Nyu-York sərgisində ölkəmizə
böyük maraq
“Ziyarətçilərin bir çoxu Azərbaycana mütləq gələcəklərini deyirdilər”
Xəbər verdiyimiz kimi, yanvarın
23-dən 25-dək ABŞ-ın Nyu-York
şəhərində keçirilən «New
York Times Travel Show 2015» beynəlxalq
turizm sərgisində Azərbaycanın da turizm imkanları nümayiş etdirilib.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, Turizm şöbəsi Marketinq sektorunun aparıcı məsləhətçisi Günel Aslanova, Planlaşdırma və inkişaf sektorunun məsləhətçisi Cavid Abdullayev, habelə «Spektr travel», «Pasha travel», «SW travel», «Regea travel», «Geo travel», «Turizm.az», «The Tour» şirkətlərinin, «Gallery hotel» və AZAL-ın nümayəndələri iştirak ediblər.
Cavid Abdullayev qəzetimizə açıqlamasında bildirdi ki, sərgidə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 30 kvadratmetrlik sahə götürülmüşdü. Stendimizdə ölkəmizin turizm imkanlarından bəhs edən ingilis dilində 17 adda çap məhsulu nümayiş olunurdu: “Azərbaycanın stendinə çox böyük maraq vardı. Ziyarətçilər mədəniyyətimiz, mətbəximiz, turizm bölgələrimiz, son vaxtlar ölkəmizdə populyarlıq qazanan qış turizm mərkəzləri barədə məlumatları maraqla qarşılayırdılar. Amerikalılar Bakı-Nyu-York birbaşa reysinin açılmasına xüsusi maraq göstərirdilər. Onlara ölkəmizə səfəri asanlaşdıran elektron viza haqqında da məlumat verdik. Söhbətlərdən belə məlum olurdu ki, Azərbaycan haqqında eşidiblər, ölkəmizi tanıyırlar. Bəziləri bizneslə bağlı, bəziləri sadəcə turist kimi ölkəmizə gəldiklərini deyirdilər və onu da bildirirdilər ki, Azərbaycan unikal bir ölkədir. Amma elə ziyarətçilər də vardı ki, ölkəmizlə bağlı məlumatlı deyildilər. Stendimizdə gün ərzində respublikamızın təbiəti, mədəniyyəti, istirahət mərkəzləri, hotellər, tarix-mədəniyyət abidələrimiz, paytaxt Bakı haqqında videoroliklər nümayiş etdirilirdi. Bu, xüsusilə diqqəti cəlb edirdi. Ziyarətçilərin bir çoxu yaxınlaşıb müxtəlif suallar verir və Azərbaycana mütləq gələcəklərini deyirdilər”.
Həmsöhbətim qeyd etdi ki, Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2007, 2013 və 2015-ci illər olmaqla artıq üçüncü dəfədir «New York Times Travel Show» sərgisində iştirak edir. Bu il bu tədbirdə 150 ölkədən 500-ə yaxın şirkət və mehmanxana təmsil olunub: «Amerika kimi böyük ölkədə Azərbaycana marağın olması önəmli hadisədir. Sərgidə iştirak edən turizm şirkətlərinin nümayəndələri müxtəlif işgüzar görüşlər keçirdilər, əməkdaşlıqla bağlı təkliflər aldılar. Bir sözlə, sərgi maraqlı təəssüratlar və Azərbaycanın turizm imkanlarının tanıdılması baxımından qaneedici nəticələrlə yadda qaldı”.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2015.- 4
fevral.- S. 10.