Teatr fədaisinə ehtiram
gecəsi
Cahangir
Zeynalovun 150 illik yubileyi qeyd olundu
Əsl sənət
kimi əsl sənətkar da
məkan və zaman
anlayışlarını alt-üst edərək
yaşayır, özünün əbədiyyət
məqamında həqiqi dəyərini alır. Bu əbədi səadətin qismət olduğu sənətkarlardan biri
də görkəmli teatr fədaisi, aktyor və pedaqoq Cahangir Zeynalovdur.
Dekabrın 23-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Kaş ki, min canım olaydı, minini də millətimə qurban vermiş olaydım”, - deyən sənətkarın 150 illiyi qeyd olundu. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən təşkil edilən tədbir özlüyündə bir möhtəşəmlik nümayişi idi.
Teatrın salonunu dolduran sənətsevərlər yüzilliyin o tayından bizlərə sənət sevgisi aşılayan sənətkarı alqışlarla mükafatlandırmaq, onun ruhuna ehtiram nümayişi ladında idilər.
Yubiley gecəsinin iştirakçıları öncə teatrın foyesində Dövlət Teatr Muzeyinin arxivində qorunan foto və afişa nümunələri, Cahangir Zeynalova göndərilən məktublar, yaradıcılığının 25 illiyi münasibətilə təşkil olunan benefisin proqramı və digər bu kimi tarixi məqamları əks etdirən nümunələrdən ibarət sərgi ilə tanış oldular.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan teatr tarixinin bir çox dəyərli səhifələrinin Cahangir Zeynalovla bağlı olduğunu dedi. Qeyd olundu ki, Cahangir Zeynalovun qüdrətli sənətkar kimi ifaçısı olduğu bütün rolları öz canlı müşahidələri sayəsində daim yeni cizgilərlə zənginləşdirib. Onun sənət məktəbinin parlaq ənənələri bu gün də davam etdirilir: “O, milli teatrımızın əzəmətli sütunlarındandır. Azərbaycan incəsənətində elə simalar var ki, onların adı milli mədəniyyətimizin salnaməsinə şərəf gətirmişdir. Onlardan biri Azərbaycanın ilk peşəkar aktyoru, ev teatrının yaradıcısı, realist aktyor məktəbinin banisi, aktyor sənətinin nəzəri-estetik prinsiplərini qələmə alan ilk teatrşünas Cahangir Zeynalovdur. O, Azərbaycan peşəkar teatrının tarixində qüdrətli nəsil şəcərəsini də yaradan ilk aktyordur”.
Vurğulandı ki, Cahangir Zeynalov teatr ictimaiyyəti tərəfindən yubileyi təntənəli şəkildə qeyd edilən ilk Azərbaycan aktyorudur. Həmin yubiley tədbiri aktyorun səhnə fəaliyyətinin 25 illiyi münasibətilə “Nicat” cəmiyyəti tərəfindən keçirilib.
Bildirildi ki, görkəmli sənətkar müdrik şəxsiyyəti ilə mənəvi-əxlaqi dəyərlərə yüksək qiymət verib və bugünkü nəsil də onu eyni ehtiramla yad edir. Böyük teatr xadiminin yubileyinin keçirilməsi haqqında ölkə başçısının imzaladığı sərəncam da buna bariz nümunədir.
Cahangir Zeynalov sənətinin qızı Nəsibə Zeynalova və nəvəsi Cahangir Novruzov tərəfindən davam etdirildiyini vurğulayan nazir artıq 130 ildir bu nəslin səhnədə olmasını teatr sənətimizin qazancı kimi dəyərləndirdi.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edərək Azərbaycan teatrının görkəmli simasının əsrlər sonra da unudulmayacağını dedi. Azərbaycanın böyük aktyoru, türk dünyasının sənət qurucularından olan Cahangir Zeynalovun yubiley tədbirində iştirakdan məmnun olduğunu dilə gətirdi. Bildirdi ki, 150 illiyini qeyd etdiyimiz Cahangir Zeynalov Azərbaycanda realist teatr məktəbinin yaradılmasında əvəzsiz xidmətlər göstərmiş, ümumilikdə türk dünyasında professional aktyorluq sənətinin təkrarsız örnəyini yaratmışdır.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov Cahangir Zeynalovun sənət dünyasından və onun Azərbaycan teatr sənətinin inkişafı naminə gördüyü işlərdən söz açdı. Bildirdi ki, görkəmli aktyorun teatr sənətinə gətirdiyi yeniliklər, yaratdığı ənənələr sayəsində milli teatrımız inkişaf mərhələsinə qədəm qoyub: “Azərbaycan teatr sənətinin keçdiyi uzun və çətin yolda Cahangir Zeynalovun vacib, müqəddəs zəhməti olub. O, geniş maddi və mənəvi imkanlarını milli teatrın formalaşması və fəaliyyətinə həsr edib. Müqtədir sənətkar bütün təzyiq və təqiblərə rəğmən teatr, sənət sevgisinə sadiqliyini daim qoruyub. Onun qoyduğu irs və davamçıları Azərbaycan teatrı üçün vacib sənətkarlar yetişdirib. Nə qədər ki Azərbaycan teatrı var, Cahangir Zeynalov da yaşayacaq”.
“Qu quşunun nəğməsi”
Çıxışlardan sonra tamaşa başladı. Belə bir sənətkarı yad etməyin, ona olan ehtiramın ən gözəl nümunəsi elə tamaşa və tamaşaçı alqışıdır. Bu alqışları yubilyara böyük sənətkarın nəsil və sənət davamçısı olan nəvə Cahangir bəxş etdi. “Cahangirdən Cahangirə” layihəsi çərçivəsində Əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovun quruluşunda A.P.Çexovun “Kalxas” əsəri əsasında səhnələşdirilən "Qu quşunun nəğməsi" tamaşası təqdim edildi.
Səhnə əsərində həm də baş rolun ifaçısı olan Cahangir Novruzov istedadlı aktyor Hikmət Rəhimovla birlikdə məşhur sənətkarın həyatını, ruhi sarsıntılarını və teatra fəda etdiyi ömrün sonundakı qaranlığı tam faciəsi ilə nümayiş etdirdi. Əsəri babası Cahangir Zeynalovun, anası Nəsibə xanın Zeynalovanın, yaxın dostu Yaşar Nurinin və dünyasını dəyişmiş bütün sənət adamlarının xatirəsinə ithaf etdiyini deyən Cahangir Novruzov bir aktyorun parlaq səhnələrdən sonrakı ruhi tənhalıq və faciələrini də tamaşaçıya göstərdi.
Beləcə, iki qəhrəman - Svetlovidov (Cahangir Novruzov) və suflyor Nikita İvanoviç (Hikmət Rəhimov) teatrdan, ömrünü səhnəyə həsr edən aktyorun çəkdiyi qəlb ağrılarından, iztirablarından tamaşaçıları ustalıqla halı etdilər.
Sənətə qiymət olmayan yerdə sənətkarın məhvə sürükləndiyi həqiqətini hayqıran sonluq Azərbaycan teatr səhnəsindən keçən müqtədir sənətkarların fotoşəkillər karvanı ilə müşayiət olundu. Tamaşaçıları silkələyən acı həqiqətlər fonunda zaman-zaman alqış payını almış, teatrların səhnələrinə ruhu hopmuş məşhur aktyorlar, rejissorlar, ömrünü teatr adlı məbədə qurban vermiş insanların da ruhu 150 illik yubiley gecəsinə toplaşanların alqışları ilə bir daha şad oldu...
Tamaşaçıya ehtiramla
Sonda səhnəyə çıxan nəvə Cahangir ürək sözlərini yubiley iştirakçıları ilə bölüşdü. Kövrək notlu çıxışında babasının 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayan ölkə başçısına ailələri adından təşəkkür etdi, ümummilli lider Heydər Əliyevin Xalq artisti Nəsibə Zeynalovanın yaradıcılığına diqqətlə yanaşdığını məmnunluqla xatırladı. Bu sərəncamı xalqın sənət fədailərinə, Zeynalovlar ailəsinə ehtiram kimi dəyərləndirdi, yubiley tədbirlərinin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi. Sonda sənətə və sənətkara ehtiram nümayişi göstərən tamaşaçılar qarşısında diz çökərək məhz onların alqış və sevgisi ilə sənət və sənətkarın əbədiyaşarlıq qazandığı həqiqətini etiraf etdi.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2015.- 25
dekabr.- S. 3.