Zərgər tələbələrin əl işlərindən ibarət sərgi

 

Dekabrın 24-də Bakı İdarəetmə və Texnologiya Kollecində zərgərlik və bəzək əşyaları fakültəsi tələbələrinin əl işlərindən ibarət sərginin açılışı keçirildi. Tədbirdə Təhsil Nazirliyinin Aliorta ixtisas təhsili şöbəsinin müdiri Samir Vəliyev iştirak edirdi.

Tədbiri kollecin direktoru, professor Vilayət İsmayılov açaraq bildirdi ki, ölkə Prezidentinin yürütdüyü siyasət nəticəsində iqtisadi, mədəni və digər sahələrdə olduğu kimi, elm-təhsil sahəsində də uğurlu nailiyyətlər əldə olunur. Tələbələrin ustalıqla hazırladığı bu maraqlı əl işləri onu göstərir ki, kollecdə istedadlı gənclər yetişir.

Kollecin zərgərlik məmulatlarının hazırlanması emalatxanasının müdiri Xatirə Quliyeva qeyd etdi ki, 20 ildir zərgərlik və bəzək əşyaları fakültəsi fəaliyyət göstərir. Tələbələrimizin Gürcüstan, Qazaxıstan, Almaniya, Rusiya, Qırğızıstan və digər respublikalardan xoş sədalarını eşidirik. Bugünkü sərgidə 110 adda zərgərlik məmulatları sərgilənir. Nümayiş olunan əl işləri Qədir Əsgərov, İlham Salehli, Ayşən Cəfərov, Təbriz Əliyev və başqalarına məxsusdur.

Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi Nazim Kazımov, Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin Təhsil şöbəsinin müdiri Natiq Mustafayev və başqaları çıxış edərək tələbələrə gələcək işlərində uğurlar arzuladılar. Sonra sərgiyə baxış oldu.

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 25 dekabr.- S. 8.