Beynəlxalq Türk Akademiyasında “Azərbaycan guşəsi”

 

Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşəbbüsü ilə Astanadakı Beynəlxalq Türk Akademiyasının ortaq tarix muzeyində “Azərbaycan guşəsi”nin təqdimatı keçirilib. Tədbirdə səfirliyin əməkdaşları, Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Vidadi Salahov, alimlər iştirak ediblər.

Səfirliyin müvəqqəti işlər vəkili Şahin Əhmədov Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən göndərilən bayrağı, milli çalğı alətləri, geyimlər, xalçalar və suvenirləri Türk Akademiyasının ortaq tarix muzeyinə təqdim edib. Diplomat qeyd edib ki, bu eksponatlar ortaq türk tarixinin yaxın olduğu muzeyə gələn hər kəsə, Qazaxıstan və xarici ölkə vətəndaşlarına nümayiş etdirilir. Beynəlxalq Türk Akademiyası vasitəsilə ölkələrimiz və xalqlarımız daha da yaxınlaşır.

Türk Akademiyasının prezidenti Darxan Kıdıralı Azərbaycan səfirliyinə minnətdarlığını bildirib. Səfirliyimiz sıx əməkdaşlığa və göstərdiyi dəstəyə görə Türk Akademiyasının sertifikatına layiq görülüb.

 

Mədəniyyət.- 2015.- 25 dekabr.- S. 16.