş-rəssam Vaqif Nəzirovun “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı rəsm sərgisi açılıb.

Mədəniyyət və Turizm Nazirliyinin və Rəssamlar İttifaqının təşkilatçılığı ilə baş tutan sərgidə rəssamın 20-dək əsəri nümayiş olunub.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağalı İbrahimov çıxış edərək rəssamın yaradıcılığını yüksək qiymətləndirib. Qeyd olunub ki, Vaqif Nəzirov yaradıcılığı həmişə novatorluğu ilə seçilib. Sərgiyə təqdim olunan əsərlərdə Azərbaycanın dahi şəxsiyyətlərinin portretləri və büstləri ilə yanaşı, vətənpərvərlik ruhu aşılayan sənət əsərləri yer alıb.

Sumqayıt Tarix Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Olya İslamova və Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev rəssamın yaradıcılığının zənginliyindən bəhs ediblər.

Çıxışlarda qeyd olunub ki, sərgidə yer alanümummilli lider Heydər Əliyevə ithaf olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam” və “Sülh göyərçini” əsərləri fırça ustasının ən qiymətli əsərlərindəndir.

 

Mədəniyyət.- 2015.- 23 dekabr.- S. 2.