Qatil təlxəkdən məğlub krala
Qəddarlıq, qana hərislik, özünün
bədbəxtliklərinə görə bütün
insanlığı suçlama fiziki və mənəvi qüsurluluğun
bəlasıdır. Yəni “Mən özümü
özümdən qopara bilmirəmsə, öz içimdə özümdən iyrənəcək
qədər yaramazamsa, qoy
hər kəs mənim içimdə dəfn olunsun”
demək elə də asan deyil.
Amma bunu yaşayan və bu
yaşantıları ilə bütün
insanlığı vahimədə saxlayan diktatorlar, zahiri və batini qara olan
ağ dünyanın qaniçənləri
olub və olacaq.
Ötən həftə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində bu qan saçan qəhrəmanlar çələngini bir daha gördük. Qozbel, eybəcər, ruhunu şeytana təslim edəndən sonra krallığa yüksələn III Riçardın simasında. Səhnədə bəzən Stalin, bəzən Hitler, bəzən Beriya, bəzən də diktator arzulu digər məlum məşhurlar sıralandı. Onları sıralayan isə görkəmli rejissor, fərqli üslublar ustası, Xalq artisti Cənnət Səlimova idi. Böyük ingilis şairi və dramaturqu Uilyam Şekspirin 450 illiyi şərəfinə səhnələşdirilən tamaşa həm də rejissorun özünün 75 illik yubileyinə hədiyyəsi idi.
Şekspirin eyniadlı pyesi əsasında hazırlanan ikihissəli fars tamaşaçını özünə cəlb edə, səhnəyə kökləyə bildi. Maraqlı nüanslarla dolğun tamaşanın səhnə tərtibatçısı Rusiyanın Xalq rəssamı Stanislav Benediktov, xoreoqrafı Rusiyanın Əməkdar incəsənət xadimi Sergey Qritsay, bəstəkarı Firudin Allahverdi idi. Dördlüyün işinin maraqlı alındığını, bir-birini tamamladığını bəri başdan vurğulamaq istərdik.
Əsərdə müəllif faktoru və mövzu aktuallığı var: hakimiyyət, Şekspirin digər əsərlərində də qeyd etdiyi kimi, qanlı oyun, oyunçuları isə sonucda qurbandır. Dövrün gözlənilməz hadisələri, qütbləşən insan münasibətləri və bütün hallarda hərisliyin hər türlü bəlanın başında durması bu faciəni də müasir, canlı tuta bilir.
Tamaşa vicdan hissindən məhrum olunmuş, taxt-taca sahib olmaq üçün doğmalarını belə öldürtməkdən çəkinməyən, cinayətləri ilə ad çıxaran, səhnəyə gah Stalin, gah Beriya, gah Hitler, gah da Don Juan kimi çıxan qozbel və qolu iflic olan III Riçardın əməllərindən bəhs edir.
Əsrlərin ustadının xəcil etdiyi kralı rejissor Cənnət Səlimova əməllicə kompleksləşdirə bilmişdi. Yəni əsrlər əvvəlin rəzil qaniçənini, əslində çoxlarına maraqlı olmayan nə bilim neçənci ingilis kralını sonrakı dövrlərin tiranları ilə sintez edərək canlı, real, yəni əsrə, zamana daşıya bilmişdi. Onu da deyim ki, bu transformasiya uğurla alınmışdı. Bu mənada tamaşa özündə peşəkar rejissor axtarışlarını və Şekspir teatrallığını birləşdirib, kompozisiya halını almışdı.
Janrı qanlı fars kimi müəyyənləşdirilən
tamaşanın qəhrəmanı hakimiyyət yolunda heç kimə
acımır. Nə qadınını, nə anasını, nə
dostlarını ehtiraslarına fəda etməkdən çəkinmir,
hətta özünü belə sevmir. Tac-taxta gedən yolda ona heç
bir varlıq mane ola bilməz.
Bilmədi də. Rejissorun
təqdimatında baş
qəhrəman səhnə
boyu qaniçən təlxəkdən bədbəxt
kraladək - hər halında inandırıcı
ola bildi.
O bu mənada bəzən istədiyinə
çatmaq, özünün
şıltaq və amansız arzularını
realizə etmək üçün hər şeyi qurban verməyə hazır təhlükəli qadına
da bənzəyirdi. Riçard (Əməkdar artist Şövqi
Hüseynov) tənha varlıq, yalquzaqdır.
Özünün komplekslərindən, içini didib-dağıdan
qara arzularından qaça bilməyəcək
qədər də bədbəxt. Diqqət mərkəzində
qalmaqdan ötrü yeganə şeyin diktə və güc, qorxu və qəzəb olduğunu da bildiyi üçün bu silahına sarılıb. Amma canavar
ruhunda qadın ehtiraslılığı da
var. Qardaşı arvadı
Annaya (Əməkdar
artist Gülər Nəbiyeva)
və digər qardaşının qızı
Balaca Yelizavetaya (Roza İbadova) qarşı itaətkarlıq
və razılıq hissində inandırıcı
olmasa da, biganə də deyil. Hər iki hissində
qəddar, hiyləgər
və xudbindir. Amma bütün bunlara rəğmən o, baxımlı,
hərəkətləri izlənilən
qəhrəmandır.
Ümumən bu tipli pyes-monoloqlarda
vahid qəhrəman olur və o, tamaşanın əsas açarı rolunu oynayır. Bu xilaskarlıq
Ş.Hüseynovda mükəmməl
alınmışdı. Çünki o, rejissorun əslində
nə istədiyini özünün oyun sərbəstliyi və bu üslubun tərəf-müqabillərinə müsbət sirayətinə
nail olmuşdu. Oyunçular ondan asılı yox, sadəcə öz oyunlarına cavabdeh, azad ifaçı idilər.
Yəni
III Riçard əsas
qəhrəman olsa da, digər obrazlar onun kölgəsində
itmirdi.
Aktyor aparıcı qüvvə
olmanın səadətində
öz obrazını ustalıqla, məsuliyyətlə,
bir az
da yaradıcı sevinclə, həyəcanla
ifa edir. Dəyişmələrini - prototiplərinin ruh halını sezdiyindən çətinlik
çəkməsə də,
Don Juanlığında daha
səmimi görünür,
daha xoş təsir yaradır. Onu da deyim ki,
məhz bu səhnələr - ehtiraslı
rəqs və plastika, yaradıcı ampluada oyun azadlığı
aktyoru hər anlamda səhnəyə
hakim edə bilmişdi.
Aktyor bunu tamaşanın finalında daha usta və daha
bitkin ifadə edirdi. Belə ki, gözünü
qan tutmuş III Riçard həlledici döyüşdən qabaq
yuxuya gedir. Yuxusunda öz qurbanlarını, qanını tökdürdüyü,
öldürtdüyü adamları
görür. Onlar dörd
bir tərəfdən
onun üstünə gəlir, lənətləyirlər.
Tamaşanın cövhərinin məhz
bu səhnə olduğunu aydın sezən aktyor əsas məqamlarda ifadələri asanlıqla
çatdıra bildi.
Xüsusən finalda məğlub
olan, tək qalan və boş
meydanda ölülərin
arası ilə qaça-qaça at arabası
istəyən, “Taxt-tacımı
bir at üçün
verirəm”, - deyə bağıra-bağıra məhvinə
imza atan kralın fəlakətinə
bütün gücünü
səfərbər etmişdi.
Bu atla bu dünyadan,
günahlarından, özündən
qaçmaq istəyən,
amma nə yazıq ki, törətdiklərindən, özündən
qaça bilməyən,
sonda Tanrı ilə, özü ilə, günahları ilə təkbətək qalan III Riçard uğurlu səhnə finalını yaşadı.
Tarixi xronikadan
ibarət olan tamaşanın yaradıcı
heyəti, əlbəttə
ki, genişdir. “III Riçard”ın
səhnə təcəssümündə
əsas tipajdan heç də geri qalmayan oyun
nümayişi yetəri
qədərdir. Bu anlamda qadınları - Kraliça Yelizaveta (Mehriban Abdullayeva), Ledi Anna (Əməkdar
artist Gülər Nəbiyeva)
oyun üslubları və dramatik məqamların təzahür
imkanları ilə fərqlənirdilər. York
hersoqinyası (Güşvər
Şərifova), eləcə
də ifritə qadın ruhuna sarılmış Marqarita
(Təhminə Məmmədova)
inandırıcı, bütün
fəci elementlərin
oyunda birləşdirilmə
mexanizmində mükəmməl
alınmışdı.
Kişi
rollarının ifaçılarına
gəlincə, hersoq Bekingem (Xalq artisti Ağaxan Salmanlı), eləcə də bitkin və uduzmuş Klarens (Əməkdar artist
Nofəl Vəliyev) səhnədə böyük
planda çıxış
edərək, baş qəhrəmandan heç də asılı olmayan - onun kölgəsində yer almayan, öz dramatizmlərində inandırıcı
bir oyun sərgiləyirlər.
Uels şahzadəsi (Hüseyn Nağıyev), York hersoqu
(Süleyman Abbasov), Riçmond (Elnur Kərimov), Borçer-kardinal
(Əməkdar artist Vahid
Əliyev), Yepiskop (Eyvaz İbrahimov), Rivers (Ədalət Əbdülsəməd),
Qrey-lord (Ramil Məmmədov) və digərləri öz üzərinə düşən
işi icra etdilər. Yəni qatil kralın faciəsinin uğurlu həllinə öz töhfələrini verdilər
və faciəli sonun həqiqətini birgə səsləndirdilər:
bütün qələbələrin
sonunda bir məğlubiyyət gerçəyi
var.
Tamaşa bu notlarla bitdi
və heyət alqışlandı. Sonra səhnədə rejissor və teatrın direktoru, Əməkdar artist Mübariz
Həmidov göründü.
O bütün kollektivi
yeni premyera, tamaşanın quruluşçu
rejissoru, Xalq artisti Cənnət Səlimovanı isə 75 illik yubileyi münasibətilə təbrik
edərək onlara
ASSİTEJ-Azərbaycan Milli
Mərkəzinin və
Gənc Tamaşaçılar
Teatrının diplomlarını
təqdim etdi.
Beləcə, klassik nümunəyə yeni gözlə baxmağı bacaran Cənnət Səlimovanın
“III Riçard”ı da
özünə səhnə
haqqı qazandı.
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2015.- 4
fevral.- S. 13.