Bilik Fondunun “Fikir şənbəsi” klubunda
“Dərs” filminin nümayişi
Dekabrın 25-də
Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunda
Cəfər Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasında dövlət sifarişi
ilə çəkilmiş “Dərs” filminin
nümayişi oldu.
Fondun “Fikir şənbəsi” klubunun növbəti tədbirində paytaxtın Nərimanov rayonunun 207 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, Fondun müxtəlif ali məktəblərin tələbələrindən ibarət könüllülər qrupu iştirak edirdi.
Tədbiri Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov açaraq film haqqında məlumat verdi. Qeyd etdi ki, ekran əsəri məktəblilərin həyatı, onların yoldaşlıq, dostluq haqqında düşüncələrindən bəhs edir. Film boyu yeniyetmələr arasında münasibət, onların çətin anlarda bir-birinə dayaq durmaları, xətalarından nəticə çıxarmaları məktəblilərə mehribanlıq və humanistlik hislərini aşılayır. Filmdə müasir gənclərin formalaşması, onların daxili dünyası və tərbiyə edilməsi kimi məsələlərə toxunulur. Eyni zamanda müxtəlif xarakterli uşaqlar öz daxili keyfiyyətləri ilə özünü təsdiq etməyə, cəmiyyət arasında özünə yer tapmağa, liderlik xüsusiyyətlərini nümayiş etdirməyə çalışırlar...
Bildirildi ki, Bakı məktəblilərinin çəkildiyi “Dərs” filminin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, prodüseri Müşfiq Hətəmovdur.
Sonra film nümayiş olundu. Nümayişdən sonra yaradıcı qrupla birgə filmin müzakirəsi keçirildi.
“Fikir şənbəsi”nin qonağı olan rejissor Rafiq Əliyev filmə hazırlıq zamanı aktyorların seçimindən və çəkiliş zamanı qarşıya çıxan çətinliklərdən söhbət açdı, məktəblilərin suallarını cavablandırdı.
Savalan Fərəcov
Mədəniyyət.- 2015.- 30
dekabr.- S. 11.