Görkəmli teatr rəssamı

 

Əyyub Fətəliyev - 90

 

Məşhur italyan rəssamı Koizani deyirdi: “Dekorasiya göz üçün musiqidir”. Haqqında söhbət açacağımız rəssam həyatını teatr rəssamlığı sənətinə həsr etmiş, ömrü boyu yüksək yaradıcılıq əzmi, yaradıcı təxəyyülü ilə səhnə əsərinin daha da bədii biçimdə qavranılmasına, bədii estetik zövq mənbəyinə çevrilməsinə əmək sərf etmiş, Azərbaycan təsviri sənətində özünəməxsus yer qazanmışdır. Bu, Əməkdar incəsənət xadimi Əyyub Fətəliyevdir.

 

Əyyub Cəfər oğlu Fətəliyev 1925-ci ildə tarixi yurd yerlərimizdən olan İrəvanda dünyaya göz açmışdır. Rəssamlığa erkən yaşlarından maraq göstərmiş, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu (1944) bitirmişdir. Bir müddət işlədikdən sonra ali rəssamlıq təhsili almaq üçün Moskvaya gedirV.İ.Surikov adına Dövlət Rəssamlıq İnstitutuna daxil olur.

1952-ci ildə tanınmış bəstəkar Soltan Hacıbəyovun “Gülşən” baletinin səhnə tərtibatı mövzusunda diplom işini uğurla müdafiə edərək, institutun teatr rəssamlığı fakültəsini müvəffəqiyyətlə bitirir. 1952-1955-ci illərdə Moskvada SSRİ-nin ən nüfuzlu teatrı hesab olunan Dövlət Akademik Böyük Teatrda əvvəlcə təcrübəçi rəssam, sonra isə baş rəssam assistenti olaraq çalışır. Burada rejissorlar B.Pokrovski, L.Baratov, teatrın baş rəssamı Vadim Rindinin rəhbərliyi ilə çox böyük yaradıcılıq təcrübəsi keçərək, teatr sənətinin ən incə mətləblərini mənimsəmişdir. Ə.Fətəliyev bu müddətdə C.VerdininTraviata”, N.A.Rimski-KorsakovunQar qız”, D.KabalevskininNikita Verşinin”, A.RubinşteyninDemon” tamaşalarının bədii tərtibatının hazırlanmasında qızğın yaradıcılıq şövqü ilə iştirak edərək püxtələşmişdir.

1955-ci ildə rəssam Bakıya qayıdaraq, ömrünün sonuna kimi Azərbaycan Dövlət OperaBalet Teatrında çalışmışdır. Teatrda əvvəlcə quruluşçu rəssam, 1957-ci ildən isə baş rəssam kimi bir çox opera tamaşalarına bədii tərtibat vermişdir.

Ə.Fətəliyev yaradıcılıq fəaliyyəti ilə yanaşı ixtisaslı teatr rəssamlarının hazırlanmasında da əmək sərf etmiş, 20 ildən artıq Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Rəssamın uzunmüddətli bədii və pedaqoji yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilmiş, o, 1964-cü ildə respublikanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

Onun OperaBalet Teatrında ilk müstəqil yaradıcılıq işi gürcü bəstəkarı Zaxari PaliaşvilininDaisi” (1956, quruluşçu rejissor Şəmsi Bədəlbəyli) operası olmuşdur. Rəssam əsərin ideya qayəsinin daha mükəmməl açılmasına xidmət edən uğurlu səhnə tərtibatı hazırlamışdır. İlk uğurdan fərəhlənən rəssam bundan sonra özünün professional yaradıcılıq təcrübəsinə əsaslanaraq bir çox tamaşaların bədii tərtibatını əsərin ruhuna uyğunideya qayəsinə xələl gətirmədən, əsl peşəkarlıqla və yüksək bədii zövqlə həyata keçirmişdir.

Bu sırada Cahangir CahangirovunAzad” (1957), “Xanəndənin taleyi” (1979), Fikrət Əmirovun “Sevil” (1959), Üzeyir Hacıbəylinin “Koroğlu” (1959, 1975, Xalq rəssamı Tahir Salahovla birgə), Cüzeppe VerdininAida” (1961), “Traviata” (1964), “Otello” (1982), Aleksandr BorodininKnyaz İqor” (1964, 1975), Modest MusorqskininBoris Qodunov” (1966), Vasif Adıgözəlovun “Ölülər” (1967), Pyotr ÇaykovskininQaratoxmaq qadın” (1968), Qara QarayevinCahangir Hacıyevin “Vətən” (1973), Zakir Bağırovun “Aygün” (1973) və başqa opera tamaşalarını qeyd etmək olar.

1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə “Koroğlu” (geyim eskizləri - Xalq rəssamı Kazım Kazımzadə) və “Sevil” (geyim eskizləri - Xalq rəssamı Bədurə Əfqanlı) operalarının səhnə tərtibatı rəssamın yüksək professionallığı, dərin bədii duyma qabiliyyəti və gərgin yaradıcılıq axtarışları hesabına ərsəyə gətirilmişdir. Rəssamın uğurlu yaradıcılıq fəaliyyəti mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

Qeyd etmək lazımdır ki, “Koroğlu” operasının səhnə tərtibatını 30-cu illərdə Ə.Fətəliyevdən əvvəl tanınmış rəssamı Rüstəm Mustafayev hazırlamışdır. Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev müqayisəli təhlillər apararaq, qeyd edir:R.Mustafayevin bədii konstruktivizmi bir müddət sonra Ə.Fətəliyevin irihəcmli dekorlara istinad edən dolğunparlaq məkan həlli formaları ilə əvəzləndi. Rəssam özündən əvvəlki “Koroğlu” tərtibatı prinsiplərini inkar etmədi, konstruktivizmin tələb etdiyi zahiri formaları bədii-estetik, həyati təsir bağışlayan parlaq səhnə elementləri ilə zənginləşdirdi”.

Ə.Fətəliyev müsahibələrindən birində öz yaradıcılığı barədə deyirdi: “Müxtəlif illərdə bədii tərtibatını verdiyim tamaşalardanDaisi” (rejissor Şəmsi Bədəlbəyli), “Sevil” və “Koroğlu” (rejissor Mehdi Məmmədov), “Xanəndənin taleyi” (rejissor Kərim Kərimov), “Otello” (rejissor Lütfiyar İmanov) mənə daha yaxındır və bu işlərim məni bir teatr rəssamı kimi qane edir”.

Tanınmış incəsənət xadimləri, sənətşünaslar onun yaradıcılığını yüksək qiymətləndirmişlər. Azad” tamaşasını hazırlayanda bədii şurada opera sənətimizin korifeyi, SSRİ Xalq artisti Bülbül rəssamın yaradıcılıq əməyindən danışarkən “Mən teatrda neçə illərdir işləyirəm, teatr səhnəsinin belə dərinliyini görməmişəm” demişdir. Həmçinin Xalq yazıçısı Mirzə İbrahimovAzad” tamaşasına münasibətini bildirərkən rəssamın yaradıcılığını xüsusi vurğulayaraq, bunu “gücləndirici vasitə”, “rəssam ustalığı” kimi qeyd etmişdir.

Sənətşünaslıq doktoru Nurəddin Həbibov rəssamın yaradıcılığı barədə yazır: “Ə.Fətəliyev üslub və bədii obrazlar cəhətdən bir-birindən fərqlənən tamaşalar üçün müxtəlif təsvir vasitələri tapa bilir, səhnə meydançasından, hadisələrin ritminə uyğun yığcam və ahəngdar formalardan, rənglərdən səmərəli istifadə edir, səhnə mühitinin şərti və realist səpkidə baxılmasına səy göstərir”.

Sənətşünaslıq doktoru Nəsir Rzayevonun işini yüksək qiymətləndirir: “Ə.Fətəliyevin yaradıcılığının səciyyəvi cəhətlərindən birieskiz və tərtibatlarındakı aydınlıq və kompozisiya orijinallığıdır. Rəssam səhnə tərtibatlarının bədiiliyini və estetik təsirini qüvvətləndirmək, onları həyatın və təbiətin realist mənzərələrinə çevirmək üçün işıqdan bacarıqla istifadə edir. Bu isə tamaşaçıların diqqətini süjet xətti üzərində mərkəzləşdirir, tamaşanın təbii və inandırıcı olmasına kömək edir”.

Əyyub Fətəliyev 2000-ci il aprelin 21-də dünyasını dəyişib. Onun tanınmış teatr rəssamı kimi bədii yaradıcılıq irsi təsviri sənət tariximizə əbədi həkk olunub.

 

Əsəd Quliyev

sənətşünas, Rəssamlar İttifaqının üzvü

 

Mədəniyyət.- 2015.- 25 dekabr.- S. 12.