Uşaqların gözü ilə dünyanı qavramaq

 

Məktəbli rəssamın fərdi sərgisi

 

Dekabrın 25-də Muzey Mərkəzinin sərgi qalereyasında məktəbli rəssam Gülarə Hüseynovanın “Qəlbimin rəngləri” adlı fərdi sərgisi açıldı.

Tədbirin aparıcısı, Əməkdar artist Nərgiz Cəlilova sərgidə müəllifin müxtəlif janrlarda çəkdiyi 34 rəsmin nümayiş olunduğunu söylədi.

Tədbirdə çıxış edən Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov bildirdi ki, Gülarə Hüseynovanın yaradıcılığında natürmort janrı və mənzərələr xüsusi yer tutur. Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən “Dünya məktəbi”nin 7-ci sinfində oxuyan rəssamın əl işləri onun daxili aləmini, həyata baxışını əks etdirir. Bu əl işlərində dərin mənalar özünü göstərir.

Xalq rəssamı Arif Hüseynov “Günəbaxanlar”, “Kölgə”, “Şəlalə” əsərlərində balaca rəssamın təbiətin gözəlliyinə özünəməxsus yanaşma tərzinin olduğunu vurğuladı.

Gülarənin ilk rəsm müəllimi Səbinə Kazımova şagirdinin bacarıqlı və gözəl zövqə malik olmasından danışdı.

Gülarə Hüseynova özü isə çıxışında bahar fəslini daha çox sevdiyini, gördüyü təbiət gözəlliklərini rəsmə çevirməkdən xüsusi zövq aldığını bildirdi. Qeyd etdi ki, Azərbaycan Rəssamlıq Akademiyasının tələbəsi olmaq və gələcəkdə gənc istedadlar yetişdirmək üçün bir sənət studiyası açmaq arzusundadır.

Sonra iştirakçılar sərgi ilə yaxından tanış oldular.

 

Lalə

 

Mədəniyyət.- 2015.- 30 dekabr.- S. 8.