Bakı skal klubunun növbəti
toplantısı olub
Dekabrın 22-də
"Divan Express Baku" hotelində Səyahət və Turizm Peşəkarları Beynəlxalq
Assosiasiyasının ("Skal İnternational") Bakı klubunun
19-cu toplantısı keçirilib.
Tədbirdə "Skal Baku" klubunun prezidenti, Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov çıxış edərək bildirib ki, hazırda dünyanın 83 ölkəsində 381 skal klubu fəaliyyət göstərir, bu təşkilatlar 6 mindən çox üzv birləşdirir. 2009-cu ildən Azərbaycanda fəaliyyətə başlayan "Skal Baku"nun 37 nəfər üzvü var: “Ümumilikdə götürdükdə, Azərbaycanda skala maraq böyükdür. Təşkilata yeni müraciət edənlərə üzvlük vəsiqələri təqdim ediləcək".
"Skal İnternational Baku" klubunun vitse-prezidenti Ceyhun Aşurov dünya skalçılarının İspaniyada keçirilmiş illik toplantısı haqqında qısa təqdimat edib.
"Skal Baku" klubunun sabiq prezidenti Ruslan Quliyev isə İstanbulda gerçəkləşən "Skalite 2015" toplantısı barədə danışıb. Onun sözlərinə görə, sülh və müxtəlif mədəniyyətlərin təbliğinə həsr olunmuş tədbirin iştirakçılarına ölkəmizdə turizmin inkişafı ilə bağlı ətraflı məlumat da çatdırılıb.
Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov “Turizm müəssisələrində audit aparılmasına dair” proqram layihəsini təqdim edib. Bildirib ki, Azərbaycanda 14 audit proqramı var. Bu proqramlar müxtəlif sahələri əhatə edir. Turizmə dair audit proqramı ilk dəfə hazırlanıb. Mütəxəssisin sözlərinə görə, audit təftiş deyil, maliyyə-iqtisad yoxlamasıdır. O, yeni layihənin Mədəniyyət və Turizm Nazirliyinə təqdim edildiyini diqqətə çatdırıb.
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov qeyd edib ki, turizm müəssisələri rəhbərlərinin bu sənədlə tanış olması vacibdir. Çünki sənəd müəssisələrdə maliyyə sənədləşməsinin düzgün aparılması üçündür.
"Divan Express
Baku"nun baş meneceri Murat Yıldızsafer isə rəhbərlik etdiyi hotel haqqında
iştirakçılara məlumat verib. Sonra təşkilatın yeni
üzvlərinə vəsiqələr təqdim olunub.
Mədəniyyət.- 2015.- 25
dekabr.- S. 9.