Şimşək səslər, ildırım sədalar...

 

Bunların təkrarsız yaradıcısı - ad-soyadı da öz qlobal ladı kimi səslənən Qara Qarayev!

 

Musiqi yaradıcılığındakı qeyri-adi novatorluğu, məlum “Ümumittifaq” dövrünün “periferiya” qısqanclığı kölgəsində belə bəllənən melo-imperatorluğu bir yana, öz dərin bilik və ustad öyrətimliyilə professorluğun, fenomenal-ensiklopedik erudisiyası ilə akademikliyin, təbii-şəcərəvi xarakter keyfiyyətlərilə xarizmatikliyin bənzərsiz nümunə-nümayəndələrindən olan Qara Qarayev. Qışın oğlan çağında - 1918-ci il fevralın 5-də doğulub, odlar yurdu Azərbaycanı dünyaya alovlu sənət məmləkəti kimi də notlandırmış Qara Əbülfəz oğlu Qarayev!..

 

Əgər ümummilli (və zaman keçdikcə ümumbəşəri) zövqlər çalıb getmiş Qara Qarayevin - bütün müsbət epitetlərə layiq bu sənətkarın şəxsiyyət və yaradıcılıq arsenalından hər hansı mənfilik çaları axtarmaq mürəkkəbliyinə də girişəsi bir bəndə tapılarsa, onun yeganə təhqiqat “qəniməti” bu olacaq: adilik! Qara Qarayev nəinki musiqilərində, direktiv-işgüzar münasibətlərində, hətta Tanrının doğal bəndəliyində belə adi deyildi.

...Və deyilənlərə görə, uşaqlıq çağlarında da məhəlli adiliklərdən, nadinclik cızığından çox qırağa çıxan Qara, öz Qara Qarayev, Kara Karaev, Gara Garayev erasında, neçə-neçə doğma və əcnəbi fikir nəhənginin, sahə mütəxəssisinin, professional qələm əhlinin fikirlərini məcmulaşdıraraq desək, Azərbaycanın musiqi sənəti istedadını cəmi əcəm və Yaxın Şərq cızıqlarından büsbütün qırağa - öz bəşəriyyət aləminə çıxardı. Gümanımca, “öz bəşəriyyət aləmi” ifadəsi heç kəsdə təəccüb doğurmaz. O ki qaldı bir az eyforik təsir bağışlayan bu milli eqomun hər hansı bir əcnəbidə doğuracağı qısqanclıq ehtimalına, mən bunu üst bir ştrixlə Bethovenə, Vivaldiyə, Rossiniyə, Şopenə, Motsarta, Çaykovskiyə... də aid etməklə konsensuslaşdıra və “adlarını tam sadalamadığım bu nəhənglər təkcə öz xalqlarının yox, həm də öz bəşəriyyət aləmlərinin fəxrləri, major ovqatlarıdır” deyə, iki-üç ildən bir müraciət etdiyim böyük Qara Qarayevə dair bu qısa (hərçənd qəzetçilik üçün normal) yazının geniş “giriş”indən çıxa bilərəm.

 

Amma yox...

 

Bu ormanın ucu-bucağı yox...

Ha gedirsən, ha gəzirsən - kənarına yetəmmirsən...

Amma, hər halda, bu idillik ormanda - səbəbkarın öz sayəsində - azmaq təhlükəsi də yox. Onun melo-diktəsilə ərz edim ki, bu şedevrləri daha çox hərəkətdə ikən dinləmək gərək. Xüsusən də qaça-qaça. Bu əsərlərdə elə taktlar var ki, qulaqların çəkic-zindanında tanklar marafonunu xatırladır. Amma hərbə-zorbaya, işğal-yağvala yox, xilasa, özünümüdafiəyə tələsən tırtıllara! Bəzən də ucu-bucağı olmayan ormana bənzətdiyim bu fərdi qəlb aləmindən könülləri bülbüllərtək səsləyən, yavruları laylalar kimi bəsləyən səslər sədalanır...

...Bu ormanda nə qədər həzinləşib-gəzinləşsən də, qarşılığını vermək mümkün deyil və... lap imtahanlardakı kimi, - keçək o biri suala.

...Mən hələ tələbə ikən, rus tənqidinin atası Belinskinin rus poeziyasının babası Puşkini “Öz dövrünədək böyük Rusiya çölündə yeganə və əzəmətli palıd” adlandırması fikrinin obraz-məcaziliyinə heyrətlənmiş, faktoloji-müstəqimliyinə isə xeyli təəccüblənmişdim. Sözügedən xalqın ədəbiyyat tarixilə bir balaca tanışlıqdan sonra isə heyrətim qalsa da, təəccübüm bitdi.

Amma bəs özündən öncə nəhəng Üzeyir bəy Hacıbəyli faktı olan Qara Qarayev fenomenallığı? Dahiliyin tək elə bünövrəsini yox, ilkin mərtəbələrini, fasad-interyerini də elə gəncliyindən qoymuş olsa da, yaşadığı nəhənglər əsri içərisində əlahiddə fenomenal era ola bilməyin “iksir”i nəymiş, görəsən?..

 

Yenə yox!

 

Bu dəryadan çıxmaq olmur. Amma bundan beləsini bu təkrarsız sənətkar haqda “köhnə” yazılarımdan bəzi fraqmentləri müəyyən qədər təkrarlamaq etirafı ilə.

Məsələn, “dərya” dedim, təkrar etməyə bilmirəm ki, böyük çaylar, dənizlər, okeanlar yalnız bir xalqa, bir qitəyə mənsub olmadığı kimi, dahilər də - bütün bunların şəriksiz sahibi olan dünyaya məxsusdurlar. Yəni, siyasi-strateji qaliblik atributu olan böyük sular kimi, dahiləri, korifeyləri olmayan millətlərin də dünyaya, bəşər mədəniyyətinə çıxışı yoxdur. Milli çəpərlərə sığışmayıb ölkə sərhədlərini aşıb dünyəviləşən, etnik “ada”larda yaratdıqları mənəvi məhsullar ümumbəşəri qidaya çevrilən bu qəbil fövqəlzadə müsafirlər heç hara səfər etmədən də bütün ölkələrin fövqələbədi səfirlərinə çevrilmiş olmurlarmı?..

... Deyirlər, sovet günlərinin bir günü “bizim kənd”dən Bakıya gəlmiş aydan arı, sudan duru bir qarı nənə(m) insan və maşın basırığına düşüb, ömrü uzunu “manqa başçılığı”na işlətmiş başını necə itirirsə, “Kommunist” küçəsini keçmək üçün yanından ötən bir topa qıza “Ay yeddi gözəl”lər, məni də bu “ildırımlı yollar”dan keçirin”, - deyə şəhərə düşdüyü andan ətrafdan ona “kəndçi” kimi baxanların gözünə “diplomatik” diribaşlıq külü üfürmək istəyib...

 

Bəli...

 

Yuxarıda “baş vurduğum” siyasi-strateji qaliblik göstəricilərindən - su, hava, quru kimi təbii-fiziki çıxışlardan daha uzun, daha uca - gömrüksüz, vergisiz, tufansız (olsa-olsa melodik “ildırımlı”) mənəvi yollar açıb bizimçün Qara Qarayev! O, hələ indiyədək yetərincə təşbeh edə bilmədiyimiz (zənnimcə, bundan belə də heç vaxt heç kəsin layiqincə ifadə edə bilməyəcəyi) xüsusiyyətləri, elementləri ilə öz mükəmməl “avtoportret”ini yaradıb; fırçasız və heç bir konkret ərazi, məkan-zaman ehtiva edə bilməyəsi çərçivəsiz!..

Onun - başqaları tərəfindən fırça və sözlə yaradılmış portretləri də az deyil. Xüsusən, Tahir Salahovun «Bəstəkar Qara Qarayevin portreti»! Amma rəssamlar - görünənləri hamıdan yaxşı görüb, hamıdan yaxşı göstərə bilənlər - adama “gəl-gəl” simfoniyası çalan bu əsər-surəti bizlərə - yəni adi görənlərə böyük orkestrlər səviyyəsində göstərməlidirlər. Bu, əlbəttə, milli bir sifariş, xəlqi bir arzudur. Təəssüf ki (T.Salahov istisna edilməklə), bu ecazkar sifət-surət obrazının ən kamil “ustadı” hələ də öz dövrünün güzgüləri, fotoobyektivləri (və bir qisim kino-tele lentlər) olaraq qalır...

Siz bir onun fotolardakı baxışlarına baxın, kadrlardakı jestlərini xatırlayın. Sakit... sakit... Asta-usta baxıb-düşünün... Şax-şahanə baxış-duruşunda bir vuruş. Geniş və hər iki mənada açıq alnı sanki tale və sənət ekranı. Bətndə vulkanizm, batində isə humanizm saçan gözlər. Bir qulağı həmsöhbətində, o biri - tanımadığı, üzlərini görmədiyi müasir milyonların, gələcək milyardların yeni gözləntilərində; hay-küysüz - «darı dələn» nisbətində. Yenidən xatırlayın. O heç vaxt heç kimə, heç nəyə baxmır; nə adamlara, nə obyektivlərə. Yəni “ağac bar gətirdikcə...” zərb-məsəli. Amma bir fərqlə: başını yox, baxışlarını aşağı dikir. Yəqin belə bir duyğu ilə ki birdən, onsuz da bəlli böyüklüyünü, kadr arxasındakı qlobal populyarlığını “lal ladla qarşısındakılara duyurur” təhlükəsi yarana bilər. Bəs necə, hədsiz populyarlıq, mayak böyüklük bu sayaq “kiçik” xətalardan nəm çəkə bilər...

Və... zaman keçdikcə daha da dahiləşən bu azmanı sağlığında çox “sol”lamış rəhmətliklərin ruhi, hələ də sağların isə nəqd nəzərlərinə: “avtoportret” yaradıcılığı hər rəssamın kiçik bir dövr işidirsə, bu çaplı sənətkarların bütün ömür işləridir...

 

İşə baxın...

 

Onun pəncərə şüşəsi sındırmasını da məqbul hesab etməmək olmur: bir səhər indiki İqtisad Universitetinin yanından ötən Üzeyir bəy görür ki, bir uşaq üçüncü mərtəbədəki taybatay açılı pəncərəyə dalbadal daş atır. Soruşur ki, niyə belə edirsən, dillənmir. Qeyri-adi fəhmə malik Üzeyir bəy uşağın gözlərində nə görürsə, yaxınlaşıb başını sığallayır və bir də soruşur. İçində gələcək dahi gizlənmiş uşaq millətin bu sənət babasının sığalındakı səmimiyyətə güvənib, fikrini bir nəvə sadəlövhlüyü ilə bəyan edir: “...Mən şüşə cingiltilərini çox xoşlayıram, əmi...”

Onun haqqında söyləyəcəyim ikinci xəlqi rəvayət-“portret”in isə şəxsən şahidiyəm. On il əvvəl bir dostumun maşınında Qara Qarayevin “Vals”ını dinləyib təəssüratlarımızı bölüşürdük. Onun 7-8 yaşlı nəvəsi “Ay baba, imkan verin qulaq asaq də!” - deyə bizim müzakirəmizə çılğınlıqla etirazını bildirdi. Sonra bu yaşıdım 60-cı illərlə bağlı bir hekayət söylədi. Dedi ki, indi işğal altındakı rayonumuza yenicə radio qovşağı çəkilmişdi və muğamatdan, aşıq mahnılarından başqa heç nəyi dinləməyə səbri çatmayan nənəm tez-tez gileylənir, simfoniya, ariya (öz təbirincə “arya-zarya”) səslənəndə biz nəvə-nəticələrinə “onun səsini kəsin!” əmri verirdi. Qərəz, bir gün o 105 yaşlı nənə 15-16 yaşlı mənə bir saçaqlı konfet verib dilə tutdu ki, onun adından radioya bir məktub yazım. Yazım ki, o Qara Qarayevləri tez-tez səsləndirsinlər. Ucqar bir kənd ağbirçəyinin müasir musiqi zövqünə məəttəl qalan radio işçilərindən bir qrupu iki-üç həftədən sonra kəndimizə gəldi. Xoş-beş, çay-çörəkdən sonra bunun səbəbini soruşdular. Nənəm nə cavab versə yaxşıdır? Dedi, ay bala, mən bir xəstə qarıyam, başım səs-küy götürmür, o cürənə musiqilər veriləndə isə uşaqlar özləri bağlayır radionu...

Sonra dostum əlavə etdi ki, indi mənim nəvəm, o vaxt nənəmə şərik çıxıb yol verdiyim o gənclik zövqümün “qisasını” alır məndən. Bir kərə də qayıdasan ki, “ay uşaqlıqda nənəsinin adından radioya namə yazan baba, indi də belə bir məktub yaz ki, bu cür musiqiləri tez-tez səsləndirsinlər...

 

Nə qaldı?..

 

Nə dedim, nə yazdım ki, nə də qalmaya?..

Nə bu saya sözlər o ruhi-milli maya səslərə adekvatdı, nə sağlığında aldığı sayagəlməz mükafatlar bu korifey Kəsə...

Məncə, bu xalqa, dünyaya mükafat olanlarımızdan birisinin təltif və mükafatlarını sadalamağa ehtiyac yox. Mənimçün ayrılmış bu səhifədə xeyli yer alası o mükafatlar, təltiflər əvəzinə, bunların da qeyd olunmasını qənimət sayaq ki, musiqisini yazdığı filmlərin hər birində ikinci baş qəhrəman mütləq mənada onun notlarıdır. Baletlərindəki parçaların hər biri həm də müstəqil sənət nümunələridir. Simfonik poemaları - dünyanın bütün könül “nəşriyyat”larında eyni dildə, lakin məhz Azərbaycan imzası ilə səslənib-oxunan bəşəri partitura-romanlar, epoxal epopeyalardır.

...Və yəqin ki, o vaxt dostumun maşınında “Vals” davası edən o uşaq indi ordudadır. Sözsüz ki, o oğlan bu Vətənin tək elə torpağını, maddi varidatını yox, hələ o yaşda ikən o qədər sevdiyi o musiqi də daxil, mənəvi nemətlərini də qoruduğunun fərqindədir və bu ölkənin o “Vals” parçasının da şərəfini, müəllifinin məlum “iyirmi faiz”lik şöhrət kəm-kəsirini də düşməndən azad etmək düşüncələrilə xidmət edir...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2015.- 4 fevral.- S. 11.