“Ədəbiyyat
Paytaxtı”nda Seyid Əzimin 180 illiyi qeyd edilib
2015-ci ilin “Ədəbiyyat Paytaxtı” olan Şamaxıda maarifpərvər şair Seyid Əzim Şirvaninin (1835-1888) anadan
olmasının 180 illiyi qeyd
edilib.
Dekabrın 22-də Şamaxı rayon Mədəniyyət mərkəzində keçirilən tədbirdə əvvəlcə rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərovanın təbriki səslənib.
Yubiley mərasimində çıxış edən filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyev, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev və başqaları şairin həyat və fəaliyyətindən, bədii irsindən ətraflı danışıblar.
Bildirilib ki, Seyid Əzim Şirvani şairliklə yanaşı, məktəbdarlıqla məşğul olub.
1877-ci ildə Şamaxıdakı məktəbdə Azərbaycan dili və şəriət müəllimi kimi fəaliyyət göstərib, “Rəbiül-ətfal” (“Uşaqların baharı”) adlı dərslik yazıb.
Yaradıcılığının çox hissəsini lirik qəzəllər, öyüd, təmsil və didaktik mahiyyət daşıyan mənzum hekayələr, düzlük, mərdlik, məzlumlara kömək kimi nəcib əməlləri əks etdirən şeirlər təşkil edir.
Tədbirdə musiqiçilərin ifasında şairin qəzəllərinə bəstələnən muğamlar oxunub, Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının tələbələrinin ifasında qəzəl və lirik şeirlər səsləndirilib.
Qeyd edək ki, dekabrın 21-də
“Ədəbiyyat paytaxtı” ili çərçivəsində
silsilə tədbirlərdən biri də
Azərbaycanın görkəmli şairi
Əfzələddin Xaqaninin həyat və
yaradıcılığına həsr olunub.
Ədəbi-bədii gecə rayon Mədəniyyət
və Turizm Şöbəsinin və
Şamaxı Dövlət Sənaye İqtisad
Kollecinin birgə təşkilatçılığı
ilə keçirilib.
Mədəniyyət.- 2015.- 25
dekabr.- S. 7.