“Caz
azad musiqi olsa da, özünəməxsus
qanunları var”
“Bizim üstünlüyümüz ondadır ki, muğam kimi sonsuz bir çeşməyə sahibik”
Yekunlaşan il musiqi, sənət
aləmində rəngarəng hadisələrlə yadda qaldı. Əməkdar artist,
pianoçu-cazmen, bəstəkar Emil Əfrasiyab da 2015-ci ili unudulmaz konsert
və qastrol səfərləri ilə başa vurur.
İfaçı il ərzində bir sıra festivallarda
ölkəmizi uğurla təmsil etdi.
ABŞ-ın Boston şəhərindəki
Berkli adına Ali Musiqi Kollecində təhsil alan
Əməkdar artistlə söhbətimizə də bu tədbirlərdən körpü
saldıq.
- Emil bəy, 2015-ci ildə sizi daha çox
Fransada festivallarda gördük...
- Bu il Parisdə
keçirilən “Saint-Germain-des-Pres”
XV Caz Festivalında iştirak etdim. Avropa Azərbaycan Cəmiyyətinin
Fransadakı nümayəndəliyi
bu işdə bizə yaxından köməklik göstərdi.
Konsertdə Fransanın simfonik
orkestri ilə birgə çıxış
etdim, Vaqif Mustafazadənin fortepiano və
orkestr üçün
konsertini səsləndirdim.
Hər bir musiqiçiyə belə şans yaranmır ki, Parisin tanınmış teatr salonlarında çıxış etsin.
Bu mənim üçün
şərəf idi.
Kolmar Caz Festivalına
qatıldım. Konsert yerli
televiziya kanalı
(www.tv7.fr) ilə canlı
yayımlandı. Reims şəhərindəki “Sunnyside” festivallarında da çıxış etdim.
Bundan əlavə,
2015-ci il müxtəlif səpkili konsert proqramları ilə zəngin oldu.
- Bakıda keçirilən
ənənəvi caz festivalında da yeni proqramla çıxış etdiniz...
- Məni növbəti dəfə bu festivala dəvət etdiklərinə görə
Mədəniyyət və
Turizm Nazirliyinə təşəkkürümü bildirirəm. Nazirlik mənim Amerikadan
bura musiqiçilər
gətirməyimə, eyni
zamanda okeanın o tayında Azərbaycan musiqisini təbliğ etməyimə şərait
yaradır. Artıq neçə
müddətdir Amerikada
Azərbaycan musiqisini təbliğ etməyə
çalışıram və
bunu özümə borc bilirəm. Caz festivalı gözəl bir layihədir. Bu festivala dünyanın
müxtəlif yerlərindən
məşhur musiqiçiləri
dəvət etməklə
həm də ölkəmizi tanıdırıq,
onlarda Azərbaycan haqqında təəssürat
yaradırıq. Onlar
bizim musiqi və mədəniyyətlə
tanış olurlar. Builki festival da xoş
xatirələrlə yaddaşlara
həkk olundu. Ötənilki festivalda iştirak
edə bilməmişdim.
Odur ki, bu dəfə
festivala tam yeni proqramla qatıldım.
Görkəmli bəstəkarlarımız Fikrət Əmirovun “Mən səni araram”, Arif Məlikovun
“Çıx yaşıl
düzə” mahnılarını
tam yeni aranjimanda tamaşaçılara təqdim
etdim.
- Cazdan başqa daha hansı janrlara müraciət edirsiniz?
- Əlbəttə ki,
cazla kifayətlənmirəm,
digər janrlara da müraciət edirəm. 2000-2006-cı illərdə
Bakı Musiqi Akademiyasının fortepiano fakültəsində
(professor Fərhad Bədəlbəylinin sinfi)
təhsil almışam.
Janrlarda fərq qoymuram. Hər janrın öz yeri var. Əgər insan istedadlıdırsa, onun üçün musiqidə
janr seçimi ola bilməz.
Klassik musiqi məktəbini öyrənsəm də, caza da eyni
marağı göstərirəm.
- Niyə yaradıcılığınızda
caza daha çox yer ayırdınız?
- Üç yaşım olanda ilk uşaq melodiyasını pianoda ifa etmişəm. Evimizdə həmişə muğam səslənib. Atam həmişə
royal arxasında xalq mahnılarımızı ifa
edərdi. Buna görə də musiqiçi kimi yetişməyimdə valideynlərimin
böyük əməyi
var. İlk vaxtlarda mən mahnıları ifa edərkən özümdən asılı
olmadan improvizasiyalar edirdim. Klassik musiqi çalarkən
anam həmişə məni tənbeh edərdi ki, niyə düz çalmırsan, əlavələr
edirsən. Amma nəyə
icazə yoxdursa, o həmişə insanı
daha çox özünə cəlb edir. Söz verirdilər ki,
məşq bitəndən
sonra istədiyini ifa edərsən. Bütün bu qadağalara görə bu gün valideynlərimə
minnətdaram.
Caz musiqisinə
marağım 13 yaşımdan
başladı. Hotel və
restoranlarda ifaçı
kimi çalışırdım.
Bunlar təcrübə qazanmağıma
imkan yaratdı. 17-18 yaşımdan ciddi şəkildə cazla məşğul olmağa başladım.
Həmişə öyrənirəm. Təkcə bəstəkar deyil, folklor nümunəmizi də cazla sintez
edərkən diqqətli
olmaq lazımdır.
Caz azad musiqi olsa
da, bu azadlığın
da özünəməxsus
qanunları var.
- Bu musiqini ifa edərkən
gözləriniz önündə
hansı rənglər
canlanır?
- Hər mahnını müxtəlif rənglərdə
görmək mümkündür.
Bu zaman və
məkandan, insanın
daxili duyğularından
asılıdır. Bəstəkar
musiqinin ağ
rəngini qara, qaranı ağ və digər rənglərə çevirməyi
bacarmalıdır. Məqsəd isə fikirləri dayandırmamaqdır. O, öz
baxışı ilə
yeni rənglər yarada bilər.
- Dinləyicilərdən mesajlar
alırsınızmı?
- Hər konsertdən sonra çoxlu mesajlar alıram. Hamısını cavablandıra bilməsəm
də, bacardığım
qədər reaksiya verməyə çalışıram.
Bakı Beynəlxalq Caz Festivalından sonra da çoxlu mesajlar aldım. Gənclər yazanda ki,
biz sizi dinləyirik, onlara cavabım bu olur ki,
ilk növbədə klassik
musiqini dinləmək
lazımdır. Özül və
qanunlar oradadır.
Daha sonra isə caza meyl etmək
olar.
- Eşitdiyimizə görə,
Azərbaycanda caz məktəbi açmaq fikriniz var.
- Bəli, belə bir fikrim var. Çünki Azərbaycanın
özünəməxsus caz
məktəbi formalaşıb.
Bizim istedadlı gənclərimiz
çoxdur. Onlar tamam
başqa sahələrdə
çalışsalar da,
yüksək musiqi duyumuna malikdirlər.
Musiqi alətlərində müşayiət
etməyi bacaran, lakin musiqi təhsili
olmayan gənclərimiz
var. Ona görə də düşünürəm
ki, müstəqil olaraq bir caz
məktəbi yaratsaq,
faydalı olar. Bu barədə hələ
sadəcə arzularım
var, heç bir rəsmi müraciət etməmişəm.
- Amerikadan baxanda mədəniyyətimiz, incəsənətimiz
necə görünür?
- Hər bir ölkənin özünəməxsus xüsusiyyətləri, milli-mədəni irsi var. Amerikada dəfələrlə müsabiqələrdə iştirak etmişəm. Bütün konsertlərdə öz musiqimizi təbliğ etməyə çalışmışam. Hər zaman da böyük maraqla qarşılanıb. Çünki bütün dünyada ənənəvi caz musiqisi var və bu musiqi hər bir xalqın özünə xas improvizasiyaları ilə təqdim edilir. Bizim üstünlüyümüz ondadır ki, muğam kimi sonsuz bir çeşməmiz var. Biz muğamı cazla sintez edərkən bu daha böyük maraq doğurur. Amerikadan gələn musiqiçilər böyük sevgi ilə bizim musiqiləri ifa edirlər. Bu, Azərbaycan musiqisinin təntənəsidir.
- Müsabiqə və festivallarda sizi ən çox təəccübləndirən məqam hansı olub?
- Amerikada müsabiqələrin birində I yerə layiq görülmüşdüm. Adım belə təqdim edilmişdi: “Azərbaycan - Emil Azərbaycan”. Bu, tam təsadüf idi. Əlbəttə ki, mənim məqsədim də budur ki, Azərbaycanı tanısınlar. Budur, yenə doğma şəhərdən ayrılıb böyük ruh yüksəkliyi ilə təhsilimi davam etdirmək üçün okeanın o tayına, musiqimizi təbliğ etməyə qayıdıram...
Söhbətləşdi:
Lalə Azəri
Mədəniyyət.- 2015.- 30
dekabr.- S. 10.