Dünya Xalq
Yaradıcılığı Təşkilatında azərbaycanlı
vitse-prezident
Minarə Quliyeva gənc, istedadlı
soydaşlarımızdandır. Türkiyənin Hacettepe Universitetində türk
xalq bilimi fakültəsində
doktoranturada oxuyur, geyim folklorunu
araşdırır. Bu bacarıqlı
xanım həm də UNESCO-nun nəzdində
fəaliyyət göstərən Dünya
Xalq Yaradıcılığı Təşkilatında
(DXYT) gənclərin tədqiqat və təcrübə
işləri üzrə vitse-prezidentdir.
O, 1985-ci ildə Bakıda anadan olub. Bakı Dövlət
Universitetinin filologiya fakültəsini bitirib.
Tələbəlik illərində
A.M.Şərifzadə adına Mədəniyyət
Mərkəzində çalışıb,
burada fəaliyyət göstərən rəsm
dərnəyində rəssamlıq
bacarığını təkmilləşdirib.
Filologiya
fakültəsini fərqlənmə
diplomu ilə bitirdikdən sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
(ADRA) modelyer-rəssam fakültəsinə
qəbul olunur. Təhsil illərində müxtəlif
sərgilərə qatılır,
yaratdığı geyim
kolleksiyalarını nümayiş
etdirir. Bunların içərisində ən yaddaqalanı ikinci kursda oxuyarkən
Bakıda keçirilən
geyim yarışmasında
“Karnaval gecəsinin qalibi” mükafatına layiq görülməsidir.
Bu uğurdan sonra
o, DXYT-nin ABŞ-da keçirilən gənclərin
I beynəlxalq qurultayına
dəvət alır, orada elmi məruzə
ilə çıxış
edir, həmçinin geyim kolleksiyasını da sərgiləyir.
Türkiyə Minarə xanımın həyatında növbəti
mərhələni təşkil
edir. Bu haqda o, belə
deyir: “ADRA-da təhsilimin son illərində
xaricdə oxumaqla bağlı araşdırma
aparırdım. Məzun olduqdan
bir ay sonra keramika üzrə rəssam, rəfiqəm Ləman Muradova Türkiyəyə imtahana
getmişdi. O, mənə
zəng edib dedi ki, İzmirdə
modelyer-rəssam fakültəsinə
bir nəfər xarici tələbə üçün yer ayrılıb və tezliklə imtahan başlayır. Beləcə
risk edib Bakıdan İzmirə imtahana getdim və münsiflərin seçimi
ilə universitetə qəbul olundum”.
Filologiya
və modelyer-rəssam
ixtisası üzrə
aldığı bilikləri
bir araya gətirmək üçün
türk xalq bilimi ixtisasını seçib: “Ona görə ki, geyim haqqında nəzəri bilgilərin araşdırılması da
mənim üçün
önəmlidir. Doktoranturada türk
xalqlarının geyimini
araşdırarkən Azərbaycan
geyim folklorunun da önəmli sahə olduğunu anladım. Türksoylu millətlərin geyim folklorunun bir-birinə bağlı olduğunu yazılı və şifahi xalq ədəbiyyatında
araşdırdım. Hazırda elmi
axtarışlarımı davam
etdirirəm. Xalqımızın geyim folklorunu araşdırmaq, təsviri
sənətə tətbiq
etmək, bu barədə bilgiləri paylaşmaq böyük önəm daşıyır”.
Soydaşımız Türkiyədə çoxlu
sərgilərə qatılıb. 28 May - Respublika
Günü münasibətilə
İzmirdə keçirilən
konfransda təqdim etdiyi geyim kolleksiyası
yaddaqalan nümayişlərdən
biri olub. Finalda Azərbaycan və Türkiyə bayraqlarından
ibarət geyimin təqdimatı alqışla
qarşılanıb.
Qeyd etdiyimiz
kimi, Minarə xanım UNESCO-nun nəzdindəki
DXYT-də gənclərin
tədqiqat və təcrübə işləri
üzrə vitse-prezidentdir. Bu işi
haqqında belə deyir: “Bu təşkilata gəlməyimin səbəbkarı
ölkəmizi xaricdə
yüksək səviyyədə
təbliğ edən Azərbaycan Kulinariya Assosiasiyasının prezidenti
Tahir Əmiraslanovdur.
2008-ci ildə ABŞ-ın
Yuta ştatında,
2010-cu ildə Çinin
Nanjinq şəhərində,
2012-ci ildə Buryatiyanın
Ulan-Ude şəhərində, 2014-cü ildə Malaziyanın Saravak əyalətində
keçirilən DXYT-nin
qurultaylarında Azərbaycan
heyəti ilə bərabər iştirak etmişəm. 2015-ci ilin avqustunda Braziliyanın Novo Petropolis şəhərində
keçirilən DXYT-nin
IV gənclər qurultayında
vitse-prezident seçildim.
T.Əmiraslanov adıçəkilən təşkilatda Ənənəvi
Qida Komitəsinin sədri kimi uzun illərdir fəaliyyət göstərir.
Biz təşkilatın konfranslarında elmi məruzələr etməklə
yanaşı, milli mətbəximizi, musiqimizi,
rəqslərimizi, geyimlərimizi
və sənət sahələrimizi tanıdırıq”.
Hazırda Minarə xanım və həyat yoldaşı Türkiyədə
doktorantura təhsillərini
davam etdirirlər. Deyir ki, vaxtı gəldiyində bilik və təcrübələrini
ölkəmizdə tətbiq
edəcəklər: “Təhsil
qarşımızdakı hədəfləri
formalaşdırmanın açarıdır
və uğurlu karyera qurmağın yolu da bundan
keçir. Burada ölkəmizi layiqincə
təmsil etməyə
çalışırıq və təhsilimizi bitirdikdən sonra Vətənə dönəcəyik”.
S.Soltanlı
Mədəniyyət.- 2015.- 30
dekabr.- S. 13.