Turizm informasiya mərkəzlərinin
fəaliyyəti genişlənir
Respublikamıza müxtəlif ölkələrdən turistlərin cəlb edilməsi, həmçinin turizm marşrutlarının yaradılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakıda və regionlarda Turizm İnformasiya Mərkəzləri (TİM) yaradılıb.
Hazırda ölkə üzrə 12 Turizm İnformasiya Mərkəzi fəaliyyət göstərir. Onların işinin təkmilləşdirilməsi məqsədilə nazirliyin sifarişi əsasında www.azerbaijan.travel portalının daxilində 8 şəhər və bölgə üzrə (Bakı, Şəki, Şəmkir, Gəncə, Quba, Xaçmaz, Zaqatala, Lənkəran) sayt yaradılıb. Qəbələ, İsmayıllı, Qusar və Bərdə üzrə internet səhifələrinin hazırlanması istiqamətində işlər görülür.
Facebook sosial şəbəkəsində hər bir mərkəz üçün səhifələr açılıb. Həmin səhifələrdə bölgənin turizm potensialı haqqında məlumatlar əks olunmaqla yanaşı, turistlərə onları maraqlandıran suallara cavab almaq imkanı verilir.
Eyni zamanda yerli və xarici turistlərin məlumatlandırılması məqsədilə müvafiq layihələr həyata keçirilir. Belə ki, turistlərə aidiyyəti xidmətlərin göstərilməsi ilə bağlı informasiya mərkəzləri həftənin bütün günləri fəaliyyət göstərir, mərkəzlər turistlərin müvafiq mehmanxanalarda yerləşdirilməsini, nəqliyyat xidmətini və yerli bələdçilərlə təmin edir, ekskursiyalar təşkil edir.
TİM-lərin işinin
təkmilləşdirilməsi, daha çox yerli və xarici turistlərə xidmət göstərilməsi
məqsədilə onların əsas ofisi
saxlanılmaqla, şəhərin mərkəzi küçəsində
turizm informasiya köşkünün
quraşdırılması ilə bağlı layihə həyata
keçirilir. İlkin
olaraq Şamaxı və Lənkəranda
yerli icra hakimiyyətləri
ilə razılaşdırılmış şəkildə müvafiq köşkün
yaradılması planlaşdırılır.
Mədəniyyət.- 2015.- 30
dekabr.- S. 6.