Bu il ölkəmiz
16 turizm sərgisində təmsil olunub
2015-ci il Azərbaycanın turizm sektoru üçün də
çoxsaylı tədbirlər, yeniliklər, müasir
infrastruktur obyektlərinin, istirahət mərkəzlərinin,
hotellərin istifadəyə verilməsi ilə yadda qalıb.
Azərbaycanın turizm potensialının tanıdılması və zəngin mədəni irsinin təbliği məqsədilə müxtəlif ölkələrdə həyata keçirilən işlər bu il də Mədəniyyət və Turizm Nazirliyinin prioritet fəaliyyət istiqaməti olub. Bu sırada beynəlxalq turizm sərgilərində iştirak xüsusi yer tutur.
İl ərzində 16 beynəlxalq turizm sərgisində ölkəmizin milli stendi qurulub. Sərgilərdə nazirliklə yanaşı 20-dən artıq şirkət də iştirak edib. Bundan əlavə, Mədəniyyət və Turizm Nazirliyinin həmtəşkilatçılığı ilə Azərbaycan Konqreslər Bürosu və Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi tərəfindən bir sıra beynəlxalq sərgilərdə də iştirak təmin edilib. Turizm imkanlarımız İstanbul, Berlin, Moskva, Dubay, Madrid, Nyu-York, Tokio, London, Paris və digər şəhərlərdə keçirilən, eləcə də paytaxtımızda təşkil olunan ənənəvi AİTF beynəlxalq turizm sərgisində nümayiş olunub.
Nazirliyin beynəlxalq turizm sərgilərində iştirakı Azərbaycanın dünyada turizm imicinin formalaşmasına və ölkəyə gələn turistlərin statistikasına da təsirini göstərib. Körfəz və Yaxın Şərq ölkələri, Avropa, Cənub-Şərqi Asiya və Şimali Amerika üzrə gələn turist sayı artıb.
Ölkəmizdə fəaliyyət göstərən və gəlmə turizmi üzrə ixtisaslaşmış “Al Travel”, “Billur Tur”, “ENC Tours”, “Geo Travel”, “Gilan Tourism”, “Greenwich Travel Club”, “Improtex Travel”, “Millenium Tourism and Congress”, “Pasha Travel”, “Regea Travel”, “Victory Tour” və “SW Travel” şirkətləri xaricdə keçirilən turizm sərgilərində iştirakda fəallıq göstəriblər. 2013-2015-ci illər ərzində akkreditasiyadan keçmiş şirkətlər tərəfindən verilmiş elektron turist vizalarının təxminən 78 faizi məhz bu şirkətlər tərəfindən həyata keçirilib.
Əvvəlki illərin təcrübəsində
xaricdə keçirilən bir sıra beynəlxalq
sərgilərdə Ermənistan tərəfindən Azərbaycanın
Dağlıq Qarabağ regionu
və digər işğal edilmiş əraziləri ilə bağlı qanunsuz turizm təbliğatı
həyata keçirilib. Belə halların qarşısının
alınması məqsədilə Mədəniyyət və Turizm və Xarici
İşlər nazirliklərinin birgə səyləri nəticəsində
Birləşmiş Millətlərin Ümumdünya
Turizm Təşkilatının İcraiyyə
Şurasının 28-29 may 2015-ci il tarixində Xorvatiyanın Rovin
şəhərində keçirilmiş
100-cü sessiyasında Azərbaycanın təklif etdiyi "Münaqişə zonalarının turizm məkanı kimi və
turizmin qanunsuz məqsədlər
üçün istifadəsinin
qarşısının alınması" adlı qətnamə
qəbul olunub. Bu sənədin
qəbul edilməsi Ermənistan tərəfindən Azərbaycanın
işğal edilmiş
əraziləri ilə bağlı qanunsuz
turizm təbliğinin
qarşısının alınması üçün
mühüm rol
oynayıb. Qətnamə qəbul edildikdən sonra 2015-ci il ərzində
Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin xaricdə fəaliyyət
göstərən səfirliklərinin fəaliyyəti nəticəsində
bu qəbildən heç
bir xoşagəlməz hal
baş verməyib.
Mədəniyyət.- 2015.- 30
dekabr.- S. 6.