ASAN könüllüləri istedadlarını nümayiş etdirdilər

 

Dekabrın 26-da dünya şöhrətli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Rəşid Behbudovun 100 illiyi münasibətilə sənətkarın adını daşıyan Dövlət Mahnı Teatrında konsert proqramı keçirildi. Bu dəfə səhnəyə peşəkar ifaçılar deyil, “ASAN xidmət”in könüllüləri çıxmışdı.

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə gerçəkləşən konsertdə ASAN könüllüləri öz bacarıqlarını nümayiş etdirdilər.

Proqramda könüllülərin ifasında Rəşid Behbudovun repertuarından sevilən mahnılar səsləndirildi. Sənətkarın baş rolu oynadığı “Arşın mal alan” (1945) və “Bəxtiyar” (1955) filmlərindən parçalar səhnəciklər şəklində təqdim olundu.

Tədbirdə həmçinin Rəşid Behbudovun həyat və yaradıcılığı haqqında geniş məlumat verildi. Sənətkarın Azərbaycan incəsənətinə, musiqi sənətinə töhfələrindən, yaradıcılığının səciyyəvi cəhətlərindən geniş söhbət açıldı.

 

Rəsul Şirinov

 

Mədəniyyət.- 2015.- 30 dekabr.- S. 8.