Kino ekranından tarixə düşənlər
Başa çatan il mədəniyyət və incəsənətimizin
digər sahələri kimi, milli kinomuz üçün
əlamətdar oldu. Kino
təqdimatları, yeni film
çəkilişləri, beynəlxalq festivallarda
qazanılan uğurlar 2015-in aktivinə
yazıldı.
2015-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsalı başa çatmış “Ağır illər... Xoş xatirələr”, “Bəstəkar” sənədli filmləri, “Dərs”, “Yarımçıq xatirələr”, “Qatil”, “Qırmızı bağ”, “Xeyirlə Şərin rəqsi” bədii filmləri, “4.1 Şəhər motivləri” və “Motivlər-2” kinoalmanaxları təhvil verildi. “İçərişəhər” bədii filmi üzərində işlər davam edir. Bundan əlavə, il ərzində “Köşk”, “Həddən artıq uyğunluq”, “Üç gün və bir ömür” və “Nar bağı” bədii filmləri istehsala buraxıldı.
“Salnamə” (“Naftalan cövhəri”, “Sübhdən başlanan həyat” və “Yüksəliş”), “Yaddaş” (“Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən III hissə - 15 sənədli film təhvil verilmiş, IV hissə - 15 sənədli film), “Azanfilm” (“Gəlin birgə öyrənək”, “Rənglər” və “Rəqəmlər”, “Əlifba”, İtaliyanın “Torre” şirkəti ilə birlikdə “Bəyaz” cizgi filmi), “Debüt” (“Eliza”, “Bakı gecələri”), “Mozalan”(194 və 195, 196 nömrəli jurnallar), “Dublyaj” (“Bakı-Avropa oyunları 2015”, “Bakı - üç dinin şəhəri” və “İki ürəyin poeması” adlı sənədli filmləri) studiyaları il ərzində bir neçə ekran əsəri təhvil verdilər. O cümlədən, “Yaddaş” sənədli filmlər studiyasında istehsal edilən “Azərbaycan mətbəxi. Dad sonrası dad” adlı film may-oktyabr aylarında İtaliyanın Milan şəhərində “Planeti qidalandıraq. Həyat üçün enerji” mövzusunda keçirilən dünya sərgisinin Azərbaycan pavilyonunda nümayiş etdirildi.
İlin yaddaqalan hadisələrindən biri də “Bakı sübhdən günbatanadək” kino layihəsinin gerçəkləşməsi və 14 azərbaycanlı gənc rejissorun çəkdiyi süjetlərdən ibarət tammetrajlı sənədli filmin təqdimatı oldu.
Ekran əsərlərimiz müxtəlif kinofestivallardan mükafatlarla qayıtdılar. “Nabat” bədii filmi yanvar ayında Hindistanda 13-cü “Pune” beynəlxalq kinofestivalında qazandığı uğurun davamı olaraq Avstriyanın paytaxtı Vyanada “LET’S CEE” film festivalının, Türkiyədə keçirilən Boğaziçi kinofestivalının əsas müsabiqə proqramlarında nümayişlərlə uzun bir festival həyatı yaşadı. “Axınla aşağı”, “Qisas almadan ölmə. Keçmişdən məktublar”, “Yol”, “Çölçü”, “Sonuncu” bədii filmləri, "Lahıc", “Vulkanın nəfəsi” sənədli filmləri, “Köhnə saat” cizgi filmi, “4.1 Şəhər Motivləri” kino almanaxı” da beynəlxalq müsabiqə və festivallarda Azərbaycan kinosunu tanıda bildi.
İlin yaddaqalan layihələrindən biri də noyabr ayında gerçəkləşən “Bizim kino günləri - audiovizual məkanda peşəkarlıq” adlı layihə oldu. Layihə çərçivəsində “Azərbaycanfilm”də çəkilmiş “Nabat”, “Axınla aşağı”, “Yarımçıq xatirələr” və “Dərs” bədii filmləri paytaxtın kinoteatrlarında davamlı olaraq tamaşaçılara nümayiş etdirildi, Nizami Kino Mərkəzində filmlərin təqdimatı ilə bərabər, gənc kinematoqrafçıların, media nümayəndələrinin, kinosevərlərin iştirakı ilə diskussiyalar keçirildi.
May ayında keçirilən 68-ci Kann kinofestivalında növbəti dəfə Azərbaycan pavilyonu təşkil olundu. Prodüserlər, rejissorlar, aktyorlar və digər xarici kino xadimləri ilə birgə layihələrə dair fikir mübadiləsi aparıldı.
Kino sahəsində beynəlxalq əməkdaşlıq da yeni ilmələr qazandı. Rusiya Kinematoqrafçılar İttifaqının sədri, rejissor Nikita Mixalkov bu il iki dəfə Bakıda oldu, azərbaycanlı həmkarları ilə görüşdü, gənc aktyor və rejissorlar üçün ustad dərsi keçdi və Heydər Əliyev Sarayında məşhur kino xadiminin 70 illik yubiley gecəsi keçirildi.
İl ərzində Azərbaycanda Tacikistan, Koreya, Meksika kinosu günləri, Rusiya, Türkiyə filmləri həftəsi, həmçinin Koreya Respublikasında Azərbaycan kinosu günləri keçirildi. Braziliyanın Porto Aleqre şəhərində Azərbaycan bədii filmlərinin nümayişi keçirildi. İlk dəfə bu Cənubi Amerika ölkəsində 1956-cı ilin “O olmasın, bu olsun” filmindən son illərin kinosunadək (“Çölçü”, “Dərvişin qeydləri” və s.) ekran nümunələrimiz portuqal dilində subtitrlərlə tamaşaçılara təqdim edildi.
Lalə Azəri
Mədəniyyət.- 2015.- 30
dekabr.- S. 11.