“Ölkə
Prezidentinin dəstək, diqqət və qayğısı
bizim üçün ən böyük stimuldur”
Mədəniyyət və Turizm Nazirliyinin 2015-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi
Dekabrın 25-də
Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət
və Turizm Nazirliyi Aparatının işçiləri və
nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin
iştirakı ilə 2015-ci ilin yekunlarına həsr
olunmuş kollegiya iclası keçirildi.
Əvvəlcə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə Prezidentinin müvafiq sərəncamları ilə “Tərəqqi” medalına, “Əməkdar mədəniyyət işçisi” fəxri adına, eləcə də nazirliyin “Fəxri turizm işçisi” döş nişanına layiq görülən şəxslərə təltifləri təqdim etdi. Qeyd olundu ki, Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında xidmətləri olan hər kəsin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.
İclasda geniş məruzə ilə çıxış edən nazir vurğuladı ki, cari ildə Prezident İlham Əliyev tərəfindən mədəniyyət və turizm sahələri ilə bağlı 78 sənəd imzalanıb. Bu, ölkəmizdə mədəniyyət və incəsənət, eləcə də turizm sahəsinə diqqət və qayğının göstəricisidir. Qeyd olundu ki, 2015-ci ildə dövlət başçısı görkəmli mədəniyyət, incəsənət xadimlərinin, yazıçı və şairlərin, tarixi şəxsiyyətlərin yubileyləri haqqında müvafiq sərəncamlar imzalayıb. Həmin sərəncamların icrası ilə bağlı nazirlik tərəfindən digər aidiyyəti qurumlarla birgə silsilə tədbirlər planı hazırlanaraq həyata keçirilib.
Mədəni irsimiz bəşəriyyətin xəzinəsində
Nazir məruzəsində 2015-ci ildə ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən, Azərbaycanın mədəniyyətinin, turizm imkanlarının təbliği istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən, əldə olunan nailiyyətlərdən ətraflı söz açdı.
Bildirildi ki, mədəniyyət abidələrimizin, milli irs nümunələrimizin UNESCO-nun müvafiq siyahılarında yer alması olduqca təqdirəlayiq haldır. Bu, mədəni dəyərlərimizin qlobal miqyasda qəbulu, tanınması baxımından böyük əhəmiyyət daşıyır. Son illər bəşəriyyətin mədəni irs xəzinəsi Azərbaycanın mədəni irs nümunələri ilə zənginləşir. 2015-ci il də Lahıc misgərlik sənətinin UNESCO-nun “Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilməsi ilə yadda qaldı. Azərbaycan muğamına, aşıq sənəti və xalçaçılığına, tar ifaçılığına və digər irs nümunələrinə UNESCO səviyyəsində diqqət ayrılması ölkəmizin bu mötəbər beynəlxalq təşkilatla sıx əlaqələrinin göstəricisidir.
Diqqətə çatdırıldı ki, il ərzində Bakıda mədəniyyətlərarası dialoqa, inteqrasiya və mədəni müxtəlifliyin qorunmasına xidmət edən iki böyük beynəlxalq tədbir - III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, İSESCO Baş Konfransının 12-ci sessiyası və İcraiyyə Şurasının 35-ci iclası keçirilib. 2016-cı ilin 25-27 aprel tarixlərində paytaxtımız BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edəcək.
Turizm sektorunda xidmətin çeşidi artır
Turizm sahəsində görülən işlərdən danışan nazir qeyd etdi ki, bununla bağlı həyata keçirilən siyasət, reallaşan layihələr sektorun inkişafına müsbət təsirini göstərir, xidmətin çeşidini artırır: “Ölkəmiz bu il də beynəlxalq turizm sərgilərində, konfrans və toplantılarda uğurla təmsil olundu. İl ərzində ölkədə reallaşan beynəlxalq mədəni tədbirlər də turizmin inkişafına müəyyən töhfələr verir. Bu baxımdan iyun ayında keçirilən I Avropa Oyunları da dünyanın diqqətini Azərbaycana cəlb edərək ölkəmizin daha geniş miqyasda tanıtımına əlavə zəmin oldu.
Nazir vurğuladı ki, bu il regionda gedən proseslərlə əlaqədar qonşu ölkələrdən Azərbaycana gələn turist sayında azalma müşahidə olunur. Bununla belə, Avropa və ərəb ölkələrindən gələnlərin sayında artımın olması sevindirici haldır.
Əbülfəs Qarayev ölkə
Prezidenti İlham Əliyevin sərəncamı ilə “Mədəniyyət
və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi”
Qapalı Səhmdar Cəmiyyətinin
yaradıldığını diqqətə
çatdırdı. Qeyd etdi ki, bu gün ölkəmizdə həm
yay turizmi, həm qış turizmi, eləcə də
sağlamlıq, mədəni turizm inkişaf
dövrünü yaşayır. Bu günlərdə turizm
xidməti üzrə ixtisaslaşan Travel.ru saytının
“Forbes” ilə birlikdə yanvar ayı üçün tərtib
etdiyi reytinqdə “Şahdağ” Turizm Mərkəzini MDB
ölkələrinin dağ-xizək kurortları üzrə
ilk onluğa daxil etməsi də təsadüfi deyil. Nazir həmçinin
yerli hotellərdə yeni brendin - “Azerbaijan breakfast”in təqdim
olunduğunu bildirdi.
Turizm obyektləri ilə yanaşı xidmət sektoru,
turizm üzrə mütəxəssislərin
hazırlanması və həmin müəssisələrdə
işlə təminat da əsas məqamlardandır. Bu baxımdan
Azərbaycan Turizm və Menecment Universiteti, Mingəçevir
Turizm Kolleci, eləcə də turizm peşə məktəbi
kadr hazırlığında özünü doğruldur.
Musiqimizin
sədası dünyaya yayılır
Nazir bu il də zəngin Azərbaycan musiqisi,
muğamlarımız, aşıq sənətimiz, milli bəstəkarlıq
məktəbi təmsilçilərinin yaratdığı
nümunələrdən ibarət müxtəlif konsert
proqramlarının keçirildiyini xatırlatdı. Bildirdi
ki, bu tədbirlər sırasında Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın təşəbbüsü və
təşkilatçılığı, nazirliyin icrası ilə
Azərbaycan mədəniyyətinin təbliğinə həsr
olunmuş layihələrin, silsilə tədbirlərin
keçirilməsini xüsusi qeyd etmək lazımdır:
“2015-ci ildə Heydər Əliyev Fondunun, Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı
keçirildi. Üzeyir Hacıbəyli adına VII Beynəlxalq
Musiqi Festivalı, Qara Qarayev adına VI Beynəlxalq Müasir
Musiqi Festivalı, VII Qəbələ Musiqi Festivalı və ənənəvi
Bakı Caz Festivalı ilin mühüm tədbirləri kimi incəsənətimizin
təbliğinə, mədəniyyətlərin mübadiləsinə
xidmət etdi”.
Kitab və
kitabxana işi inkişafdadır
Bu ilin
sentyabrında IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının
keçirildiyini, ölkəmizin müxtəlif kitab sərgilərində
uğurla təmsil olunduğunu diqqətə çatdıran
Əbülfəs Qarayev bildirdi ki, bu tədbirlər kitab,
poliqrafiya və kitabxana işinin daim dövlətin diqqət mərkəzində
olduğunu göstərir: “Bakıda Beynəlxalq Kitab Sərgi-Yarmarkasının
keçirilməsi artıq ənənə halını
alıb. Buna görə də
düşünürük ki, bu sərgi-yarmarka ölkəmizin
beynəlxalq aləmdə bu sahədə də nüfuzunun
artmasına xidmət edəcək. Sərgi-yarmarkanı
yeni əlaqələrin qurulması, təcrübə
mübadiləsi baxımından da uğurlu hesab etmək olar.
Kitab işinə verdiyimiz xüsusi önəmi
dünyanın müxtəlif ölkələrində təşkil
olunan kitab sərgilərində iştirakımızla da bir
daha təsdiq edirik”.
Hər il nazirliyin xətti ilə müxtəlif
kitabların nəşr olunduğunu deyən Əbülfəs
Qarayev gələn il uşaq ədəbiyyatının nəşrinə
daha çox üstünlük veriləcəyini dedi.
Nazir Azərbaycanda
kitabxana sahəsində müasir informasiya
texnologiyalarının tətbiqi ilə bağlı görülən
işlərdən də danışdı: “Ölkəmizdə
kitabxana şəbəkəsinin genişləndirilməsi,
inkişafı ilə bağlı müvafiq dövlət
proqramı və layihələr həyata keçirilir. Həmin layihələrdən biri də Mərkəzləşdirilmiş
Elektron Kitabxana-İnformasiya Sisteminin (ALİSA) yaradılmasıdır.
Bu sistem vasitəsilə ölkə
kitabxanaları vahid şəbəkədə birləşdirilib.
Bu da yeni dövrdə kitabxana-informasiya sisteminin
qarşısında duran vəzifələrin öhdəsindən
gəlməyə yönəlmiş bir addımdır”.
Milli
teatrımızın bu günü
Nazir çıxışında teatr sahəsinin
inkişafını səciyyələndirən amillərə
də toxundu.
Vurğulandı ki, ölkə
başçısının bu sahə ilə bağlı
imzaladığı müxtəlif sərəncamlar, həyata
keçirilən müvafiq dövlət proqramı artıq
öz bəhrəsini verir. Teatr
binalarının əsaslı təmir və yenidənqurma
işləri paytaxtla yanaşı, regionlarda da davam edir. Teatrların maddi-texniki bazasının
yaxşılaşdırılması, bu sahənin təmsilçilərinin
fəxri adlar, mükafatlarla təltif olunması sənətə
və sənətkara yüksək diqqətin
nümayişidir. Bu da öz nəticəsini
verir. Beynəlxalq tədbirlərdə
iştirak, qarşılıqlı səfərlər, birgə
layihələr bu sahədə əməkdaşlığa
mühüm zəmin yaradır. Bu gün
Azərbaycan teatrı yeni bir mərhələni
yaşayır. İl ərzində
çoxlu sayda dövlət sifarişi əsasında
tamaşalar səhnələşdirilib, yeni layihələr
reallaşıb.
Kinematoqrafiyada
müasir meyllər
Məruzədə kinematoqrafiya sahəsi, milli kinonun
inkişafı istiqamətində atılan addımlar, kino
istehsalında müasir texniki proseslərin tətbiqi
üçün görülən işlərdən də
söz açıldı. Bu sahədə uğurların əldə
olunduğu, yeni filmlərin premyerasının keçirildiyi və
bu prosesin gələn il də davam etdiriləcəyi
bildirildi: “Kino sahəsində beynəlxalq əməkdaşlıq
çərçivəsində işlər davam etdirilir. Ölkəmizdə də bu qəbildən maraqlı
tədbirlər reallaşıb, kino günləri
keçirilib. Müasir səviyyədə yenidən
qurulmuş Nizami Kino Mərkəzi kinosevərlərin
ixtiyarına verilib, burada bir-birindən maraqlı tədbirlər,
festival və müsabiqələr keçirilir: “Bu gün daha
çox ölkəmizin müasir durumunu, adət-ənənələrini,
milli dəyərlərini, tarixini, mədəniyyətini, insanlarının
daxili aləmini əks etdirən, vətənpərvərliyi
təbliğ edən filmlərin çəkilməsi vacibdir. Uşaq filmlərinin çəkilməsi də
prioritet istiqamətlər sırasına daxildir”.
Muzeylər
yeni tələblər qarşısında
Nazir
ölkədə muzey işi, bu sahədə qarşıda
duran vəzifələr, yeniliklərin tətbiqi barədə
də danışdı: “Xalça Muzeyi, Milli İncəsənət
Muzeyi bu gün ən müasir səviyyədə Azərbaycan
mədəniyyətini, incəsənətini, xalq
yaradıcılığını təbliğ edir. Muzeylərimizin işinin günün müasir tələbləri
səviyyəsinə qaldırılması, təcrübə
mübadilələrinin aparılması üçün beynəlxalq
əməkdaşlıq da uğurla həyata keçirilir.
Bakıda yerləşən bütün muzeylərin
fəaliyyətini gücləndirmək istiqamətində
müəyyən addımlar atılır. Regionlarımızda olan tarix-diyarşünaslıq
muzeyləri, rəsm qalereyaları da təmir edilir, yeni
ekspozisiyaları tərtib olunur. Amma bununla
yanaşı muzey səviyyəsində olmayan və təkcə
adları muzey olan obyektlər də var. Bu nöqsanların
aradan qaldırılmasını sürətləndirmək
lazımdır. Ona görə də muzey rəhbərləri
və əməkdaşları öz üzərilərində
daha çox çalışmalı, yeni tələbləri
hiss edərək işlərini ona uyğun
qurmalıdırlar”.
Regionların
mədəni mənzərəsi
Məruzədə regionlarda keçirilən mədəni-kütləvi
tədbirlərdən də bəhs edildi, mədəniyyət
və turizm layihələrinin paytaxtla məhdudlaşmayıb
ölkənin bölgələrini, ən ucqar kəndlərini
əhatə etməsinin, habelə sırf regionlarla
bağlı layihələrin
reallaşdırılmasının önəmi qeyd olundu. İl ərzində nazirlik
tərəfindən həyata keçirilən layihələrdən
söz açan Əbülfəs Qarayev “Bölgələrdən
paytaxta” layihəsini xüsusi qeyd etdi, layihənin şəhər
və rayonlarımızın mədəni zənginliyi, tarixi
irsi və müasir inkişafının paytaxt sakinlərinə
daha yaxından təqdimatına zəmin
yaratdığını bildirdi. “Paytaxtdan
bölgələrə” adlı yeni layihənin də
regionlarda maraqla qarşılandığını bildirdi.
Mədəniyyət və turizm sahələrində
həyata keçirilən silsilə layihələrin
qarşıdakı ildə də davam etdiriləcəyi
vurğulandı.
Aparılan
islahatlar, elektron xidmətlər, informasiya təminatı
Əbülfəs
Qarayev qeyd etdi ki, nazirliyin strukturunda islahatlar aparılır və
bu proses davam etdiriləcək: “Təxminən bir il öncə
nazirlikdə yeni struktur bölmələri yaradıldı. Bu da nazirliyin işinin daha da təkmilləşdirilməsinə
xidmət edir. Elektron xidmətlərin həyata
keçirilməsində də uğurlu addımlar
atılıb. Bu il nazirliyin qaynar xətti -
147 çağrı mərkəzini tam olaraq istifadəyə
verdik”. Görülən işlərin geniş ictimaiyyətə
çatdırılması məsələsinə toxunan
Əbülfəs Qarayev vurğuladı ki, nazirliyin yenilənmiş
saytı və “facebook” səhifəsi informasiyaların daha
operativ və dəqiq şəkildə yayılmasını təmin
edir. Diqqətə çatdırıldı ki, 2015-ci il ərzində mədəniyyət tədbirləri
ilə bağlı təkcə elektron KİV-də 181 mindən
çox informasiya dərc olunub. Ölkə
telekanallarında mədəniyyət hadisələri geniş
şəkildə nümayiş olunub. Turizmlə
bağlı informasiyalar da böyük rəqəmlərlə
ifadə olunur: “Bu bir tərəfdən mədəniyyət və
turizm nazirliyinin işini təbliğ edir, tədbirlərin
şəffaflığını əks etdirirsə, digər
tərəfdən bunu ölkə KİV-i ilə qurulan əlaqənin,
medianın fəallığının və operativliyinin
göstəricisi hesab etmək olar. Müasir
dövrdə sürətli informasiya mühüm məsələdir.
Bununla bağlı kitabxanalar, muzeylər,
teatrlar, konsert müəssisələri də öz
saytlarını fəallaşdırmalı və keçiriləcək
tədbirlərlə bağlı insanlara vaxtında məlumat
verməlidir”.
Nazir
çıxışında onu da bildirdi ki, müvafiq əmək
müqaviləsinin bitməsinə görə 2016-cı il yanvar ayının 1-dən Azərbaycan
Xalça Muzeyinin direktoru Röya Tağıyeva bu vəzifədən
azad olunacaq. Öz ərizəsinə əsasən
Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Məlahət Fərəcova
işdən azad edilib.
“Qazanılan
uğurlarla yanaşı, qarşıda böyük tələblər
və məqsədlər var”
Əbülfəs
Qarayev bildirdi ki, 2016-cı ildə Mədəniyyət və
Turizm Nazirliyi üçün prioritet məsələlərdən
biri də regionlarla iş olacaq: “Hədəflərimiz bölgələrimizdə
mədəni irsimizin təbliği və onun inkişafına
yönəldiləcək. Buna görə də
Bakıda fəaliyyət göstərən bütün iri mədəniyyət
ocaqları bu istiqamətdə planlar tərtib etməlidirlər.
Vaxtaşırı bölgələrdə dəyirmi masalar,
konsertlər, seminarlar, ustad dərsləri və s. təşkil
olunmalıdır”.
Mədəniyyət
və turizm sahələrində həyata keçirilən
silsilə layihələrin əhəmiyyətindən
danışan nazir bu işin qarşıdakı ildə də
davam etdiriləcəyini vurğuladı: “Biz
düşünürük ki, müasir dövrdə ölkənin
həm mədəniyyət, həm də turizm sahəsində
islahatlara ehtiyacı var. Bu islahatlar yeniləşmə,
müasirləşmə, yeni texnologiyaların tətbiqi ilə
bağlıdır. Qazanılan uğurlarla yanaşı,
qarşımızda böyük tələblər və məqsədlər
də var. Qeyd etdiyim kimi, bu il zəngin,
dolğun bir il oldu. Amma bununla yanaşı
nazirliyin, həmişə olduğu kimi, mövqeyi dəyişmir,
əldə olunan nailiyyətlərlə kifayətlənməyib,
daha böyük uğurlara imza atmaq üçün irəli
getmək. Bu yolda cənab Prezidentimizin mədəniyyət
və turizm sahəsinə verdiyi dəstək, diqqət və
qayğı bizim üçün ən böyük stimuldur”.
Sonda
kollegiyanın üzvlərinin müəyyən qeydləri nəzərə
alınmaqla Mədəniyyət və Turizm Nazirliyinin
2016-cı ilin birinci yarımillik iş planı təsdiq
edildi. Əbülfəs Qarayev növbəti ildə
nəzərdə tutulan işlərin həyata keçirilməsində
hər kəsə uğurlar arzuladı.
Fariz Hüseynov
Mədəniyyət.- 2015.- 30
dekabr.- S. 3.