Türk dilində təhsil bayramı

 

Balkanlardan türk dünyasına mədəniyyət körpüsü

 

Keçmiş Yuqoslaviya federasiyasının dağılmasından sonra müstəqillik əldə etmiş Makedoniyanın 2 milyonluq əhalisinin təxminən üçdəbiri müsəlmanlardır. Onların arasında türk icması elə də çox olmasa da (80 minə yaxın, əhalinin təxminən 4 faizi), ictimai fəallığı ilə seçilir. Milli-mədəni haqları uğrunda mübarizliyi nəticəsində Makedoniya türkləri 2008-ci ildə əlamətdar bir günün - 21 dekabr - “Türk dilində təhsil bayramı”nın təsis edilməsinə nail olublar. Bu il bayram ilk dəfə Ankarada TÜRKSOY-un təşkilatçılığı ilə Keçiören bələdiyyəsinin Mədəniyyət evində qeyd olundu.

Tədbirdə çıxış edən TÜRKSOY baş katibinin müavini Fırat Purtaş bildirdi ki, Makedoniya türklərinin fədakarlığı sayəsində bu əlamətdar gün ölkə konstitusiyası ilə təsbit olunub. Bayramın Ankarada qeyd edilməsi Türkiyə və Makedoniya arasında dostluğa mühüm bir töhfədir.

Qeyd olundu ki, türkdilli ölkələri bir araya gətirən TÜRKSOY təşkilat olaraq digər toplumlara da açıqdır və bu xüsusda Balkanlarda önəmli tədbirlər keçirməkdədir. Ötən il Sarayevoda (BosniyaHerseqovina) “Altaylardan Balkanlara türk dünyası konsertləri və rəsm sərgiləri” adlı tədbir keçirildi. Makedoniyadan olan sənət adamları da TÜRKSOY-un bir sıra tədbirlərinə qatılıblar: “İnanıram ki, sağlam təməllər üzərində qurulan işbirliyimiz daha da yüksələcək və güclənəcək. Dünyanın ən çox ehtiyac duyduğu dialoq və qarşılıqlı hörmətdir. Mədəniyyət və sənət ölkələrarası münasibətlərdə mühüm amildir”.

Sonra türk dünyasına dəyərli töhfələr vermiş Makedoniyanın tanınmış şairi Sabit Yusuf anıldı və oğlu onun şeirlərini səsləndirdi.

Makedoniyanın Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili xanım Spreşa Yusufi iki ölkə arasında əlaqələrdən bəhs etdi, tədbirə verdiyi dəstəyə görə TÜRKSOY-ya təşəkkürünü bildirdi.

Qazi Universitetinin professoru Mehmet Zeki İbrahimgil Makedoniyada Osmanlı yadigarı olan tarixi tikililərdən danışdı, Makedoniya şəhərlərinin memarlıq quruluşuna görə türk şəhərlərinə bənzədiyini bildirdi.

Çıxışlardan sonra TÜRKSOY “Rəssamlar görüşünün iştirakçısı olmuş makedoniyalı fırça ustalarının sərgisinin açılışı keçirildi. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Ankara Dövlət Türk Xalq Musiqisi Xorunun ifasında Balkan musiqiləri təqdim olundu.

 

Mehparə Sultanova

Ankara

 

Mədəniyyət.- 2015.- 25 dekabr.- S. 10.