Çövkən
oyunu üzrə Prezident
Kubokunu paytaxt təmsilçiləri
qazandı
“Sərhədçi” komandası dalbadal ikinci dəfə yarışın baş mükafatına sahib olub
Çövkən
milli oyunu üzrə Prezident Kuboku uğrunda yarışlara yekun
vurulub. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı,
Şəki Şəhər İcra
Hakimiyyətinin dəstəyi ilə bu il 10-cu dəfə keçirilən
yarışlara dekabrın 16-da Şəkinin Daşüz
kəndindəki Respublika Atçılıq
Turizm Mərkəzində start
verilmişdi.
Oyunlarda Bakıdan və regionlardan 24 komanda qatılmışdı. Çövkən üzrə seçmə oyunlarda uğur qazanan komandalar növbəti mərhələyə
keçib, qalanlar isə güc sınağı, baharbənd,
yaylıq, papaq və sür-papaq oyunlarında yarışıblar.
Dekabrın 21-də Respublika
Atçılıq Turizm
Mərkəzində sözügedən
beş növdə
qaliblər mükafatlandırılıb.
Balakən komandası sürpapaq,
Şəki komandası
papaq oyunu üzrə, Qazax komandası baharbənd, Xaçmaz komandası yaylıq, Zaqatala komandası isə güc sınağı yarışlarında birinci
olub.
Çövkən üzrə yarımfinal və final mərhələsi
isə Bakıda Binə Atçılıq
Mərkəzinin örtülü
manejində davam etdirilib.
Dekabrın 22-də birinci yarımfinalda Ağstafa təmsilçiləri
Ağcabədi komandasını
məğlub edib. İkinci yarımfinalda
paytaxt komandaları -
“Sərhədçi” və
“Polad” üz-üzə
gəlib və oyun sonrası penalti zərbələrini
daha dəqiq yerinə yetirən “Sərhədçi” komandası
qələbə qazanıb.
Dekabrın 23-də final oyunu və 3-cü yer uğrunda yarış keçirilib.
Oyunlardan əvvəl mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev və Azərbaycan Respublikası
Atçılıq Federasiyasının
prezidenti Elçin Quliyev çıxış
ediblər.
Nazir Əbülfəs
Qarayev bildirib ki, Prezident Kuboku
yarışlarının keçirilməsi
ənənəyə çevrilib. Yarışların əsas məqsədi Azərbaycan xalqının
mədəni irsini qoruyub saxlamaq, milli çövkən oyununun inkişafını
dəstəkləmək, ən
güclü komandaları
üzə çıxarmaqdır.
Azərbaycan Prezidenti İlham
Əliyevin ölkəmizdə
idmana daimi diqqət göstərdiyini
deyən nazir vurğulayıb ki, Azərbaycan təkcə beynəlxalq idman tədbirlərində iştirak
etmir, həm də bu cür
tədbirlərin keçirildiyi
məkanlardan birinə
çevrilir. Bu isə ölkəmiz haqqında həqiqətlərin
dünya ictimaiyyətinə
çatdırılmasına imkan yaradır.
Azərbaycan Respublikası Atçılıq
Federasiyasının prezidenti
Elçin Quliyev bildirib ki, ölkənin
müxtəlif regionlarından
atüstü oyunlarda iştirak edən komandaların sayı ildə-ilə artır. Bu, atçılıq idman növünün uğurlu
inkişafının və
bu sahəyə Azərbaycanda maraq səviyyəsinin artmasının
göstəricisidir. Elçin Quliyev
xatırladıb ki, bu ilin sentyabr
ayında Bakıda
polo üzrə ilk Avropa
çempionatı keçirilib
və komandamız birinci olub. Atçılıq idmanının müxtəlif
növləri üzrə
müntəzəm keçirilən
yarışların məqsədlərindən
biri Qarabağ cins atlarının qorunub saxlanması və çoxaldılmasına,
milli atçılığın
inkişafına kömək
göstərməkdir.
Sonra üçüncü
yer uğrunda mübarizə aparan “Ağstafa” və “Polad” komandaları qarşılaşıblar. “Polad” komandası 1:0 hesabı ilə qalib gəlib.
Finalda “Sərhədçi”
və “Ağcabədi”
komandaları yarışıblar. Oyun “Sərhədçi”nin tam üstünlüyü ilə
keçib və 7:0 hesabı ilə başa çatıb.
Sonra mükafatlandırma mərasimi keçirilib. Bütün iştirakçılara fəxri diplomlar, medallar və pul mükafatları verilib. “Sərhədçi” komandasına turnirin əsas mükafatı - Prezident Kuboku təqdim olunub.
Qeyd edək ki, “Sərhədçi”
komandası ötən il də Prezident kubokunu qazanıb.
Ümumilikdə son üç
ildə paytaxt komandaları çövkən
üzrə Prezident Kuboku
yarışlarına qoşulandan sonra birinciliyi (2013-cü
ildə “Bakı-2” qalib olmuşdu)
əldən vermirlər. 2012-ci ildə kuboka
Ağstafa komandası sahib
olmuşdu.
Mədəniyyət.- 2015.- 25
dekabr.- S. 8.