Sumqayıt Rəsm Qalereyasında “Ədəbi təsvir”

 

Sumqayıt Dövlət Rəsm Qalereyasında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Ədəbi təsvir” adlı tədbir keçirilib.

Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi, Əli Kərim adına “Poeziyaklubu və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkil etdiyi tədbirdə Bülbül adına uşaq incəsənət məktəbinin rəssamlıq şöbəsinin şagirdlərinin və Nizami Gəncəvi adına kitabxana-klubun rəsm dərnəyi üzvlərinin 28-ə yaxın əl işi nümayiş olunub.

Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova, N.Gəncəvi adına kitabxana-klubun direktoru Zərnigar Babayeva, C.Cabbarlı adına Mədəniyyət evinin direktoru Aygün Qəhrəmanova, şairlər Məmməd Namaz, Ələsgər Həsənli, İbrahim İlyaslı, Rəfiqə Şəms və başqaları çıxış edərək uşaqları təbrik edib, belə tədbirlərin vacibliyini vurğulayıblar. Bildirilib ki, sözlə fırçanın vəhdəti hər zaman böyük əsərlərin ərsəyə gəlməsinə səbəb olub.

Tədbirin sonunda uşaqlara şairlər tərəfindən kitablar hədiyyə edilib, istedadlı uşaqların ifasında şeirlər dinlənilib.

 

Mədəniyyət.- 2015.-  30 dekabr.- 9.